SON XƏBƏRLƏR

İranda girov saxlanılan Azərbaycanlı Alimin həbs hikayəsini burdan oxuyun

2021.10.20, 07:36
İranda girov saxlanılan Azərbaycanlı Alimin həbs hikayəsini burdan oxuyun

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bu kasıb, dəbdəbəsiz alim evində bir il bir aydır ki, heç kim ürəkdən gülə bilmir. Yemək süfrələri sönük, söhbətlərsə çöhrələr kimi qayğılıdır. Ailə üzvlərinin gözü yolda, qulağı səsdədir. Hər telefon zəngi, qapı tıqqıltısı xoş xəbər ümidini yenidən oyadır. Saatlar axşam 8-9-u göstərir. Növbəti “Xəbərlər” buraxılışı... Görəsən indi İranda nələr olub? Yenə qonşu ölkədə edam səhnələri gəlir ekrana. Bu dəqiqələrdə isə ev əhli o dünyanı görüb-qayıdır: “Yoxsa onların arasındadır? Allah, sən saxla...” Bəlkə də bir neçə gün öncəyə qədər ölkədə çox az adam fizik Rəşid Əliyevi tanıyırdı. Onun elmə verdiyi töhfələr, Qarabağ müharibəsindəki fədakarlığı, alim kimi sorağının İrana çatması, nəhayət, elə bu ölkədə müəmmalı həbsi barədə yaxın ətrafı, həmkarları və ailəsinin canfəşanlığı sayəsində təkəm-seyrək mətbuat orqanları məlumatlı idi. Amma elə bu həftənin əvvəlində iyulun 29-da yaradılmış alimin hüquqlarını müdafiə komitəsi onun həbsdən azad edilməsi üçün növbəti dəfə ölkə başçısı İlham Əliyevə müraciət ünvanladı. Mətbuat yazdı, insanlar maraqlandı, xarici ölkə mətbuatı olanları şərh etdi. Hələ ki durum budur... *** Amma hər şey göründüyü qədər də sadə deyil. Bunu alimin evinə baş çəkəndə öyrəndim. Öncə R.Əliyev haqda. Rəşid Əli oğlu Əliyev 1954-cü il yanvarın 30-da Gürcüstanın Bolnisi rayonu, Faxralı kəndində qulluqçu ailəsində doğulub. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib və 35 ildən artıq bu fakültədə işləyib. Baş laborantdan aparıcı mühəndis vəzifəsinə qədər yüksəlib. O, hazırda Bakı Dövlət Universiteti nəzdindəki Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun bioloji sistemlər fizikası laboratoriyasında aparıcı mühəndis vəzifəsində çalışır. BDU-da kvant elektronikası və lazer texnikası üzrə yüksək ixtisaslı mütəxəssis kimi tanınan R.Əliyev bir çox elmi məqalə, ixtira və səmərələşdirici təkliflərin müəllifidir. O, Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda da, AMEA Genetik Ehtiyatlar İnstitutunda və digər institutlarda da mürəkkəb rentgen, lazer və digər optik qurğuların sazlanmasını və işlək vəziyyətdə qalmasını təmin edib. “LAZER” Elmi-Texniki Mərkəzdə hazırlanmış xüsusi təyinatlı lazer texnikası sınaqlarının təşkilində fəal iştirak edən alim BDU-dakı elmi fəaliyyəti ilə yanaşı gəmi təmiri üzrə də əhəmiyyətli işlər görüb. R.Əliyev 1992-ci ilin mayında elmi fəaliyyətini dayandıraraq 38 yaşında orduya yollanıb və 1999-cu ilədək döyüşdüyü hərbi hissədə rabitə rəisi vəzifəsində çalışıb, hərbi hissənin rabitə sistemini yaradaraq kadrlar hazırlayıb. O, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan kapitandır. Ona İranda yaşamaq təklif edilmişdi Dosyedən də göründüyü kimi, zəngin elmi bilik və bacarığa malik alimin hazırda yaşadıqlarında da bu üstünlüklərinin payı var. Bacısı, habelə onun hüquqlarını müdafiə komitəsinin sədr müavini, fizika-riyaziyyat elmləri namizədi Lalə Əliyeva deyir ki, hər şey 2007-ci il yanvarında, Rəşid bəyin İranın Semnan şəhərindəki “SAZAN Electronics İndustrics” şirkəti tərəfindən müqavilə əsasında elmi-tədqiqat işlərinə cəlb olunması ilə başlanıb. Bu şirkətin direktoru prof. Dr.Abbas Eftekhari BDU-nun rektoru Abel Məhərrəmova rəsmi müraciət edərək R.Əliyevin İranda elektronika sahəsində aparılan elmi-tədqiqat işlərində iştirakına icazə verməsini xahiş edib. Alim müqaviləyə əsasən 1 ay İranda işləyəndən sonra Bakıya qayıdıb, yenidən viza müddətini uzadaraq İrana işləməyə gedib: “O, İranda işlədiyi müddətdə artıq şirkətə xeyli gəlir də qazandırmışdı. Bakıda olanda şirkət rəhbərliyi ona dəfələrlə zəng edir və işlərinin dayandığını və Rəşidə ehtiyacları olduğunu bildirirdi”. Lalə xanımın sözlərinə görə, şirkət rəhbərliyi daimi İranda qalıb işləməsini təklif edib. Amma R.Əliyev bu təklifləri rədd edərək Azərbaycana qayıdıb. Sonuncu dəfə verilən maaş müqavilə şərtlərindən az olduğuna görə, o, İrana bir daha qayıtmayacağını söyləyib, şəxsi əşyalarını və kitablarını yığışdıraraq Bakıya dönüb. Sonra ona müəyyən qədər pul göndərib və yenə də təkidlə qısa müddətə İrana dəvət ediblər. “Rəşidin öldü-qaldısından 3 ay xəbərimiz olmadı” Bacısı danışır ki, prof. A.Eftekharinin özünəməxsus təkidli xahişindən sonra Rəşid bəy başladığı işi sona çatdırmaq niyyəti ilə 2008-ci il oktyabrın 6-da yenidən Semnana yola düşüb. Alimin Azərbaycanla, ailəsi ilə əlaqəsi də elə bu səfərdən sonra tamam qırılıb. R.Əliyev İranın təhlükəsizlik xidməti orqanları tərəfindən bu günədək də ona qarşı konkret ittiham irəli sürülmədən məhkəməsiz həbsdə saxlanır. O gündən ailəsinin qara günləri başlayıb. 1 ay sonra şirkət rəhbərliyi alimin evinə zəng edib, onunla maraqlananda yaxınları alimin başında nəsə qəza olmasından şübhələnib. 3 ay boyunca R.Əliyevin sağ və ya ölü olması barədə ailəsinə heç bir xəbər verilməyib. 3 ay sonra isə nəhayət ki, alimə həbsxanadan evinə telefon açmağa icazə verilib. “Ağlaya-ağlaya danışdıq. Bütün ailə üzvlərimiz, bacıları, qardaşları bizdə idi. Onun səsini eşitmək, sağ olduğuna əmin olmaq ən böyük sevincimiz idi”. Bunu da alimin həyat yoldaşı Nazirə xanım söylədi. O, həmin aylarda nələr çəkdiklərini, 13 yaşlı oğlu Elçinlə hər gün dəqiqələri sayıb telefon zəngi gözlədiklərini deyir: “Bir Allah bilir ki, biz hər axşam televizorda İrandan verilən xəbərləri necə acgözlüklə izləyirik. Hər İran adı çəkiləndə ürəyimiz düşür. Deyirik, görəsən, Rəşiddən nə xəbər var”. Alim türmədə bir neçə dəfə aclıq aksiyası keçirib R.Əliyev indi də həftədə bir dəfə ailəsinə telefon açır. Qısa danışıq hal-əhval və səhhət barədə ümumi söhbətdən ibarət olur. Amma ailəsi danışır ki, alim qanunsuz həbsinə etiraz əlaməti olaraq türmədə bir neçə dəfə aclıq aksiyası keçirib. Həm bu, həm də ümumi saxlanma şəraitindən dolayı indi R.Əliyevin səhhətində problemlər var. Alimin böyrəyi ağrıyır və ümumi durumu da qənaətbəxş sayılmır. Oğlu Elçin üçünsə bu bir il bir ay 10 il kimi keçib. Atasını hər dəfə İrana yola salandan sonra səbirsizliklə yolunu gözləyən Elçin indi onu qucaqlamaq üçün məchul bir günü gözləyir. Bibisi Lalə xanım deyir ki, yeniyetmə yaşında olan Elçinin indi ata söhbətinə, qayğısına daha çox ehtiyacı var: “Rəşid sonbeşik övladı Elçinlə həmişə dost kimi rəftar edib, onu da özü kimi milli ruhda böyüdüb. Avqustun 1-də Elçinin 13 yaşı tamam oldu. Uşaq ümid edirdi ki, bəlkə atası onun ad gününə qədər gələr. Qohum-əqrəba yığışıb Elçinə mənəvi dəstək oldu, atasının burada olmadığını ona bir azca unutdurmaq üçün ad günü keçirsə də uşağın gözlərinə baxanda bilinirdi ki, o, sevinə bilmir”. Nəzirə xanım isə 2009-cu ilin Azərbaycanda “Uşaq ili” elan edildiyini xatırlayıb bu ili Elçinin həyatındakı ən ağır illərdən biri adlandırdı: “Bu aylar ərzində o, ata qayğısından məhrum oldu, dərd onu bir andaca böyütdü. Bu il yanvarın 30-da Rəşidin 55 yaşı oldu. Elçin atasının, atası isə Elçinin ad günündə iştirak edə bilmədi. Bu il bütün bayramlar Elçinin gözündə atasız qiymətdən düşdü”. Alimin 84 yaşlı anası Fatma nənə isə bir ana kimi oğlunun heç bir günahı olmadığına inanır və müxtəlif instansiyalara və ömrünün qürub çağında ölkə prezidentinə məktublar ünvanlayaraq oğlunun yolunu intizarla gözləyir. Versiyalar və Azərbaycan XİN rəsmisinin əcaib məntiqi Hələliksə alimin həbsi ilə bağlı ortada xeyli versiya, açıqlama və müəmma var. Onlardan birini Xarici İşlər Nazirliyi (XİN) sözçüsü Elxan Poluxov səsləndirib. O, həbsin səbəbləri barədə məlumatı olmadığını desə də “yəqin ki, səbəbsiz olmayıb, hansısa qanun pozuntusuna yol verib” kimi ilginc açıqlama verib. Öz vətəndaşının taleyinə bir ildir biganə yanaşan hökumət rəsmisinin məsuliyyətdən yayınmaq üçün dediyi bu söz isə alimin ailə üzvlərini də yumşaq desək, təəccübləndirib. Alimin yaxınlarını R.Əliyevin müdafiəsinə qoşulmaqdan çəkinən, bunu da “yəqin günahı olub, günahsız adamı niyə həbs etsinlər ki” deməklə pərdələməyə çalışan bəzi “elm adamları”nın mövqeyi də ağrıdır. Onlar inanır ki, R.Əiyevin yerində həmin adamlar olsaydı, Rəşid bəy bir həmkar və azərbaycanlı kimi onların müdafiəsinə mərdi-mərdanə qoşulardı. İlk gündən səslənən rəsmi versiya isə onun guya viza rejimini pozduğu üçün saxlanmasıdır. Ancaq ailə üzvləri və müdafiə komitəsi bu versiyanı rədd edir. Onların sözlərinə görə, alim İrana rəsmən dəvət edilibsə, onun viza rejimini pozması iddiası absurddur. Azərbaycanla İran arasında anlaşmaya görə, hər iki ölkənin vətəndaşları 90 gün müddətində vizasız rejimdən istifadə edə bilər. Həbsindən sonra alimin ailə üzvləri İrana gedib. R.Əliyevin qardaşı Azad müəllim Azərbaycanın İrandakı səfiri ilə görüşüb, onun taleyinə aydınlıq gətirilməsini istəyib. İran qanunlarına görə, istintaq altında olan şəxslərə ailə üzvləri ilə görüş imkanı verilir. Ancaq səfirliyin müdaxiləsindən sonra da alimin qardaşı ilə görüşünə imkan verilməyib. Bir ildə həm ailə üzvləri, həm də müdafiə komitəsi İran rəsmilərinə 20-dən artıq məktub göndərib. Daha bir versiya isə bu həbsin arxasında Azərbaycandakı iranlı məhbusların alimlə dəyişdirilməsi niyyətinin dayanması ilə bağlıdır. Ölkəmizdə xeyli iranlı məhbusun olmasını nəzərə alanda bu versiya məhbusların dəyişdirilməsi perspektivi üçün də zəmin yaradır. Hər halda bir versiyadır. Amma R.Əliyev özü də konkret hansı bəhanə ilə həbs olunması ilə bağlı yaxınlarına heç nə deməyib. Bunu hər həftə baş tutan qısa telefon danışığı ilə də əlaqələndirmək olar, elə alimin özünün bu barədə məlumatsızlığı kimi də... O, hər dəfə heç bir günahı olmadığını israrla bildirir və Azərbaycan dövlətindən, ictimaiyyətindən kömək gözləyir. R.Əliyevin ailə üzvləri isə mətbuatdan xahiş edir ki, bir alimin taleyi ilə bağlı məsələdə ucuz sensasiya arxasınca qaçıb insanların diqqətini əsas mövzudan yayındırmasın. Bu arada alimin ailəsi və müdafiə komitəsinin sədri İranın Azərbaycandakı səfirliyinin müşaviri Abbas İsgəndəri ilə görüşüb. Ancaq onun hansı cinayətdə suçlu bilinərək həbs edildiyinə aydınlıq gətirmək mümkün olmayıb. Alimin yaxınlarının Azərbaycan rəsmilərinə ünvanladığı məktublara da cavab yoxdur. Azərbaycan Ədliyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə “Azadlıq” radiosuna deyir ki, İran onların da sorğularını cavabsız qoyub: “Ədliyyə Nazirliyi Azərbaycan aliminin həbsi ilə bağlı İrana sorğu göndərib. Ancaq bizə heç bir cavab verilməyib. Məsələ gündəmdədir”. BDU-nun rektoru, deputat Abel Məhərrəmov İran səfirliyinə aprelin 30-da müraciət etsə də ona da heç bir cavab verilməyib. R.Əiyev BDU-nun işçisi olsa da bu elm ocağında onun müdafiəsi ilə bağlı lazımi addımların atılmaması da diqqət çəkir. Biz də öz növbəmizdə dünən universitet rəhbərliyi ilə əlaqə saxlayıb BDU tərəfindən R.Əliyevin müdafiəsi ilə bağlı görülən işlərlə maraqlanmaq istədik. Amma rəhbərlikdən heç kimlə əlaqə yarada bilmədik. Katibələr bir qayda olaraq onların yubiley tədbirləri ilə məşğul olduğunu dedi. Alimi xaricdə müəmmalı səbəbdən həbsdə saxlanan ali məktəbin yubiley təntənəsi isə sadəcə düşündürür. ...və son durum “Azərbaycan XİN-ə hələlik məlum deyil ki, İranda bir ildir həbsdə saxlanılan azərbaycanlı alimin rəsmi ittihamı nədir”. Nazirliyin sözçüsü E.Poluxov “Azadlıq” radiosuna deyib ki, Azərbaycan bununla bağlı İrana dəfələrlə nota göndərib, amma İrandan heç bir cavab gəlməyib. Onun sözlərinə görə, ittihamın nədən ibarət olması hələ dəqiq deyil, çünki İran rəsmi notalara cavab vermir: “Azərbaycanın İrandakı konsulu bir neçə dəfə Rəşid Əliyevlə görüşüb. O, saxlanma şəraitindən narazı deyil. Konsul alimlə ailəsi arasında bir neçə dəfə telefon əlaqəsi də yaradıb”. Alimlə konsulun görüşünün nə vaxt keçirilməsinə gəlincə E.Poluxov bu haqda detallı məlumatının olmadığını bildirir. O, deyir ki, Azərbaycan alimin məhkəməsinin nə vaxta təyin olunduğunu da bilmir. İranın Azərbaycandakı səfirliyindən “Azadlıq” radiosuna deyiblər ki, məsələ araşdırılır, bu haqda hələlik mətbuata deyiləcək yeni sözləri yoxdur.Sevinc TELMANQIZI.musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar