SON XƏBƏRLƏR

İran Xəzər dənizinin hüquqi statusu məsələsində diqqəti yayındırır

2021.10.20, 07:36
İran Xəzər dənizinin hüquqi statusu məsələsində diqqəti yayındırır

Gunaz.tv
Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi uzun illərdir, sahilyanı dövlətlərin (Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya, İran) üstündə baş sındırdıqları bir problemə çevrilib. Amma SSRİ-nin dağıldığı ilk dönəmdən aktuallıq qazanmış bu məsələnin yaxın perspektivdə birdəfəlik həll olunacağını əminliklə söyləmək imkan xaricindədir. Müzakirələrə baxmayaraq, Xəzərətrafı dövlətlər dənizlə bağlı maraqlaranı uzlaşdırmaqda çətinlik çəkirlər. Mövqelərin toqquşmasına gətirib çıxaran səbəblər isə tamam ayrı yazının mövzusudur. Xəzərin hüquqi statusunun qeyri-müəyyən qaldığı bir dönəmdə İranın xarici işlər naziri Mənuçöhr Möttəki Tehranda keçirilən beynəlxalq tədbirdə sahilyanı dövlətlərin Xəzərin hüquqi statusu çərçivəsində Bakıda keçirilmiş görüşdə bir sıra mühüm istiqamətlər üzrə razılığa gəldiklərini açıqlayıb: "Dövlətlər arasında Xəzərin hərbsizləşdirilməsi və təhlükəsizliyi ilə bağlı razılaşmalar mövcuddur. Xəzərdə xarici gəmilərin üzməməsi və Trans-Xəzər enerji nəqlinin olmamasına dair də razılıq var". Göründüyü kimi, iranlı nazirin dediklərinə inanmalı olsaq, həmin razılaşmalar olduqca mühüm məsələləri əhatə edir. Yəni deyilən razılaşmaya həqiqətən də, nail olunubsa, bu, Qərbin Xəzər regionunda enerji və digər maraqlarının böyük zərbə altına düşməsi anlamına gəlir. Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev İran xarici işlər nazirinin məlum açıqlamasını dövlət maraqlarından irəli gələn manevr kimi qiymətləndirir və bunun ciddiyə alınmasına ehtiyac olmadığını düşünür: "Hazırda yerləşdiyimiz regionda müəyyən proseslər getməkdədir və onlar barəsində geniş danışmaq istəməzdim. Amma bir çox təhlilçilər, eləcə də, siyasətçilər baş verənlərdə geopolitik dəyişikliklərin az və ya çox dərəcədə işartılarını görməyə çalışırlar. Buna normal baxmaq lazımdır. Amma məsələlərə dərindən baxıb analiz apardıqda açıq görürük ki, hər hansı ciddi dəyişikliklərdən danışmaq üçün yetərli əsaslar yoxdur. O cümlədən, Xəzərin statusunun müəyyənləşməsi məsələsində də dövlətlər arasında bu məzmunda razılaşmaların olduğu inandırıcı deyil. Bu fikirlərim həmin açıqlamanın sadəcə, təkzib olunması məqsədilə söylənilmir. Nəzərə almaq lazımdır ki, istənilən təklifin səsləndirilməsi və bir qədər də irəli getsək, qəbulu üçün real zəmin olmalıdır. İndiki şəraitdə də belə bir zəminin mövcudluğunu təsdiqləmək, reallığın əksinə getmək demək olardı. Ona görə də, bir daha deyirəm ki, sahilyanı dövlətlər arasında konkret olaraq, vurğuladığınız məsələlərin razılaşdırılması mümkün görünmür. Onda sual yaranır ki, belə bir məsələnin ortaya çıxması real deyilsə, o zaman məlum fikirlərin səsləndirilməsi nədən irəli gəlir? Təbii ki, bu, siyasətdir və onun da daxilində geniş manevr imkanları saxlanılır. Sizə bir misal çəkmək istərdim. Gördünüz ki, Birləşmiş Ştatların Avropada raketdən müdafiə sistemləri yerləşdirməsi məsələsi həll olunduğu bir dönəmdə Amerika bu plandan imtina etdi. Amma yenə vurğulamalıyıq ki, ABŞ-ın bu imtina qərarı heç də çoxlarının təsəvvür etdiyi kimi, dar çərçivədə anlaşılmamalıdır. Yəni o qərarın özü də hansısa başqa və daha ciddi planların nəzərə alınması şərtilə qəbul oluna bilərdi. Qısa desək, sualınızın əsas hissəsi olan açıqlamanı da konkret bir dövlətin yaranmış situasiyada özünün manevr imkanlarından istifadə cəhdi olaraq, dəyərləndirmək mümkündür. Məsələyə ümumi şəkildə yanaşdıqda isə, fikrimcə, belə açıqlamalara ciddi əhəmiyyət verilməməlidir".Rahid Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar