SON XƏBƏRLƏR

Ərdoğanın İran səfərinin pərdəarxası məqamları haqqında MÜSAHİBƏ

2021.10.20, 07:36
Ərdoğanın İran səfərinin pərdəarxası məqamları haqqında MÜSAHİBƏ

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, siyasi analitik Natiq Mirinin ANS-ə verdiyi müsahibəni olduğu kimi təqdim edir. -Türkiyənin baş nazirinin İrana səfəri Qərbdə birmənalı qarşılanmadı. Bu səfərin nəticələrindən narahat olanlar da oldu. Sizcə, bu, nə ilə bağlıdır? ABŞ-la Avropa Birliyi arasında qeyri-rəsmi də olsa, Türkiyəni çərçivədə saxlamaq, müsəlman ölkələri ilə daha sıx əlaqələrinə imkan verməmək barədə bir anlaşma var. Ancaq tərəflərin hərbi, siyasi, iqtisadi maraqları və Avrasiyaya nəzarət etmək uğrunda son illər müttəfiqlikdən daha çox rəqibə çevrilmələri bu planın tam olaraq həyata keçirilməsinə imkan verməyib. Onillərdir ki, Avropa Birliyi Türkiyəni ittifaqa almamaq üçün müxtəlif bəhanələr uydurur. Bununla Türkiyəni uzun müddət nəzarətdə saxlayacaqlarını düşünürdülər. Ancaq Buş dönəmindən sonra ABŞ-ın yeni prezidenti Obama sələfindən fərqli siyasət xətti götürdü və Türkiyəyə model müttəfiqlik təklif etdi. Türkiyə də bunun üçün lazım olanları yerinə yetirir. Bu mənada Türkiyənin getdikcə güclənərək müstəqil siyasət yeritməyə başlaması da bu məsələdə xüsusi rol oynayıb. Yəni yeni böyük oyunun içərisində öz oyununu oynamaqla müttəfiqlərini getdikcə daha çox təəccübləndirməkdədir. Türkiyə dünyaya sülh, ədalət gətirmək üçün birləşdirici faktor olmağı boynuna götürüb. Bunun üçün bütün dövlətlərlə iqtisadi inteqrasiya xəttini tutub. Bu istiqamətdə Türkiyənin əzəli rəqibi Rusiya ilə strateji sahələrdə əməkdaşlığa getməsi bunun göstəricisidir. Bu prosesin getdikcə daha da dərinləşəcəyi planlaşdırılır. Bundan başqa, İraqda hərbi-siyasi cəhətdən oturuşa bilməyən ABŞ o bölgənin nəzarətini Türkiyəyə həvalə etmək məcburiyyətində qaldı. Türkiyə də bölgədə sülhü saxlamaq üçün həmsərhəd ölkələrlə münasibətləri istiləşdirməyə başladı. “Qonşularla sıfır problem” adı altında yeridilən bu siyasət, əslində müsəlman ölkələrilə strateji əməkdaşlığa qədər inkişaf etdi və etməkdə davam edəcək. Suriya, İraq, Pakistan və indi də İranla bağlı baş verən proseslər buna misaldır. Artıq bu ölkələrlə viza rejiminin aradan qaldırılması ilə bağlı anlaşma da mövcuddur. Türkiyə region gücü olaraq əvvəlcə ətrafındakı problemləri həll edərək strateji əlaqələri tam bərqərar edəndən sonra dairəni daha geniş açaraq qonşuların bir-birilə problemlərini həll etmək istiqamətində fəaliyyəti boyuna götürüb, bunun fonunda əlaqələri strateji səviyyəyə qaldırmaqla bir dünya gücü olmağı hədəfləyib. Bütün bunların fonunda Türkiyənin münasibətləri tənzimlədiyi coğrafi xəritəyə baxsanız, burada tədricən bir “müsəlman qövsü”nün yarandığını müşahidə edəcəksiniz. Bunu regionda anlaşmış xristian dünyası güclərini kompensasiya kimi dəyərləndirə də bilərsiniz. ABŞ başda olmaqla, Qərbi narahat edən də budur. -Ərdoğanın İrana səfərini ABŞ-la İran arasında vasitəçilik missiyası ilə bağlayanlar da var. İran İslam inqilabından sonra bu ölkəyə Türkiyə rəsmilərinin bu miqyasda heyətlə getməsi ilk dəfədir. Bu faktın özü göstərir ki, Türkiyənin hədəfi missiyaçılıqdan çox-çox böyükdür. Digər tərəfdən, ABŞ hələ Buş dönəmindən bəri İrana qarşı qlobal səviyyədə təcrid planını həyata keçirir. İndi isə Rusiyanı da yanına çəkməklə bu çevrəni bir az daraltdılar. Türkiyənin isə İranla bütün sahələrdə strateji yöndə əməkdaşlığa getməsi bu təcrid divarını aşması anlamına gəlir. Bu bir dünyaya meydan oxumaq kimi cəsarətli addım kimi dəyərləndirilməlidir. Bu da ABŞ-ın maraqları xaricində baş verən hadisədir. Ərdoğanın İrana səfəri bölgə ölkələrinə “açıq qapı buraxma” siyasətinə uyğun olaraq yerinə yetirilir. Türkiyənin indiki addımı xeyli risqlər daşısa da, geosiyasətin və qüvvələr nisbətinin dəyişdiyi bir zamanda strateji baxımdan çöx böyük önəm daşıyır. Bir yandan Türkiyə Yaxın Şərqə müdaxilə etməmək üçün uzun müddət təhdid xarakteri daşıyan erməni-kürd problemini həll etməyə çalışır, digər yandan isə əhatə dairəsini böyüdür. -Bu tarixi səfərin İran və Türkiyə üçün hansı üstünlükləri var? Əvvəla, İran Türkiyə üzərindən iqtisadi körpü qazanmış oldu. Bu da “dünyadan təcrid” planının işləməyəcəyinə bir işarədir. İkincisi, İsrail tərəfindən bütün nüvə təsisatlarının hava hücumu ilə vurulması təhlükəsindən sovuşdu. Üçüncüsü, bundan sonra dünya gücləri ilə danışıqlarda manevr imkanları qazandı. Bütün bunlar İranı xeyli rahatlatdı. İranın “altıların” nüvə yanacağının ölkədən kənarda zənginləşdirilməsi təklifinə razı olmasında da Türkiyənin rolunun olması qənaətindəyəm. Bu mənada Türkiyənin ABŞ-la İran arasında ən yaxşı vasitəçi olması həqiqəti də ortaya çıxır. Yəni Türkiyə bir çox məsələlərdə artıq vazkeçilməz ölkə halına gəlir. Türkiyə bölgə problemlərinin region ölkələri vasitəsilə çözülməsinin tərəfdarıdır. Bu da o deməkdir ki, kənar güclərin regiona müdaxiləsi istənilmir. Bu isə Türkiyənin bütün problemlərin həllinə sahib çıxmaqla digər güclərə bundan sonra onunla hesablaşmaq məcburiyyətində olacaqlarına işarədir. -Türkiyə İranla qaz anlaşması imzalayıb. Bunun Azərbaycana və gələcəkdə “Nabukko”nun reallaşmasına zərəri olmayacaq ki? Türkiyənin TPAO şirkəti ilə İranın milli şirkəti arasında Güney Pars vilayətində qaz çıxarılması ilə bağlı anlaşma imzalanıb. Hər iki şirkətin ortaq iştirakı ilə üçüncü bir şirkət yaradılacaq ki, bütün işləri də bu qurum həyata keçirəcək. Çıxarılacaq qazın 50 %-nin Türkiyəyə verilməsi nəzərdə tutulur ki, bunun müqabilində də öz ehtiyacları xaricində qalan qazın Avropaya satılması planlaşdırılır. Bundan başqa Türkmənistandan gələn qazın İran üzərindən Türkiyəyə ötürülməsi də nəzərdə tutulur. Çıxarılacaq qazın bir hissəsi isə gələcəkdə Nabukko üçün resurs bazası ola bilər. Ümumilikdə, buradan ildə 35 milyard kub. metr qaz nəql olunması nəzərdə tutulur. İran, Azərbaycan və Rusiya ilə enerji yönündə anlaşmalar Türkiyəni regionda və dünyada ciddi bir enerji oyunçusuna çevirəcək ki, bu da onun iqtisadi və siyasi təsir imkanlarını artıracaq. Bu anlaşma Azərbaycanın əleyhinə yönəlməyib və Türkiyənin dövlət maraqları çərçivəsində baş verir. Digər tərəfdən, Azərbaycanın Nabukko kimi qaz layihələrini reallaşdırmaq üçün Türkiyə ilə anlaşmamaqda elə bir ciddi səbəbi yoxdur. Bu məsələdə Türkiyə ilə anlaşmaq Azərbaycanın bütün mənalarda maraqlarına uyğundur. Bunun Nabukkoya alternativ olduğunu da düşünmürəm. “Cənub axını” layihəsinin çox böyük maliyyəyə nail olacağını nəzərə alsaq, bu layihənin iqtisadidən çox siyasi bir plan olduğu anlaşılır və reallaşma imkanlarının o qədər də böyük olmadığı görünür. Əgər “Cənub axını” layihəsi reallaşmazsa, bu anlaşmanın daha çox Rusiyanın maraqlarına uyğun olmadığı qənaəti yaranır. Çünki İrandan və Nabukko vasitəsilə gedən qazın Avropaya satılması nəzərdə tutulur. Bu isə Avropanın Rusiyadan enerji asılılığını azaltmış olur. -İranla bu səviyyədə yaxınlaşma Türkiyənin Qərblə arasını açmaz ki? Təbii ki, bu, Türkiyə ilə Qərb arasında gərginliyin artmasına səbəb olacaq. Türkiyənin Qərbin yanından müsəlman dünyasına tərəf dönməsi onlar üçün arzuolunmaz bir haldır. Çünki bu halda Türkiyənin müsəlman dünyasının lideri statusunda güclənmiş bir müstəqil güc halına gəlmək ehtimalı var ki, bu da Qərbin maraqlarına qətiyyən uyğun deyil. Bundan başqa, İran Rusiya və Çinlə anlaşdığı kimi, Türkiyə ilə də xarici ticarətdə hesablaşma türk lirəsi və İran rialı ilə aparılacaq. İrandan sonra bu anlaşmanın Rusiya ilə də həyata keçirilməsi Türkiyə iqtisadiyyatının dollar və avrodan asılılığını aradan qaldıracaq ki, bu da türk iqtisadi sisteminə xeyli fayda verəcək. Həmin ölkələrlə ticarət həcmini artırmağa imkan verəcək. Bunun müqabilində Türkiyə idxalat və ixracat zamanı valyutanın eniş və qalxışından zərər görməyəcək. Bu ölkələrdən Türkiyəyə investisiya axını güclənəcək. Bu da dollar kimi, avronun da dövrə xarici elan olunması anlamına gəlir. Bundan başqa, qaz çıxarılması ilə bağlı anlaşma üçün 4 milyard dollar maliyyə lazımdır ki, burada da bəzi çətinliklər var. Belə ki, ABŞ İrana 20 milyon dollardan artıq sərmayə qoyan bütün şirkətlərə embarqo qoyulacağını elan edib. Bütün bunlarla bağlı bəzi sıxıntıların, narahatlıqların ola biləcəyi istisna deyil. İsraillə onsuz da gərgin olan münasibətlərə bir az daha soyuqluq gələcəyi gözləniləndir. Çünki ABŞ-ın Avrasiyada birmənalı bərqərar olması üçün Türkiyəyə ehtiyacı var. Türkiyəsiz Balkanlardan tutmuş Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqi nəzarətə almaq qeyri-mümkündür. Türkiyəyə bəzi haqların tanınması da buna bağlıdır. Hesab edirəm ki, Türkiyənin baş naziri İran da daxil müsəlman ölkələri turnesindən əli güclənərək ABŞ səfərinə gedəcək ki, bu da ona danışıqlarda daha rahat olmaq imkanı verəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar