SON XƏBƏRLƏR

PKK_AKP anlaşması...

2021.10.20, 07:36
PKK_AKP anlaşması...

Gunaz.tv
Türkiyədə bu günlərdə siyasi gündəmin mərkəzində yer alan əsas hadisələrdən biri də hökumətin “kürd açılımı” çərçivəsində bir qrup PKK-çının İraqın şimalından keçərək təslim olmasıdır. Əslində burada “təslim olmaq” ifadəsi baş verənlərin fonunda qətiyyən yerinə düşmür, çünki bir hissəsi Qəndildəki terror düşərgəsindən, bir hissəsi isə BMT-nin nəzarətindəki Mahmur qaçqın düşərgəsindən gələn 34 PKK-çı sərhəddə cəmi bir neçə dəqiqə çəkən formal dindirilmə prosedurundan sonra sərbəst buraxılıb.Üstəlik, onlar minlərlə PKK tərəfdarının sərhəddə kürd xalqının qəhrəmanları kimi qarşılayıblar və dövlət məmurlarının gözü qarşısında PKK simvolları ilə təntənəli yürüş keçiriblər. Xəbər verildiyi kimi, PKK-çı qrup Abdulla Öcalanın İmralı adasından verdiyi təlimat əsasında Türkiyəyə keçib. Öcalan bunu AKP hökumətinin başlatdığı “kürd açılımı” təşəbbüsünə dəstək olaraq etdiyini çatdırıb. Sərhədi keçənlər özlərini “sülh qrupu” adlandırıblar və PKK-nın İraqın şimalındakı silahlı qanadından Türkiyə hökumətinə ünvanlanmış tələblərdən ibarət məktub da gətiriblər. Həmin məktubda “Kürdüstan” adlanan ərazidə kürdlərə faktiki muxtariyyət statusu verilməsinə yönələn tələblər var. Xəbərlərə görə, formal dindirmə prosesində Qəndil düşərgəsindən gələn 5 PKK-çı prokurora bildirib ki, Öcalanın çağırışı ilə Türkiyəyə dönüblər. Bu zaman terrorçular israr ediblər ki, dindirilmə sənədlərində “Kürd xalqının milli lideri Abdulla Öcalan” ifadəsi yazılsın. PKK-çıların Öcalanın çağırışı ilə gəldiklərini deməsi və terror fəaliyyətlərində iştiraka görə peşman olmadıqlarını bildirməsi onların barəsində cinayət işinin qaldırılmasına səbəb olub. Lakin cəmi bir neçə saat sonra növbətçi məhkəmə onları da azad edib. PKK- çılarla kompromis nəticəsində razılıq əldə olunub ki, dindirmə protokollarına “Abdulla Öcalan” yazılsın, ancaq onun adına terrorçu ifadəsi əlavə edilməsin. Beləliklə, PKK-çıların hamısı sərbəst qalıb və minlərlə adamın müşayiəti ilə Diyarbəkirə istiqamət alıblar. Türkiyənin İraqla sərhəddəki Habur keçid məntəqəsində yaşananlar əsl PKK-şou olub və terror təşkilatının təmsilçiləri əllərində PKK simvolları nümayişkaranə aksiya keçirərək gələnləri qəhrəmana çeviriblər. Daxili işlər naziri, hökumətin “kürd açılımı” layihəsinin koordinatoru Bəşir Atalay dərhal elan edib ki, bu hələ son deyil və hökumətin təşəbbüsü çərçivəsində yaxın günlərdə daha 150 PKK-çının Türkiyəyə dönəcəyi gözlənilir. Beləliklə, nazir təsdiq edib ki, PKK-çıların geri dönməsində hökumət Öcalanla əlbir hərəkət edir, yəni Türkiyə hökuməti PKK terror təşkilatının lideri ilə anlaşıb və “kürd açılımı”nda Öcalan da yer alır. Nazir bir qrup PKK-çının “təslim olmasını” hökumətin təşəbbüsündə ilk konkret nailiyyət adlandırıb. Lakin Habur sərhəd-keçid məntəqəsində yaşanan “PKK-şou” müxalifət liderlərinin qəzəbli çıxışları ilə pislənib. MHP başqanı Dövlət Baxçalı bildirib ki, gələnlər sanki Həcdən dönən zəvvarlar kimi qarşılanıblar: “Onlar təslim olmağa yox, AKP-ni təslim almağa gəliblər. Bu hadisə AKP hökumətinin PKK ilə anlaşdığını bir daha nümayiş etdirib. Ərdoğan İmralı adasında hazırlanan planla hərəkət edir və PKK-nın əlində oyuncağa çevrilib”. CHP lideri Dəniz Baykal da eyni sərt üslubla çıxış edərək deyib ki, hökumətin təşəbbüsünün arxasında nəyin dayandığı üzə çıxıb: “PKK-çıların gəlişi dağda alınmış qərar deyil. AKP İmralının yol xəritəsini həyata keçirməyə başlayıb. Bu hökumət terrorçunu tərəf kimi qəbul edərək onunla anlaşmaya gedir. AKP PKK ilə birlikdə iş qurur, birlikdə hərəkət edir. Təslim olmağa yox, məktubla müzakirə aparmağa gəlirlər. Bu, Türkiyə layihəsi deyil, AKP-PKK-DTP layihəsidir”. Baykal parlamentdəki çıxışında onu da əlavə edib ki, hökumət Haburda PKK bayraqları ilə terrorçuların qarşılanmasına göz yumduğu halda Bursada Azərbaycan bayraqlarına qadağa qoyur. “PKK-ya gücün çatmadı, Azərbaycanamı çatdı” - deyə Baykal Ərdoğana müraciətlə bildirib. Baş nazir Ərdoğan isə PKK-dan “sülh qrupu”nun gəlməsini hökumətin uğuru kimi təqdim edərək bildirib ki, Habur keçid məntəqəsində yaşananlar ümid verir: “Bu bir ümiddir, Türkiyədə ümidverici hadisələr baş verir. Bəziləri prosesin İmralıdan idarə edildiyini deyir. 10-12 ildir İmralıda deyildimi, nəyə görə indiyədək belə bir addım atılmadı?” Ərdoğan bütün PKK-çılara müraciət edərək onları da geri dönməyə çağırıb. Baş verənlərdən ABŞ da xeyli məmnundur. Dövlət Departamentinin rəsmisi Yan Kelli bildirib ki, Türkiyə PKK problemi ilə mübarizədə son zamanlar çox ciddi addımlar atır. Kelli təsdiq edib ki, Türkiyədə başlanan “kürd açılımı”nın arxasında ABŞ dayanıb: “ABŞ Türkiyəni ölkədəki kürd əhalisi ilə onlara daha artıq mədəni və sosial hüquqlar tanınmasına hesablanan dialoq qurmağa çağırıb. Türk hökuməti də hazırda bunu edir”. ABŞ-ın İraqın şimalındakı qüvvələrinin komandanı general Robert Braun isə bəyan edib ki, PKK artıq İraqın bu bölgəsində problem deyil. Onun sözlərinə görə, PKK-nın fəaliyyətində önəmli zəifləmə baş verir.musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar