SON XƏBƏRLƏR

İran və ABŞ-Rusiya birləşməsi...

2021.10.20, 07:36
İran və ABŞ-Rusiya birləşməsi...

Gunaz.tv
Birləşmiş Ştatlarla Rusiya arasında münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl addımların nəticəsiz qalmadığını söyləməyə tam əsas verən gəlişmələrin şahidiyik. Ümumiyyətlə, Barak Obamanın öz səlahiyyətlərinin icrasına başladıqdan sonra Rusiya ilə əlaqələrin yenidən yaxınlaşdırmaq kursu götürəcəyi haqda proqnozlar doğrulmaqdadır. Bu baxımdan, Obamanın Rusiyaya ilk rəsmi səfəri zamanı əldə olunmuş razılaşmaların mahiyyəti də tədricən açılmaqdadır. Obama administrasiyası münasibətlərin əvvəlki məcrasına qaytarılması yönündə ilk ciddi addımı respublikaçı administrasiyanın Avropada Raketdən Müdafiə Sistemləri (RMS) yerləşdirmək qərarından imtina ilə bağlı oldu. Bu qərar NATO-nun Şərq cinahında kəskin narazılıqla qarşılansa da, Ağ Evin yeni sahibi bu təzyiqlər qarşısında geri çəkilmədi. Amerika ilə Rusiya arasında anlaşmanın əldə olunduğuna şübhə yeri qoymayan digər məqamlar özünü bu yaxınlarda baş vermiş proseslərdə daha qabarıq göstərdi. Nəzərdə tutulan yaxınlaşmanın əsas istiqamətlərindən biri sözsüz ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulması məsələsinə ümumi yanaşmanın təmin edilməsidir. Yəni Rusiyanın Cənubi Qafqazdakı forpostu olan Ermənistanın NATO-nun əsas ölkələrindən biri sayılan Türkiyə ilə inteqrasiyasına etiraz etməməsi, bu prosesdə özünəməxsus rol oynaması hələ də təəccüblə vurğulanır. Təbii ki, bu barədə danışarkən, Kreml rəhbərliyini belə bir anlaşmaya qol qoymağa yönəldən çox ciddi məqamların olduğu da vurğulanmalıdır. Amma indiki halda onlara geniş surətdə toxunmağa ehtiyac yoxdur. ABŞ-Rusiya anlaşmasının vacib cəhətlərindən biri də İranla bağlıdır. Əksər ekspertlər bu fikirlərində qəti idilər ki, Amerikanın Avropadakı RMS planlarını ləğv etməsi Rusiyanın İran siyasətində Ağ Evə mane olmayacağı vədilə şərtlənir. Dövlət katibi Hillari Klintonun Moskvaya son səfəri zamanı İranla əlaqədar aparılmış müzakirələrin nəticəsi də tərəflərin artıq bir-birilərini daha yaxşı başa düşdükləri təsəvvürünü yaradır. Həmin müzakirələr zamanı ABŞ və Rusiya İran məsələsində vahid mövqeyə gələ biliblər. Konkret desək, Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarını İrana qarşı sanksiyaların qəbulu üçün uyğun şəraitin yetişmədiyinə inandırıb. Amma bu qarşılıqlı inamın yaranmasına təsir göstərmiş amillərin nədən ibarət olduğu çox maraqlıdır. Politoloq Elxan Mehdiyev ABŞ-Rusiya anlaşmasında əsas məqam kimi, İran hakimiyyətinin Qərbə yönəlik müəyyən jestlərinin təsiri olduğu qənaətindədir: "Burada əlbəttə ki, İran hakimiyyətinin müəyyən qərarlarının olduğu nəzərə alınmalıdır. Yəni Tehran uzun müddətdən sonra özünün nüvə obyektlərində təftiş aparılmasına razılıq verdi və bu prosesdə özündən asılı olanları etməyə hazırlığını bildirdi. Bilirsiniz ki, İranın nüvə obyektlərində aparılmış son inspeksiyanın ardınca verilmş rəylər də bu ölkəyə qarşı münasibətin dəyişməsinə təsir göstərdi. Ona görə də, "Altılığın" İrana yanaşmasında belə dəyişikliklər meydana çıxdı. Bu baxımdan, ABŞ ilə Rusiya da son nəticələri əsas götürərək, İrana qarşı sərt addımların atılmasının adekvat hərəkətlərə səbəb olacağını düşündüklərindən, tələsməməyi lazım bildilər. Təbii ki, Vaşinqton ilə Moskva arasında müəyyən yaxınlaşmanın olduğu diqqətdən yayınmır. Amma bu yaxınlaşmanı qəti şəkildə İranla əlaqələndirmək doğru olmazdı. Yəni Rusiya və ABŞ-ın anlaşmalarında İrandan daha vacib olan məsələlər mövcuddur və tərəflər onların razılaşdırılmasında daha maraqlıdırlar". Rahid Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar