SON XƏBƏRLƏR

İran üçün faktiki olaraq iki yol var: ya təcrid olmaq, ya da dünyadakı proseslərə qoşulmaq

2021.10.20, 07:36
İran üçün faktiki olaraq iki yol var: ya təcrid olmaq, ya da dünyadakı proseslərə qoşulmaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran rəsmilərinin Azərbaycanla viza rejiminin aradan qaldırılması təklifi regionda sürətlə dəyişən geosiyasi vəziyyətlə bağlıdır. Bu dəyişkənliyin nəticəsində əski güc mərkəzlərinin yenidən şəkillənməsi prosesi gedir. Əgər əvvəl regionda bir-birini konkret maraqlar çərçivəsində tamamlayan Rusiya-İran-Ermənistan “üçbucağı” mövcud idisə, indi perspektiv güc təmərküzləşməsi başqa yöndə gedir. Bu yöndə ABŞ qlobal təhlükəsizlik planı çərçivəsində birgə fəaliyyətlə bağlı Rusiyanı yanına çəkməyi bacardı. ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Rusiya ilə bağlı söylədiyi son fikirlərdən aydın olur ki, iki ölkə dünyanın bütün regionlarında ortaq mövqedən çıxış etmək kursuna çox yaxınlaşıb. Elə bu bağlılıqda Rusiya ilə Türkiyə arasında strateji tərəfdaşlığın daha da genişləndirilməsi ilə bağlı yayılan məlumatlar təsadüfi görünmür. Bu məlumatları ümumiləşdirsək, geosiyasi mənzrəsi yeniləşməkdə olan Cənubi Qafqazda ABŞ, Rusiya, Avropa və Türkiyənin ortaq mövqeyə gəlməkdə olduğunu deyə bilərik. Digər tərəfdən, həmin planın tərkib hissəsi kimi Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi ilə Ermənistanın həm Rusiya, həm də İran üçün statusu dəyişməyə başlayıb. Belə olduğu təqdirdə əski müttəfiqlərin İran üçün anlamı da dəyişməkdədir. Buna görə də İranın yeni münasibətlər sistemi üzərində işlədiyi sezilir. Yəni, İran üçün faktiki olaraq iki yol qalır: ya təcrid olmaq, ya da bu proseslərə qoşulmaq. Bundan başqa, ABŞ İranı nüvə proqramı ilə bağlı dünya güclərinin qoyduqları şərtlərlə razı olmadığı təqdirdə onu cəzalandırmaq və ətrafındakı dairəni sanksiyalar baxımından qapatmaq istəyir. Bu dairənin qapanmasına yeganə əngəl olan ölkə Türkiyədir. Türkiyə BMT tribunasından da bunu açıqca elan etdi və İrana dostların çox da uzaqda olmadığına işarə etdi. Hazırda İranla Türkiyə arasında isti münasibətlər artan xətlə inkişaf etməkdədir. Digər tərəfdən, dünya gücləri arasında iki yeni kommunikasiya sistemlərinin yaradılması yönündə razılaşma var ki, İran da bu prosesdən kənarda qalmaq istəmir. Bu prosesin kilid ölkələrindən biri də Azərbaycandır və İran onunla münasibətləri səhmana salmaq istəyir. Çünki İran regionda və dünyada münaqişələrin həlli yönündə bir anlaşma olduğunu və gec-tez bu münaqişələrin həll olunacağının fərqindədir. İran dostcasına bir jest etməklə son günlər Türkiyə ilə Azərbaycan arasındakı sərinlikdən də yararlanaraq boşluğu doldurmaq istəyir. Bu jestin içərisində təbii ki, Azərbaycanla İsrail arasındakı isti münasibətlərin olması da yer alır. İran artıq Azərbaycanı daim təhdid etmək kursunun işə yaramadığını və əksinə onun düşmənlərinin işinə yaradığını anlayır. Yeni davranışla Tehran Azərbaycanı özündən küsdürmək deyil, öz orbitinə çəkmək istəyir. Azərbaycan prezidentinin İranla qaz anlaşmasının və Türkiyədən yan keçən “Cənub dəhlizi” qaz kəmərinin çəkilməsi mümkünlüyündən danışması da İran üçün bir növ qapıların qapanmadığı anlamına gəlir ki, onların viza rejimi təşəbbüsü də bir növ bunlara adekvat hesablanıb. Bütün bunlarla yanaşı, burada bir strateji məqsəd də ola bilər. Söhbət Cənubi Qafqaz ətrafında geosiyasi mənada “müsəlman qövsü”nün yaradılmasından gedir. Güman ki, bu ideyanın təşəbbüskarı Türkiyədir. Böyük xristian dövlətlərinin Cənubi Qafqazda ortaq mövqeyə gəlməsini siyasi güc mənasında kompensasiya etmək üçün müsəlman dövlətlərinin alternativ potensialı ortaya qoyması lazımdır. Bir az da uzağa getsək, Cənubi Qafqazdakı “müsəlman qövsü”nün vacib bir hissəsi kimi Pakistanın göründüyünü söyləmək olar.ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar