SON XƏBƏRLƏR

İran, Evin həbsxanasında saxlanılan Azərbaycanlı Alimi casusluqda itdi

2021.10.20, 07:36
İran, Evin həbsxanasında saxlanılan Azərbaycanlı Alimi casusluqda itdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda həbs edilən azərbaycanlı lazer mütəxəssisi casusluqda ittiham olunur. Bu barədə İranın “Sazan Elektronics İndustry company” şirkətinin rəhbəri Abbas Eftexari bu gün “Trend”ə telefonla verdiyi açıqlamasında bildirib. “Rəşid Əliyevin həbsinin bizim şirkətlə Bakı Dövlət Universiteti arasında bağlanmış müqavilə ilə heç bir aidiyyatı yoxdur. Onu milli təhlükəsizlik məsələsi ilə bağlı həbs ediblər. Daha açıq desəm, casusluq məsələsinə görə həbs olunub”, – deyə Eftexari qeyd edib. Eftexari Əliyevin kimə casusluq etdiyi və məsələnin mahiyyətindən xəbərsiz olduğunu deyib: “Mənə deyiblər ki, bu adam casusluq edib və ona görə həbs olunub. Hansı ölkəyə casusluq etdiyini deməyiblər”. Eftexari bildirib ki, Əliyev adıçəkilən şirkətdə şirkətlə birgə layihə üzrə çalışırdı və İranın Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşları tərəfindən şirkətdə həbs olunaraq aparılıb. Eftexari Əliyev həbs olunarkən etiraz etdiklərini deyib: “Etiraz etdik. Lakin Daxili İşlər Nazirliyindən və Milli Təhlükəsizlik Nazirliyindən gələn şəxslərə qarşı çox etiraz eləmək olmur”. Əliyevlə görüşə icazə verilməsə də, ona telefonla zəng etmək imkanı yaradıldığını deyən Eftexari iki gun öncə onunla telefonda danışdığını deyib. Eftexari qeyd edib ki, azərbaycanlı alimin hüquqlarını müdafiə etmək üçün şirkət vəkil də tutub, lakin polis vəkilin işə çıxmasına icazə verməyib: “İranın qanunlarına görə, həbs olunmuş şəxs məhkəməyə göndərilməyənədək nə vəkil tutmaq, nə də müdafiəsi ilə bağlı bir iş görmək olar. Əliyevə vəkil tutmuşduq, lakin polisdən dedilər ki, hazırda araşdırma aparılır və məhkəməyə qədər ona vəkil lazım deyil. Yəni hələlik sorğu-sual gedir. İş məhkəməyə göndəriləndən sonra, vəkil tutmalı və müdafiə etməliyik”. Onun sözlərinə görə, Əliyev hazırda Evin həbsxanasında beşinci korpusda saxlanılır. Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun Bioloji sistemlər fizikası laboratoriyasının aparıcı fizik-mühəndisi Əliyev İranın “Sazan Elektronics İndustry company” şirkətinin dəvəti və BDU-nun razılığı əsasında başlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 2006-2008-ci illərdə həmin şirkətdə çalışıb. Alimin Hüquqlarını Müdafiə Komitəsinin məlumatına görə, şirkətin rəhbərliyi azərbaycanlı alimə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif etsə də, bu təklifləri qəbul etməyib və respublikaya qayıdıb. Şirkətin direktoru Eftexarinin təkidli xahişindən sonra Əliyev sonuncu dəfə ötən il oktyabrın 5-də qısa müddətə İrana qayıdıb. Oktyabrın 6-da isə onu viza problemini bəhanə gətirərək həbs ediblər. Əliyev 38 yaşında BDU-da elmi fəaliyyətini müvəqqəti dayandıraraq könüllü hərbi xidmətə gedib. 1999-cu ilədək N saylı xüsusi təyinatlı hissədə rabitə sistemi qurub, xüsusi təyinatlı lazer texnikasının hərbi hissədə sınaqlarının təşkili və keçirilməsində yaxından iştirak edib. Sərhəd Qoşunlarının “Keşikçi gəmisi”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Tədqiqat gəmisi”, “Balıq mühafizə gəmisi”nin əsaslı təmirinə cəlb olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar