SON XƏBƏRLƏR

Ərdoğan növbəti olaraq Azərbaycanı arxayın saldı

2021.10.20, 07:36
Ərdoğan növbəti olaraq Azərbaycanı arxayın saldı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə Baş Naziri Rəcəb Tayyip Ərdoğan xalqa növbəti müraciətində bildirib ki “Biz Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həll edilməsini istəyirik. Prosesin əvvəlindən Azərbaycanın maraqlarını öz maraqlarımızdan ayırmamışıq, hər məqamda Azərbaycanın maraqlarını həssaslıqla müdafiə etmişik”. Ərdoğan bildirib ki, Türkiyənin Ermənistanla münasibətlərin normallaşmasını nəzərdə tutan protokolları imzalamasını “həm Türkiyə, həm də Azərbaycan içində reallıqdan uzaq formada yozanlar, yanlış informasiyalarla iki ölkə arasında münasibətlərin pozulmasına çalışanlar olub”. “Bizim Azərbaycanla heç bir fərqli problemimiz yoxdur, ola da bilməz. Biz Azərbaycanın problemini öz problemimiz kimi görürük”- deyə, baş nazir bildirib. Ərdoğan Azərbaycan Milli Məclisinin bu ilin 14 oktyabrında Türkiyədə onunla görüşən heyət üzvlərinə də parlamentdə səsləndirdiyi fikirlərin arxasında olduğunu söylədiyini deyib. Baş nazir onu da vurğulayıb ki, xarici işlər naziri Əhməd Davutoğlu da Azərbaycana son səfəri zamanı rəsmi Bakını son proseslər barədə məlumatlandırıb: “Bundan sonra isə TBMM-nin xarici əlaqələr komitəsinin üzvləri də Azərbaycana gedərək, bir sıra görüşlər keçirdilər. Bizim Azərbaycanın maraqlarına xələl gətirəcək prosesin içində olmağımız, belə bir şeyə icazə verməyimiz mümkün deyil. Dünyanın bugünkü reallıqlarında bölgəmizdəki problemləri həll etmək, əlaqələri inkişaf etdirmək, hər sahədə münasibətlər qurmaq bütün ölkələrin maraqlarına uyğundur”. Ərdoğan deyib ki, keçən əsrdən qalan problemləri bu yüzillikdə də davam etdirmək reallığı əks etdirmir: “Dünyanın bugünkü reallığı buna icazə vermir. Bu həqiqəti hər kəsin bilməsinə, sülh və barış proseslərini dəstəkləməsinə ehtiyac var”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar