SON XƏBƏRLƏR

ŞAHANƏ ziyafət

2021.10.20, 07:36
ŞAHANƏ ziyafət

Gunaz.tv
Futbol diplomatiyasında ikinci hissə Abdullah Gül Ermənistan prezidentini qiymətli qaşlarla bəzədilmiş 10 min dollarlıq kürsüdə əyləşdirdi Dünən Ermənistanla Türkiyə arasında “futbol diplomatiyası” adı qazanmış siyasi prosesdə ikinci hissə başlayıb. Ermənistan prezidenti Serj Sərkisyan iki ölkə milli futbol komandalarının cavab oyununa baxmaq adı ilə Türkiyənin Bursa şəhərinə gedib. Lakin əvvəlcədən məlum idi ki, Sərkisyan təkcə futbol üçün getmir və onun səfəri ötən həftə qarşılıqlı münasibətlərin qurulmasına dair protokolların imzalanmasından sonra Türkiyə-Ermənistan danışıqlarının yeni mərhələsini başladır. Əvvəlcə Türkiyəyə getmək üçün sərhədlərin açılması, yaxud bu istiqamətdə ciddi addım atılması şərtini irəli sürən Sərkisyan bu ölkəyə açılan sərhədlər vasitəsilə quru yolu ilə deyil, havadan daxil olub. Proqrama görə, Türkiyəyə Bakı vaxtı ilə axşam saat 18:00-da çatması gözlənilən Sərkisyanın əvvəlcə prezident Abdullah Güllə ikitərəfli və nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparacağı, sonra prezidentlərin birgə futbola baxacağı və ardından ziyafətə qatılacaqları gözlənilirdi. Türkiyə tərəfi proqrama Sərkisyan üçün kabab qonaqlığı da daxil edib. Bu qonaqlığın futboldan əvvəl olacağı gözlənilirdi. Bursanın Atatürk stadionunda keçirilən Türkiyə-Ermənistan oyunu isə idman yarışından çoxdan uzaqlaşaraq siyasi hadisəyə çevrilmişdi. A.Gülün tapşırığı ilə stadiona Azərbaycan bayraqlarının gətirilməsinə Bursa valisi tərəfindən qoyulan qadağa Türkiyə ictimaiyyətinin kəskin etirazından sonra oktyabrın 13-də götürülüb. Vali deyib ki, bayraqların stadiona gətirilməsinə qadağa olmayacaq. Yerli vətəndaş cəmiyyəti qurumları isə Azərbaycana dəstək olaraq 15 min Azərbaycan bayrağı sifariş edib və onların hamısı azarkeşlər tərəfindən alınıb. Lakin dünən bayraq qalmaqalına FİFA müdaxilə edib və oyunu siyasiləşdirməyə yol verməmək üçün stadiona Azərbaycan bayraqlarının gətirilməsinə qadağa qoyub. Bu göstəriş FİFA prezidenti Mişel Platini tərəfindən verilib. Platini Türkiyə Futbol Federasiyasının prezidenti Mahmut Özgenerlə görüşü zamanı deyib ki, bu aksiya yolverilməzdir. “Bəli, FİFA bu qərarı verdi. Bu da o deməkdir ki, FİFA futbol siyasətin qarışdırılmasına qəti şəkildə icazə vermir” - deyə Özgener bildirib. Gözlənilirdi ki, Sərkisyanla Gül protokolların parlamentlərdə ratifikasiya məsələsinə də müzakirə edəcək. Türkiyə ratifikasiyanın Qarabağ münaqişəsinin həllindən asılı olacağını bəyan edir. Bu da ratifikasiyanın uzun müddət ləngiyə biləcəyi deməkdir. Sərkisyan isə Türkiyəyə yola düşməzdən əvvəl deyib ki, protokolların ratifikasiyası ermənilər üçün problem deyil: “Biz tərəfdən tərəddüd yoxdur, protokollar ratifikasiya olunacaq”. Sərkisyana görə, protokolların ratifikasiyasının Qarabağ münaqişəsindən asılı olacağı haqda səslənən bəyanatlar Azərbaycan üçün hesablanıb: “Əgər ratifikasiya etməyəcəkdilərsə, nəyə görə imzalayırdılar? Bəlkə bizim son anda geri çəkiləcəyimizi güman edirdilər?” Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan isə deyib ki, əgər Türkiyə ratifikasiyanı uzatsa, onda İrəvanın da buna cavabı olacaq. Bu cavabın nədən ibarət olacağı deyilmir, ancaq ehtimal olunur ki, Ermənistan Türkiyədən ratifikasiyanın uzanması halında protokolların altındakı imzasını geri çəkməklə hədələyə bilər. Ratifikasiya prosesi üçün sənədlər tezliklə Türkiyə parlamentinə təqdim olunacaq. Belə narahatlıq var ki, Türkiyə iqtidarı növbəti sürpriz edərək protokolları ratifikasiya edəcək. Lakin Vaşinqtonda yerləşən Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin eksperti Bülənt Əlirza bu məsələdə sürpriz gözləmir: “Məncə, Ərdoğan vədini yerinə yetirəcək və ratifikasiya ləngiyəcək. Protokollar Məclisə təqdim olunacaq və Murat Mərcanın sədrlik etdiyi Xarici Əlaqələr Komitəsinə gedəcək. Amma oradan çıxıb Məclisin Rəyasət Heyətinə getməsini əngəlləyəcək və protokolların səsverməyə çıxarılmasının da ermənilərin Qarabağdan çəkilməsinə bağlayacaqlar. Burada sürpriz olmayacaq. Amma başda ABŞ və Avropa dövlətləri olmaqla digər ölkələrdən Türkiyəyə təzyiq olacaq. Görək Türkiyə bu təzyiqlərə dözə biləcəkmi?” Ekspertə görə, Türkiyə bu təzyiqlərə davam gətirməli olacaq. Çünki Azərbaycana söz verib. Belə olmasa, Azərbaycanla münasibətlər lap korlanacaq. Ancaq burda Vaşinqton faktorunu da unutmaq lazım deyil. B.Əlirzaya görə, Türkiyə bu işi sadəcə Ermənistan üçün eləmir: “Amerikada güclü erməni lobbisi var və əgər Türkiyə protokolları icra eləməsə, apreldə yenidən erməni lobbisi Türkiyəyə qarşı ”soyqırım" iddialarını Vaşinqton administrasiyası dilindən səsləndirə biləcək. Yəni aprelə kimi Qarabağ məsələsində irəliləyiş olmasa, Türkiyəyə qarşı təzyiqlər daha da artacaq". Türkiyənin müxalifət liderləri də Ermənistanla protokolları imzalayan AKP hökumətinə kəskin tənqidləri davam etdirir. MHP başqanı Dövlət Baxçalı və CHP başqanı Dəniz Baykalın parlament qrup toplantılarındakı bir gün əvvəlki çıxışlarında da əsas mövzulardan biri protokollar olub. Baykal deyib ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən çıxmağa hazırlaşdığını göstərən ən kiçik əlamət də yoxdur: “Türkiyə çox ciddi çətinliklərlə qarşı-qarşıyadır. Azərbaycanda prezident Əliyev çıxış etmək zərurəti hiss edərək işğal edilmiş ərazilərin azad olunması halında sərhədlərin açılmalı olduğunu deyir. Ermənistan isə bu məsələdə ən kiçik addım da atmır. Türkiyəni birinci dəfə deyil ki, bu cür aldadırlar”. D.Baxçalı deyir ki, protokolların mətni Türkiyənin iradəsindən kənar hazırlanıb və hökumətə diqtə edilib. “Bu hökumət başlatdığı yeni dönəmdə Şərqi Anadolu torpaqlarının Qərbi Ermənistan olub-olmadığını, Ağrı dağının kimə aid olduğunu müzakirə edəcək?” - deyə MHP lideri sual edib. Baş nazir Ərdoğan isə Ermənistan məsələsində onu müntəzəm tənqid edən MHP-ni milliyətçilərin mərhum lideri Alparslan Türkeşin vaxtilə Ermənistan prezidenti Levon Ter-Petrosyan və erməni diasporunun liderləri ilə keçirdiyi gizli görüşlərlə “vurmağa” çalışır. Ərdoğan AKP qrupundakı çıxışında “bizə iftira atanlar mərhum liderlərinin erməni təmsilçiləri ilə müxtəlif ölkələrdə keçirdiyi görüşləri araşdırsın, ondan sonra durub bizə böhtan atsınlar” deyib. 1991-1992-ci illərdə Türkeşin Fransada Ter-Petrosyanla görüşdüyü, habelə Amerikadakı erməni lobbisinin liderləri ilə müzakirələr apardığı məlumdur. Türkeş bununla Ermənistanı təcavüzdən əl çəkib Türkiyə ilə münasibət qurmağa inandırmağa çalışıb, bu münasibətdən ermənilərin böyük fayda götürəcəyini sübut etmək istəyib. Lakin o vaxt situasiya fərqli idi və Ermənistan işğal planlarını Dağlıq Qarabağın ətrafına doğru genişləndirməmişdi. Kəlbəcər işğal edildi və Türkiyə Ermənistanla sərhədlərini bağlamalı oldu. *** Dünən günün ikinci yarısında Sərkisyan Bursaya gedib. lent.az-ın internethaber saytına istinadən verdiyi məlumata görə, Ermənistan prezidenti Bursaya nəzərdə tutulandan 1 saat əvvəl çatıb. Sərkisyanın başçılıq etdiyi erməni heyəti daşıyan təyyarə Bursa hava limanına A.Gülün təyyarəsindən bir neçə dəqiqə sonra enib. Onu milli geyimli türk cocuqlarının rəqsi ilə qarşılayıblar. Sərkisyan ardınca A.Gülün qaldığı “Almira” hotelə gedib. İki prezident orada birlikdə axşam yeməyi yeyib. Sərkisyanın səfər proqramı belədir: saat 17:50 (Bakı vaxtı ilə 19:50) - Türkiyə və Ermənistan prezidentlərinin rəhbərliyi ilə heyətlərarası görüş (“Almira” hoteli); saat 18:35 - prezidentlərin birgə şam yeməyi (“Almira” hoteli); saat 21:00 - Türkiyə-Ermənistan matçı (Bursa Atatürk stadionu); saat 23:10 - Sərkisyanın şərəfinə ziyafət (“Almira” hoteli). Türkiyə-Ermənistan matçını Atatürk stadionunun tribunalarından canlı izləyəcək prezidentlər A.Gül və S.Sərkisyan üçün 10 min dollarlıq xüsusi kürsülər hazırlanıb. “Media forum” xəbər verir ki, kürsüləri düzəldən firmanın sahibi, bursalı iş adamı Süleyman Kara bununla bağlı jurnalistlərə açıqlama verib. O, bildirib ki, kürsüləri özəl ustalar qrupu hazırlayıb. Tam əl işi olan oturacaqlar bahalı büllur qaşlarla bəzədilib, onlara bahalı məxmərdən üzlük çəkilib. Firma sahibi bildirib ki, kürsüləri hazırlayarkən xəsislik etməyiblər, ən keyfiyyətli materiallardan istifadə ediblər.musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar