SON XƏBƏRLƏR

Dəniz Baykal: "PKK-ya gücünüz çatmadı da, Azərbaycanamı çatdı?!"

2021.10.20, 07:36
Dəniz Baykal: "PKK-ya gücünüz çatmadı da, Azərbaycanamı çatdı?!"

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, "Son günlər Türkiyə ilə Azərbaycan arasında kimin haqlı, kimin haqsız olduğuna dair mübahisələrə qarışmadan demək istəyirəm ki, Türkiyə Ermənistan məsələsində öz maraqlarını nəzərə almadan çox yanlış addım atıb. Bir problemi həll edirik deyib, başqa bir problem - daha ağır, daha yaralayıcı problem yaratdılar. Qaş düzəldərkən göz çıxartdılar". bu sözləri Türkiyənin ana müxalifət lideri Dəniz Baykal Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament fraksiyasının toplantısındakı çıxışında deyib. O bildirib ki, Türkiyə hökuməti xaricdəki bəzi dairələrin gözünə girmək, onlara şirin görünmək, onların tövsiyələrini nəzər almaqla birdən-birə Türkiyəyə çox ciddi problem yaradıb: "Azərbaycana diqqət yetirilməsinin vacibliyini dəfələrlə vurğuladıq. Hökumətə "Azərbaycanı küsdürəcək addım atmayın, Azərbaycanın önəmini unutmayın", dedik. Tarixi yaxınlıq, ortaq sevgi, dil, din birliyindən əlavə, Azərbaycanın Qafqazda Türkiyə üçün nə qədər önəmli olduğunu israrla söylədik. Xaricdə bəziləri Azərbaycanı yox, Ermənistanı görür, sizə də bu yöndə təzyiq göstərirlər. Amma siz - Türkiyə hökuməti olaraq Azərbaycanı nəzərə almaya, görməyə bilməzsiniz. Bütün dünya görməsə də, siz Azərbaycanı görməlisiniz, göstərməlisiniz, vacibliyini vurğulamalısınız. Təəssüf ki, söylədiklərimiz nəzərə alınmadı. Nazir Davudoğluna "protokolları imzalamayın" dedik, amma imzaladılar". D. Baykal hökumətin 2004-cü ildə Avropa Birliyi ilə imzaladığı və Türkiyənin hava, dəniz limanlarının Kipr yunanlarına açılmasını nəzərdə tutan protokolun hələ də parlamentə göndərilmədiyinə, lakin Ermənistanla imzalanmış protokolların dərhal parlamentə göndərildiyinə diqqət çəkib. Bursada oynanan Türkiyə-Ermənistan matçında baş verənlərə də toxunan müxalifət liderinin sözlərinə görə, protokollarla əlaqəli yaranmış narazılıq azmış kimi, bayraq məsələsi də ortaya çıxıb: "Bursa rəhbərliyi matçdan öncə Azərbaycan bayrağını qadağan etmək üçün hərəkətə keçdi. Bizlər, partiyamızın millət vəkilləri bu qərarın ləğvi üçün valiyə təzyiq göstərdik. Lakin təəssüf ki, matçdan öncə Azərbaycan bayraqlarını topladılar. Azərbaycanın etirazlarının əsas səbəblərindən biri də budur". D. Baykal oktyabrın 19-da bir qrup PKK-çının İraqla sərhəddə Türkiyə dövlətinə təslim olması ilə bağlı təşkil olunan şouya da toxunaraq aşağıdakıları söyləyib: "Sərhəddə minlərlə insan təhlükəsizlik qüvvələrinin gözləri önündə, onların gözlərinin içinə baxa-baxa PKK bayraqları ilə nümayiş keçirir, bunu həzm edirsiniz. Amma Bursada Azərbaycan bayraqlarına qadağa qoymaq ehtiyacı hiss edirsiniz. PKK-ya gücünüz çatmır, Azərbaycana çatır?! Ermənistan prezidenti Sarkisyanı on min dollarlıq "Swarovski" daşları ilə bəzədilmiş kresloda oturdursunuz, amma 1 milyon azərbaycanlı öz evindən didərgin düşüb, çətin vəziyyətdə yaşayır, bir çoxu çadırlarda məskunlaşıb. Azərbaycan xalqı işğalın acısını ürəyində hiss edir. Bu, çox acıdır". D. Baykal 1993-cü ildə Türkiyənin baş naziri Süleyman Dəmirəlin Ermənistan prezidenti Levon Ter-Petrosyanı Türkiyə prezidenti Turqut Özalın dəfn mərasiminə dəvət etdikdən sonra indiki prezident Abdullah Gülün parlamentdə buna necə etiraz etdiyini də xatırladıb. O vaxt müxalifətdəki Rifah Partiyasının liderlərindən biri olan A. Gül işğalçı Ermənistanın prezidentinin Türkiyəyə dəvət olunmasına kəskin etirazını bildirərək S. Dəmirələ müraciətlə deyib: "Qardaşlarınızı qətlə yetirənlərin, Qarsın erməni torpağı olduğunu söyləyənlərin əlini sıxırsınız". D. Baykal sonda inandığını bildirib ki, həm türk, həm də Azərbaycan xalqı hökumətlərin səhvlərinin qardaşlığı sarsıtmasına imkan verməyəcək: "Bizim Azərbaycanla dostluğumuz, qardaşlığımız hər şeyin fövqündədir. İqtidarların yanlışlıqları geridə qalacaq. Azərbaycanın səlahiyyətli şəxslərinin tezliklə bu problemi nəzarətə götürəcəklərinə inanıram. Azərbaycan xalqı rahat olsun".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar