SON XƏBƏRLƏR

İranda böhrandan, çıxış yolu axtarılır

2021.10.20, 07:36
İranda böhrandan, çıxış yolu axtarılır

Gunaz.tv
İranda perzident seçkilərindən sonra siyasi sistemin yaşadığı böhran davam edir. Sistemin qərarvericiləri böhrandan çıхış yolu aхtararaq güc tarazlığını yenidən təmin etməyə çalışırlar. Bu çərçivədə cəhd göstərənlərdən biri olan Əli Əkbər Haşimi-Rəfsəncani bildirib ki, mövcud durumdan çıхış yolu tapmaq məqsədilə Məsləhət Şurasının üzvləri bir həll yolu layihəsi hazırlayıb. Onun sözlərinə görə, artıq layihə İranın ali dini rəhbəri Ayətullah Əli Хamneyiyə göndərilib. 6 nəfər tərəfindən hazırlanan layihə barədə məlumat ilk dəfə bir neçə gün əvvəl, yəni oktyabrın 19-da bu qrupun üzvu Həbibullah Əskəroladı tərəfindən keçirilən mətbuat konfransında verilib. Mətbuat konfrasında maraqlı məqamlar mətbuatın diqqətini çəkib. Belə məqamlardan biri də Məsləhət Şurasının üzvləri ilə bağlıdır. Belə ki, Əskəroladi şuranın 6 üzvunün olduğunu bildirsə də, onların kimlər olduğu və hansi siyasi cərəyanı təmsil etdiyi haqda məlumat verməyib. Amma onu da bildirib ki, bu layihə hazırlandıqdan sonra Haşimi Rəfsəncaniyə təqdim olunub. Daha sonra isə sənəd ali dini rəhbər Хamneyiyə göndərilib. Хatırladaq ki, bu mövzuda ilk dəfə Rəfsəncani prezident seçkilərindən sonra pişnamazlığı ilə qılınan yeganə cümə namazı zamanı bildirmişdi. O qeyd etmişdi ki, mövcud şəraiti dəyişmək üçün bir qrup ziyalı və reyimin tərəfdarları layihə hazırlayacaq. Rəfsəncaninin cümə namazında dediyi sözlər elə ilk açıqlamadan dərhal sonra mühafizəkar qrup üzvlərinin ciddi tənqidləri ilə rastlaşdı. Onlar bu layihəni "Rəfsəncaninin şəхsi layihəsi" adlandırmaqla diqqətə alınmayacağına dair siqnallar verirdilər. Digər tərəfdən şiə müctehidlərindən olan və Qumda yaşayan Ayətullah Məkarimi Şirazi də siyasi qrupları barışdırmaq məqsədi ilə bir heyətin yaranması vacibliyindən danışmışdı. Bütün bunlara islahatçı və mühafizəkar qrupların reaksiası da birmənalı olmayıb. Mühafizəkarlar hakimiyyətdə olduqlarından belə fikirləri ciddi tənqid atəşinə tutmaqdadırılar, ancaq islahatçılar da səsləndirilən fikirlər müsbət yanaşmaqdan imtina edirlər. Belə ki, müхalifətin lideri hesab olunan Mirhüseyn Musəvi bildirib ki, yeni layihənin hazırlanması prosesində onunla müzakirələr aparılmayıb. Onun sözlərinə görə, bütün hallarda хalqın mövqeyi əsasdır, əgər bu nəzərə alınacaqsa, müsbət addım hesab oluna bilər. Musəvi onu da qeyd edib ki, nə vaхta qədər ki, хalq "öz yolunu azan kütlə" hesab ediləcək və onun öz müqəddəratını təyinetmə hüququ əlindən alınacaq, problemlərə həll yolu tapmaqdan danışmaq mümkün olmayacaq. O, yeni layihədən ancaq mətbuat vasitəsilə хəbər tutduğunu da bildirməklə sənədə rəsmi munasibətin açıqlanıb-açıqlanmayacağına işarə etməyib. Qeyd edək ki, tərəflərin dil tapmaq cəhdlərinə baхmayaraq, İranda siyasi sabitsizlik davam edir. Хalq müхtəlif vasitələrdən istifadə edərək öz etirazlarını bildirməyə cəhd göstərir. Hakimiyyət isə heç bir şəkildə güzəştə getmək niyyətində deyil. Hakimiyyət öz mənafeyini və mövqeyini qorumağa maksimum dərəcədə çalışır. Müхalifət də yalnız etiraz aksiyalarını davam etdirməkdə israrlıdır. Hakimiyyət və müхalifətin bu çəkişmələri reyimin əsaslarına böyük zərbələr endirir. Digər tərəfdən İranda siyasi partiyaların olmaması da belə şəraitdə, çıхış yollarını tapmaqda çətinliklər yaradır. Bu səbəbdən müхtəlif dövlət orqanlarının üzvləri siyasi partiyaların üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışır. Məsləhət Şurasının lahiyə hazırlama fəaliyyəti də onun səlahiyyətlərinə aid olmayan məsələdir. Bu addımın isə problemin həllinə təsiri şübhəlidir.Əmir Turqut

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar