SON XƏBƏRLƏR

Müsavat başqanı İsa Qəmbər: sərhədlər Açılsa da, dünya dağılmayacaq

2021.10.20, 07:36
Müsavat başqanı İsa Qəmbər: sərhədlər Açılsa da, dünya dağılmayacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi Müsavat Partiyasının başqanı İsa bəy Qəmbərin APA-ya verdiyi müsahibəsini olduğu kimi təqdim edir. - Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasını ehtiva eləyən protokollar ratifikasiya ərəfəsindədir. Bununla bağlı fikirlərinizi bilmək istərdik. - Müsavat Partiyası bu məsələ ilə bağlı bir neçə dəfə prinsipial mövqeyini ifadə edib. Ötən ayın sonlarında protokollarla bağlı bəyanat vermişdik. Protokollar imzalandıqdan sonra da mövqeyimizi bildirdik. Biz bunu kifayət qədər riskli bir proses hesab edirik. Bunun həm Türkiyə, həm də Ermənistan üçün riskli tərəfləri var. Ancaq onların bu protokolların imzalanmasında bilavasitə maraqları da var. Azərbaycana gəldikdə isə bir tərəfdən ölkənin yaxın müttəfiqi olan Türkiyənin Ermənistanla yaxınlaşması xalqda narahatlıq yaradır və yaratmaya da bilməz. Digər tərəfdən, protokollar imzalandıqdan sonra Ermənistanın onsuz da sərt olan mövqeyinin daha da sərtləşə biləcəyi ehtimalı da kifayət qədər səslənib. Ona görə də biz bu məsələdə Türkiyə hakimiyyət rəsmilərinin mövqeyinə güvənməyin tərəfdarıyıq. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan istər Baklıda Milli Məclisdəki çıxışında, istərsə də ölkəsində dəfələrlə bəyan edib ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edilmədən Türkiyə-Ermənistan sərhədləri açılmayacaq, hətta protokollar parlamentdə təsdiq olunmayacaq. Bu sözlər Türkiyə kimi böyük dövlətin hakim partiyasının və hökumətinin rəhbəri tərəfindən deyilirsə, təbii ki, biz buna güvənməliyik. Eyni zamanda mövqeyimizi Türkiyə cəmiyyətinə çatdırmalı, prosesi diqqətlə izləməliyik. İşğal edilmiş torpaqlar azad edilməyənə, ən azı bu istiqamətdə ciddi addımlar atılmayana qədər protokolların Türkiyə parlamentində təsdiq olunmayacağı sözünə diqqət yetirməliyik. Ancaq burada bir məqam da var ki, Türkiyə-Azərbaycan münasibətləri həddindən artıq önəmlidir. Bu, prioritet məsələdir. Ona görə də, bu məsələni heç bir başqa məsələyə qurban vermək olmaz. Biz danışmalıyıq, məsləhətləşməliyik, fikir mübadiləsi aparmalıyıq, fərqli mövqelərimiz haqqında da diskussiyalar aparmağı bacarmalıyıq, ancaq heç bir halda Türkiyə-Azərbaycan müttəfiqliyinə xələl gətirmək olmaz. Bu bizim prinsipial mövqeyimizdir. - Siz bu ilin aprelində Türkiyə-Ermənistan sərhədlərinin açılması haqda qızğın müzakirələr gedərkən “sərhədlər açılmayacaq” demişdiniz. Proqnozunuz indi necədir? - Mən tam əminliklə deyə bilərəm ki, bu il sərhədlər açılmayacaq. Gələn il bu istiqamətdə riskli mərhələ yəqin ki, apreldə olacaq. Ermənilərin qondarma “soyqırım”ı ilə əlaqədar apreldə məsələ xeyli aktuallaşa bilər. Elə o ərəfədə Türkiyəyə təzyiqlər xeyli artacaq. Bu təhlil ona əsaslanır ki, mən Ermənistan-Azərbaycan münaqişəsinin həllində müsbət dəyişikliklər olacağına da inamlı deyiləm. Ermənistanın mövqeyi onsuz da qeyri-konstruktivdir. Ermənistanın arxasında olan Rusiya da bu konfliktin həllində maraqlı deyil. Sözdə başqa fikir səsləndirsələr də, Rusiya rəhbərliyi hesab edir ki, bu konflikt həll olunarsa, onların regiona müdaxilə imkanları ciddi şəkildə məhdudlaşacaq. Rusiya maraqlı deyilsə, təbii ki, Ermənistanın da müsbət addım atmasına imkan verməyəcək. Bu istiqamətdə irəliləmə baş verməyəcəyi təqdirdə əminəm ki, Türkiyə aprel ayına qədər gözləyəcək. Apreldə situasiya gərgin olacaq. Yəni görünən budur hələlik. Ancaq həyat bizim proqnozlarımızdan daha mürəkkəbdir... - Sərhədlər açılsa, nə olacaq? - Bu, çox yaxşı sualdır. Açılsa da, dünya dağılmayacaq. Mənim hər zaman dediyim bir fikir var ki, ayrılıqda götürülmüş bir hadisəni qiymətləndirmək yanlış nəticələrə gətirib çıxara bilər. Prosesə bütövlükdə qiymət verilməlidir. Türkiyə ilə Ermənistan arasında sərhədlərin bağlanmasının konkret səbəbi var. Türkiyə həmin konsepsiyada göstərir: “ Biz sərhədləri bağlayırıq və Ermənistandan işğal olunmuş torpaqlardan çıxmasını tələb edirik”. 16 il keçib və bu, baş verməyib. İndi bunun günahkarı kimdir? Təbii ki, bunun günahkarı işğalçı və onun arxasında dayanmış qüvvələrdir. Bundan başqa, beynəlxalq birlik günahkardır ki, məsələyə prinsipial qiymət vermir. Eyni zamanda, bunun günahkarı biz özümüzük ki, bu problemi həll edə bilmirik. Bunları demək olar. Ancaq fakt odur ki, bu 16 ildə Qarabağ məsələsində irəliləyiş əldə olunmayıb. Təminat varmı ki, sərhədlər bağlı qalsa vəziyyət dəyişəcək? O baxımdan Türkiyə yeni bir siyasətə başlayıb. Ola bilsin ki, uzunmüddətli perspektivdə müəyyən müsbət nəticə də verə bilər. Ancaq müsbət nəticənin olub-olmayacağı təkcə Türkiyədən asıl deyil. Burada nəhayət, Ermənistanın ağıllı hərəkət etməsinə və bölgədə vəziyyətin dəyişməsinə ehtiyac var ki, müsbət dəyişikliklər mümkün olsun. Prinsip etibarilə tarixdə minlərlə müqavilələr, sazişlər imzalanıb. Onların bəziləri sabahı gün kağız parçasına dönüb, bəziləri isə bu günə qədər öz təsirini saxlayır. Ona görə də bu protokolları da asanlıqla qiymətləndirmək mümkün deyil. Hər şey prosesdə iştirak edən qüvvələrdən asılıdır. Biz isə Azərbaycan olaraq, öz prinsipial mövqeyimizi təqdim etməyi bacarmalıyıq. Eyni zamanda, istənilən situasiyada öncəlikləri unutmamalıyıq. Bu prioritetlərdən biri xarici siyasətdə Türkiyə ilə münasibətlərdir. - Ancaq Ermənistanın işğal edilmiş torpaqları belə asanlıqla azad edəcəyi inandırıcı görünmür. - Təbii ki, Ermənistandan müsbət addımlar gözləməyə əsas yoxdur. Ancaq beynəlxalq birliyin və Türkiyənin prinsipial mövqeyi və bizim düşünülmüş xarici siyasətimiz vəziyyəti dəyişə bilər. - Ölkə daxilində bələdiyyə seçkiləri öncəsi siyasi situasiyanı necə qiymətləndirirsiniz? - Vəziyyət hər zaman olduğu kimi mürəkkəbdir. Azərbaycanda təəssüf ki, azadlıqlar məhdudlaşdırılıb. Ona görə də proseslərin gedişində normal ölkələrə xas olmayan problemlər ortaya çıxır. Müsavat Partiyası olaraq istənilən situasiyada xalqımızın, millətimizin marağına uyğun siyasət yeritməyə çalışırıq, bu siyasəti də davam etdirəcəyik. - Bir neçə müxalifət partiyasının təmsil olunduğu Qarabağ və Respublika Uğrunda Hərəkat parçalanmaq ərəfəsindədir. Nə baş verir? - Bu barədə məsələyə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı münasibət bildirib. Eyni zamanda, biz partiya adından açıqlama yaymışıq. Həmin açıqlamada bizim mövqeyimiz öz əksini tapıb. - İqbal Ağazadə konkret arqumentlər ortaya qoyub. O deyir ki, Müsavat Partiyası Ümid Partiyasının seçki komissiyalarındakı nümayəndələrinin geri çağırılmasını tələb edirsə, parlamentdəki mandatlarından imtina etsin. - Bu, bəhanədir və qeyri-ciddi arqumentdir. Biz hesab edirik ki, seçki komissiyalarının yenidən təşkilinə nail olmaq mümkündür. Bu imkanı saxlamaq üçün seçki komissiyalarındakı yerlərimizdən imtina etmişik və özünü müxalifət adlandıran başqa qüvvələrə də bunu təklif edirik. Bizdən deputat mandatlarından imtinanı tələb etməyə isə ancaq bu addımı atan adamın mənəvi haqqı çata bilər. Bu addımın siyasi tərəfdən düzgün və ya səhv olduğunu bir tərəfə qoyuram. Hesab edirəm ki, parlamentdəki yerlərdən imtina etmək düzgün addım deyil. Tutaq ki, Lalə Şövkət öz mandatından imtina etmişdi. Mən bu addımı düzgün hesab etməsəm də, mənəvi cəhətdən onun başqa partiyalara da belə bir təklif verməyə haqqı çata bilər. Ancaq bu addımı atmayan adamların belə təklif irəli sürməyə mənəvi haqqı yoxdur. - İqbal Ağazadə deyir ki, bundan sonra əsas mübarizə hakimiyyətlə onun arasında gedəcək. İndiyə qədər müxalifətdə olan İsa Qəmbər, Əli Kərimli və digərlərinin zamanı gedib... - Mən 20 ildən artıqdır ki, siyasətdəyəm və elə həmin vaxtdan eşidirəm ki, zamanım gedib. Nə isə, bunlar qeyri-ciddi söhbətlərdir... - AXCP-Müsavat müttəfiqliyinin perspektivini necə görürsünüz? - Biz AXCP-ni ölkənin aparıcı partiyalarından biri hesab edirik. Hər iki partiyanın münasibətlərinin yaxşı olmasını istəmişik, indi də həmin mövqedəyik. Hazırkı dövrün mövzusu bələdiyyə seçkiləridir. Bununla bağlı həm AXCP, həm də digər partiyalarla məsləhətləşmələr gedir. - Bələdiyyə seçkilərini boykot etmək ehtimalınız varmı? - İştirak etmək niyyətindəyik və buna hazırlaşırıq. - Bu seçkidə uğur gözləyirsinizmi? - Hakimiyyət elə vəziyyət yaradıb ki, cəmiyyətdə seçkiyə inam çox məhduddur. Bu da təbii ki, hər şeyə təsir edir. Ancaq biz hesab edirik ki, bu inam öz-özünə yaranmayacaq. Bu inam mübarizədə yaranacaq. Mübarizə də aparılmalıdır ki, uğurlar olsun. Uğurların da əsasında inam bərqərar olmalıdır. Demokratiyaya inam indiki şəraitdə aşağı səviyyədədir. Ancaq bir misal da var ki, gecənin ən qaranlıq dəqiqələri səhərin açılmasına yaxın olur. - Gələn il Müsavat Partiyasının növbəti qurultayı olacaq. Partiyanızın Nizamnaməsinə əsasən Sizin yenidən sədr seçilmək hüququnuz yoxdur. - Bu dəyişiklik 2001-ci ildə mənim təklifimlə partiya Nizamnaməsinə daxil edilib. 2010-cu ildə keçiriləcək partiya qurultayında namizədliyimi irəli sürməyəcəyəm. - Bəs necə olacaq? - Normal olacaq. On minlərlə üzvü, minlərlə fədakar insanı öz ətrafında birləşdirən bir partiyada başqan seçkisi maraqlı və ədalətli şəkildə keçəcək. - Siz özünüz kimisə “gözaltı” etmisiniz? - Partiyada yetkin siyasətçilər kifayət qədər çoxdur. Azərbaycan milli azadlıq hərəkatında fəallıq göstərən, ona rəhbərlik edən insanlar var Müsavat Partiyasında. Başqa partiyalarda belə adamlar ya yox dərəcəsindədir, ya da hərəsində bir nəfər ola bilər. Bizdə isə belə təcrübəli şəxslər kifayət qədər çoxdur. Eyni zamanda, bu o demək deyil ki, başqan həmin şəxslərdən biri olmalıdır. Qurultayda kimə səs versələr, başqan da o olacaq. - Sizin sədrlik müddətinizi uzatmaq üçün Nizamnaməni dəyişməyi təklif etsələr, buna gedəcəksinizmi? - Mənim təklifimlə Nizamnaməyə daxil edilmiş dəyişikliyi hansı məntiqlə kimsə dəyişə bilər? Bunun dəyişməsi mümkün deyil. - Ola bilərmi ki, bəzi partiya sədrləri kimi lider statusunda qalasınız? - Yox, mənim belə bir fikrim yoxdur. - Bəs onda nə edəcəksiniz? - Müsavatın sıravi üzvü kimi fəaliyyətimi davam etdirəcəyəm. - Ola bilərmi ki, Siz başqanlıqdan getdikdən sonra partiya daha da zəifləsin? - Əvvəla, daha da zəifləsin nə deməkdir? Müsavat Partiyası ölkənin ən güclü partiyasıdır. Bu həftə də normal seçki keçirilsə, Müsavat Partiyası həmin seçkidə qalib gələcək. Bunu hakimiyyət də gözəl bildiyi üçün ölkədə normal seçkiyə imkan vermir. Digər tərəfdən isə 100 ilin partiyasında şəxsiyyətlərin rolu nə qədər önəmli olsa da, bu partiya şəxsiyyətlərin rolundan da asılı deyil. - Milli Məclisdə vaxtilə Müsavatın üzvü olan, sonra hakim partiyanı müdafiə edən millət vəkilləri var. Onlara baxanda nə fikirləşirsiniz? - Siz konkret kimi nəzərdə tutursunuz? Orada səhv etmirəmsə, bircə nəfər belə adam var. - Nizami Cəfərov, Əkrəm Əylisli, Vaqif Səmədoğlu. - Nizami Cəfərov 1992-ci ildə Müsavat Partiyasının üzvü olub, 1993-cü ildə isə kənarlaşıb. Yazıçı və şairlərə gəlincə, onlar söz adamlarıdır. Bizim onlara hörmətimiz var. Onların siyasətdə iştirakı müəyyən dərəcədə xalqa, cəmiyyətə xidmətdir. Hər halda görünür, onlar üçün siyasi partiyada olmamaq daha önəmlidir. Bu, onların qərarıdır. - 20 ildir müxalifətdə eyni siyasi liderləri görürük. Cəmiyyətdə yeni siyasi simaların yetişməməsinə necə baxırsınız? - Sizin 20 ildir gördüyünüz siyasi liderləri kimlərdir ki? - İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn, Vurğun Əyyub, Asim Mollazadə və digərləri... - Dediklərinizdə yanlışlar da var. Ancaq sizi narahat eləyən nədir ki? - Mən Sizə yeni siyasi gəncliyin yetişməsi ilə bağlı sual verirəm. - Siz 20 il təcrübəsi olan bir neçə nəfərin adını çəkə bilərsiniz. Ancaq Azərbaycanda bütövlükdə siyasətlə məşğul olan şəxslərin siyasi təcrübəsi çox müxtəlifdir. Aralarında az, ya çox təcrübəli siyasətçilər var. Ona görə ümumi fikir söyləmək ki, guya bugünkü siyasətçilər 20 ildir siyasətdədirlər, bu, gerçəkliyi əks etdirmir. Siyasətə hər zaman yeni insanlar, gənclər gəlir. Bu, normal bir prosesdir. Hazırda bir neçə partiyanın gənclər təşkilatları müxtəlif məsələlərlə bağlı etiraz aksiyaları keçirirlər, gənc bloggerlər fəaliyyətlərinə görə həbs olunurlar. Yəni yeni siyasi gənclik yetişir. - Siz həm də “Yeni Müsavat” qəzetinə təsisçilik edirsiniz. Partiya sədrliyindən getdikdən sonra qəzetdə təsisçiliyiniz qalacaqmı? - Partiya sədrliyindən fərqli olaraq, “Yeni Müsavat” qəzetində təsisçiliyim formal xarakter daşıyır. Onun elə bir önəmi yoxdur. - Yəni qəzetin təsisçiliyindən getmək fikriniz yoxdur? - Nə zamansa gedəcəyəm, ancaq bunun nə zaman olacağını hər halda biz həll edəcəyik. - Deyirlər ki, “Yeni Müsavat”ın kollektivi Sizin təsisçilikdən uzaqlaşmağınızı istəyir. - Düşünmürəm ki, elə bir şey olsun. Ancaq burada bir problem yoxdur. Bu mövzu illərdir olub və mən həmişə demişəm ki, təsisçilikdə xüsusi marağım yoxdur. Qəzetin müstəqilliyinin tərəfdarıyam və qəzet də gördüyünüz kimi, hər zaman müstəqil olub. - Deyilənə görə, Siz əvvəllər qəzetin təsisçiliyindən getmək istəyəndə kollektiv razı olmayıb, indi isə əksinə vəziyyət yaranıb... - Sizə yanlış məlumat veriblər. Məndə belə bir məlumat yoxdur. Sizə dedim ki, mənim təsisçiliyim formal xarakter daşıyır. Mən həmişə qəzetin müstəqilliyinin tərəfdarı olmuşam. - Axı, qəzetin sahibi təsisçisi sayılır... - Mən heç vaxt “Yeni Müsavat” qəzetinə mülkiyyət kimi baxmamışam. Mən bu qəzetə onu yaradan və orada çalışan insanların mülkiyyəti kimi baxmışam. - Sizin təsisçi kimi hüquq və vəzifələriniz varmı? - Mən yeddinci dəfə sizə izah elədim ki, qəzetin heç bir işinə qarışmıram. Sizi nə narahat edir ki? - Təsisçi öz imzasına necə formal yanaşa bilər? - Mən “Yeni Müsavat”ın müəllifi deyiləm, onun təsisçisiyəm. İzah edirəm ki, bu, formal xarakter daşıyır. Qəzeti onun rəhbərliyi yaradır, bütün uğurlarına da, əgər yanlışları olursa, yanlışlarına da həmin şəxslər məsuliyyət daşıyır. Uğurlar da onlarındır, yanlışlar da... - Eyni zamanda qəzetin kursunu dəyişməsinə də qarışmırsınız? - Yox. Qəzet müstəqildir. - “Yeni Müsavat”ın kursunu dəyişməsi haqda deyilənlər maraqlı deyil? - Dedim ki, “Yeni Müsavat” qəzetinin kursuna qarışmıram. Odur ki, “Yeni Müsavat” nədən belə yazdı, nədən belə yazmadı kimi mövzuların mənə aidiyyəti yoxdur. - Rauf Arifoğlu ilə bu mövzuda söhbətiniz olub? - Yox, olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar