SON XƏBƏRLƏR

Türkiyə xarici işlər naziri: “Göy yerə ensə də, bu mövqeyimiz dəyişməyəcək”

2021.10.20, 07:36
Türkiyə xarici işlər naziri: “Göy yerə ensə də, bu mövqeyimiz dəyişməyəcək”

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankarada keçirdiyi mətbuat konfransında deyib ki “Bizim hökumətimiz və xalqımız üçün Türkiyə bayrağı ilə Azərbaycan bayrağı arasında fərq yoxdur – hər ikisi türk bayrağıdır və bizim üçün eyni dərəcədə əzizdir. Azərbaycan torpaqları bizim üçün müqəddəsdir və o torpaqların işğaldan xilas edilməsi Türkiyənin milli məsələlərinin ən başında dayanır. Göy yerə ensə də, bu mövqeyimiz dəyişməyəcək”. Azərbaycandakı türk şəhidliyindən Türkiyə bayraqlarının sökülməsi və təbii qazın satışı məsələsində yaranmış fikir ayrılığı haqda sualı cavablandıran Ə. Davudoğlu vaxtilə Anadolunun müxtəlif yerlərindən, Yaxın Şərqdən, Hələbdən gedən türk əsgərlərinin Azərbaycanın müstəqilliyi üçün şəhid olduqlarını xatırladıb: “Şəhidlər camemiz və bayraqlarımız Azərbaycan xalqının qüruruna və izzətinə etibar edilib. Buna hörmət gözləyirik. Bu hörmətin göstəriləcəyinə, lazımi addımların atılacağına da inanırıq. Bizə deyiblər ki, bu tədbirlər müvəqqətidir, orada bərpa işləri aparılır”. Ə. Davudoğlu Azərbaycanla Türkiyə arasında nifaq salınması cəhdlərinə imkan verməyəcəklərini vurğulayıb: “Azərbaycan xalqının Türkiyə sevgisini bilirik. Azərbaycana verdiyimiz bütün təminatlara baxmayaraq, nifaq salma cəhdləri davam edərsə, buna ən yaxşı cavabı azərbaycanlı qardaşlarımızın, soydaşlarımızın verəcəyinə inanırıq. Biz keçirdiyimiz bütün görüşlərdə Qarabağ məsələsini qaldırırıq. Baş nazir Ərdoğanın Pittsburqda Barak Obama ilə görüşü tamamilə Qarabağ məsələsinə həsr olunub. Prezidentin Obama ilə telefon danışıqlarında da əsas müzakirə mövzusu Qarabağ olub. Mənim Hillari Klintonla danışıqlarımda da yenə eyni şəkildə işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi məsələsi əsas mövzu idi. Türkiyənin bu siyasəti davam edəcək. İşğalın bitməsi bizim rəsmi siyasətimizdir. Bu siyasətdə dəyişiklik olmayacaq. Bunun Azərbaycan xalqı tərəfindən doğru anlaşılacağına inanıram. Azərbaycan üçün tarixdə və müstəqillikdən sonra nələr etdiyimizi hər kəs bilir. Bunda sonra daha çox edəcəyik. Bunu Azərbaycan xalqına deyirəm. Bu proseslərin işğal altındakı torpaqların xilası ilə nəticələnəcəyinə inanıram. Türkiyənin bu regiondakı və dünyadakı ağırlığını kimsə gözardı etməsin”. Nazir təbii qazla bağlı müzakirələrin davam etdiyini və müsbət nəticə əldə olunacağına inandığını söyləyib: “Bu, daha çox ticarət məsələsidir. Amma Xəzər-Anadolu-Avropa xətti hamımız üçün strateji bir dəhlizdir”. Ə. Davudoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 22-də Bakıda keçiriləcək toplantısında iştirak edib-etməyəcəyi ilə bağlı suala konkret cavab verməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar