SON XƏBƏRLƏR

GÜNAZ.TV Başqanı Əhməd Obalı: GÜNAZ.TV-nın yaranmasını gərəkdirən əsas amil, "millətimizin özü, öz səsini eşidəbilməsidir"

2021.10.20, 07:36
GÜNAZ.TV Başqanı Əhməd Obalı: GÜNAZ.TV-nın yaranmasını gərəkdirən əsas amil, "millətimizin özü, öz səsini eşidəbilməsidir"

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkləzi GÜNAZ.TV Rəhbəri Əhməd bəy Obalının "Bütüv Azərbaycan" qezetinə verdiyi müsahibəni olduğu kimi təqdim edir. Əziz oxucular, bu sayımızda sizi Azərbaycanımızın ən vətənpərvər ən ləyaqətli övladlarından biri “GünAzTv”-nin yaradıcısı Əhməd Obalı ilə tanış edirik. Əhməd Obalı xalqımızın başına gətirilən müsibətləri dərk edəndən bəri öz taleyini millətinin taleyinə calayıb. Bütün varlığını, həyatını Cənubi Azərbaycanın istiqlaliyyətinə, Azərbaycanımızın bütövlüyü uğrunda milli mübarizəyə həsr edib. Əməkdaşımız Tamxil Ziyəddinoğlu Çikaqo şəhərində yaşayıb fəaliyyət göstərən Əhməd bəylə telefon bağlantısı yaradaraq müsahibə alıb. Müsahibəni diqqətinizə çatdırırıq: - Əhməd bəy, dünyada saysız televiziya kanallarının yayımlandığı bir vaxtda “GünAz” Tv hansı ehtiyacdan yarandı? - Bu çox zəruri bir məsələ idi. Mən bir zaman Dünya Azərbaycanlıları Konqresinin Beynəlxalq Əlaqələr üzrə məsulu kimi çalışanda BMT-yə, İnsan Hüquqları Təşkilatlarına, Amministiya İnternationala şikayətlərimizi çatdırandan sonra o qənaətə gəldik ki, beynəlxalq təşkilatlar bizim dərdlərimizi heç başa düşmürlər. Hətta başa düşsələr belə onların əllərindən gələn bir çox iş yoxdur. Əvvəlcə bizim millətimiz oyanmalıdır. Millətimizin özü öz səsini eşitməlidir. Bilirdik ki, şimalda – Müstəqil Azərbaycanımızda Televiziya kanalları çoxdur və onun üçün hamımız sevinirik, amma eyni zamanda bu televiziyalarda cənub haqqında məlumatlar çox məhduddur. Həm də İran – Azərbaycan dövlətlərarası münasibətlərə görə cənubdakı soydaşlarımıza lazım olan informasiyalar Bakıdan yayımlanmır. Ona görə də biz “Güney Azərbaycan” Televiziya kanalını açmağa qərarlandıq. Artıq 5 ilə yaxındır ki, “Gün Az” TV öz fəaliyyətini davam etdirir. Güney Azərbaycanın problemlərini öz ekranlarında işıqlandırır. - Televiziya kanalı yaratmaq çox çətin və böyük maliyyə vəsaiti tələb edən bir işdir. Siz bu çətinlikləri necə keçə bildiniz? - Kanal təzə açılanda 1 il yarım xərcini özüm ödədim. Əslində elə 14 ay televiziyanın fəaliyyət göstərə biləcəyini nəzərdə tutmuşduq. Dedik ki, heç olmasa 14 ay səsimiz yayılsın. Amma kanal açılandan sonra gördük ki, hesablamadığımız xərclər və gözləmədiyimiz problemlər də meydana çıxdı. Ona görə də bir neçə ünvana müraciətlər etdik. Sağ olsun həmvətənlərimiz! Güneyli, Qüzeyli köməyə gəldilər. Indi xərcin bir qismini həmvətənlərimiz ödədiyindən ayaqda dura bilirik. - Əhməd bəy, kanalın bir ölkədə fəaliyyətə başlayıb başqa ölkəyə yayımlanması əlavə çətinliklər yaratmır ki? - Əslində “Gün Az” TV Amerikada fəaliyyətə başlasa da burada yayımlanmır. Çünki burdakı tezliklərdə yayımlanmaq üçün vəsaitimiz çatmır. Amerikalılar bizi yalnız internet vasitəsilə izləyə bilirlər. Amma biz peyk vasitəsilə Avropa və Orta Şərq, yəni Misirdən Çinə qədər Telestar 12 vasitəsilə verilişlərimizi yayımlayırıq. - Bir ara biz Türksat-dan da verilişlərimizi üç ay yayımladıq. Təəssüf ki, Türkiyə-İran münasibətlərinin pisləşməməsi üçün AKP ilə İran höküməti arasında bir anlaşma yarandı və Türksat vasitəsilə verilişlərimizin yayımını dayandırdılar. Bunu biz Türk xalqının münasibəti kimi dəyərləndirmədik. AKP nə Türkiyə deməkdir, nə də türk xalqı. Fəqət bir neçə peyklərdən bizi ayırıblar. Çünki İran dövləti basqı göstərir. Amma buna baxmayaraq Telestar 12 vasitəsi son 15 gündə isə yenə də güclü satlardan birinə qoşulmağa çalışırıq. - Telekanalın strukturu barədə nə deyərdiniz? - Kanal təxminən iki il yalnız Amerikanın Çikaqo şəhərində fəaliyyət göstərdi. Ilk illərdə dünyanın müxtəlif yerlərindəki soydaşlarımız bizə materiallar göndərirdilər. Indi könüllülərimizin köməyi ilə bir sıra ölkələrdə, o cümlədən Şimali Azərbaycanımızın paytaxtında – Bakı şəhərində də studiyamız var. Hollandiyada, Türkiyədə nümayəndəliyimiz var. Indi çalışırıq ki, İsveçdə və digər dövlətlərdə də nümayəndəliyimiz olsun. - Xüsusi peşəkarlıq tələb edən televiziyanın kadr məsələlərini necə həll edirsiniz? - Özümüz peşəkar olmasaq da soydaşlarımız başa düşür ki, elmi müzakirələrimiz, mübahisələrimiz, tariximiz, mədəniyyətimiz, dilimiz barədə söhbətlərimiz olmalıdır. Ümummilli dərdlərimizi paylaşmalıyıq. Azərbaycanımız ikiyə bölündükdən sonra da faciəmiz davam etməkdədir. Çar Rusiyasının işğal payına düşən 130 min kvadrat kilometrlik Şimali-Azərbaycanımız diyar-diyar bölünərək 86 min km 2-yə qədər sıxıldı. SSRİ-nin yaranması da, çökməsi də bizim milli faciələrimizlə müşahidə olundu. 20 yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağın və ətraf rayonların işğalı 1 milyonluq qaçqın ordusu ilə xalqımızı daha da dözülməz duruma saldı. Bu dərdləri cənubdakı qardaş-bacılarımıza, tarixi ədalətsizliklər ucbatından dünyanın müxtəlif guşələrində bir-birindən ayrı salınmış soydaşlarımıza anlatmaq üçün peşəkarlığa o qədər də ehtiyac qalmır. Çünki hamımız bu dərdləri, ağrı-acıları öz taleyimizdə yaşayanlarıq. Dərd içində böyüyənlər isə dərd deməyin peşəkarlarıdır. Biz tapdanmış haqqımız uğrunda çarpışa-çarpışa peşəkarlaşacağıq. Təbii ki, son vaxtlar bu mücadilədə iştirak edən peşəkar həmkarlarımız da çoxalıb. Həm Qüzey Azərbaycanda, həm də Avropa ölkələrində. Amma telekanal olaraq peşəkarlaşmağımız çətindir, çünki bunun üçün xeyli maliyyə vəsaiti tələb olunur. Biz interaktiv bir televiziyon və tok-şoular hazırlamaqla milli varlığımızı qorumağa, itirilmiş haqlarımızı qaytarmağa çalışırıq. - Diasporun formalaşmasında “Gün Az” Tv mühüm rol oynayır. Bəs diaspor təşkilatlarımız necə televiziya verilişlərinin yayım dairəsinin genişlənməsi, maddi-texniki bazanın gücləndirilməsi haqqında düşünürlərmi? - Minnətdarlıq hissi ilə deyə bilərəm ki, “Gün Az”Tv-yə yardım edənlərin yüzdə 90-dan çoxu diaspor təşkilatları dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılardır. Hətta Güney Azərbaycandan, Güzeydəki soydaşlarımızdan da yardım gəlir. Hər bir informasiya vasitəsinin diasporun formalaşmasında müəyyən rolu olur. Amma “Gün Az”Tv yarandığı gündən bəri diaspor daha da fəallaşıb. Mən bunu öz işimizin nəticəsi kimi qabartmaq istəmirəm, amma danılmazdır ki, televiziya olaraq diaspor təşkilatlarının fəaliyyətini işıqlandıranda, fikirlərini müzakirəyə çıxaranda onlar daha da fəallaşırlar. - Əhməd bəy, təbii ki, Azərbaycanın bütövlüyünü istəməyən qüvvələr milli mücadiləmizə qarşı açıq və gizli fəaliyyətlərini davam etdirirlər. Siz özünüzə qarşı təzyiq hiss edirsinizmi? - “Gün Az”Televiziya kanalı yarandığı ilk gündən təzyiqlə üz-üzədir. Birinci və rəsmi açıq təzyiq İran dövlətindən gəldi. Bizi Türksatdan çıxardılar. Bu AKP və İran dövlətinin anlaşması nəticəsində baş verdi. Mən ona görə AKP deyirəm ki, AKP iqtidarı hələ Türkiyə dövləti və bütövlükdə Türk xalqı demək deyil. Əlavə onu qeyd edim ki, İran höküməti bizi bir neçə peykdən çıxarmağa nail olub. Çünki bu güclü dövlətdir. Dövlətdən də əlavə fars şovinistləri tərəfindən bizə təzyiqlər və təhdidlər həmişə var. Hətta onlar Amerikada studiyamızı bağlatdırmaq üçün erməni daşnakları və digər qüvvələrlə əməkdaşlıq etdilər. Bu isə PKK-çıları da cəlb etdilər. Çünki Urmiyada, Cənubi Azərbaycanda baş verən hadisələrdən, Qarabağın işğalından danışanda PKK-nın rolundan da söhbət açırıq. Bunların hamısı onlar üçün başağrısı oldu, bizim də vaxtımızı aldılar. Biz Amerikada yaşadığımız üçün vətəndaş hüququmuzdan istifadə edib televiziya kanalı açmışıq, fəaliyyət göstəririk. Bunun qarşısını heç kim ala bilməz. Istər daşnaklar olsun, istər PKK-çılar, istərsə də İran dövləti. Hətta Azərbaycanın Şimal qonşusundan da bəzən təzyiqlər olur, ancaq onlar açıq hiss elətdirmirlər. - Biz “Gün Az”Tv-nin nailiyyətlərini aydın hiss edirik, amma güman etmirik ki, bu sizin görmək istədiyiniz nəticədir. Planların ız nədir? - Hər şey insanların, dövlətlərin, hər hansı bir toplumun beynindən başlayır. Biz də beynimizdə gəlişmə edib hərəkətə keçməliyik. Oyanış yaratmalıyıq, kadrlar yetişdirməliyik. Yəni biz bir millət olaraq oyanmasaq heç bir dövlət, heç bir qurum o haqqı alıb bizə verən deyil. Hər şeyə özümüz nail olmalıyıq. Bunun üçün biz düşünürük ki, dünyadakı parçalanmış xalqların oyanması, birləşməsi insani, milli bir hissdir. Biz Cənubi və Şimali Azərbaycanda yaşayanlar bir millətik. Yenə də təəssüflə qeyd edirəm ki, düşmənlərimizin arasında qalıb sıxıldığımıza görə bu günə gəlib düşmüşük, indi biz yenidən oyanmalıyıq, özümüzə qayıtmalıyıq. Hədfimiz budur Güney Azərbaycan oyanıb Dövlət müstəqilliyini və özünün o taydakı parçası ilə Cənubi Azərbaycanla birləşməlidir. Buna heç kəs müxalif ola bilməz. Parçalanmış bir millətik. Şimali Azərbaycan daha da bölük-bölük olub – Zəngəzur, Göyçə, Borçalı, Dərbənd Azərbaycandan ayrı salınıb. Bu parçalanmış Vətənimizin yaralarına məlhəm qoymaq bizlərin vətən oğullarının işidir. Nə qədər ki, gücümüz çatır millətin maariflənməsinə, milli-mənəvi dəyərlərinə sahib çıxmasına çalışmalıyıq. Bu bir nəfərin, beş nəfərin və iki-üç ayın işi deyil. Odur ki. Hamılıqla səfərbər olmalıyıq. O cümlədən “Gün Az”Tv və bizlərə yardım edən soydaşlarımız, həmvətənlərimiz. - Qəzetinizin oxucularına nə demək istəyərdiniz? - Sizin qəzet və onun müqəddəs “Bütöv Azərbaycan” adı bizim üçün çox möhtərəmdir. Bəzən şəraitdən asılı olaraq dilə gətirə bilməsələr də Bütöv Azərbaycan bütün azərbaycanlıların arzusudur. Hamımız istəyirik ki, Azərbaycanı bütöv, qüdrətlənmiş, çiçəklənmiş görək. Bunun üçün hər birimiz bir Azərbaycan əsgəri olmalıyıq. Oxuculara isə sözüm budur ki, qəzetin yardımçısı olsunlar, dərc olunan məqalələri oxusunlar. Məqalələr yazıb əməkdaşlıq etsinlər, fikir mübadilələri aparsınlar. Həmçinin bütöv Azərbaycan uğrunda çalışan bütün həmvətənlərimizi dəstəkləsinlər. Yəni Qüzeydə, Güneydə, Borçalıda, Dərbənddə, Diasporada hər kəs “Bütöv Azərbaycan” adını müqəddəs bilir. Və bu qəzet də müqəddəs bir iş gördüyü üçün dəstəklənməlidir. Yenə demək istəyirəm ki, bu arzularımız, insani ideallarımız, yəni bütövləşmə bir günün, bir ilin işinin nəticəsi deyil, olmayacaq da. Amma bizim yolumuz çox düzgündür. O yola doğru həm güneydə, həm Qüzeydə maariflənmə var. Bütövləşmək istəkləri daha da artıb. Əminəm ki, bir gün özümüz də bütövləşməni görəcəyik. Bu arzunu istəyərdim ki, bütün oxucularımız ürəklərində daşısınlar. - Bir məsələni xüsusi qeyd etmək istəyirəm. Güneydə bəzi həmvətənlərimiz təzə bayraq düzəldiblər. Biz bir millətik. Bir millətin də vahid bayrağı olar. Mən arzu edərdim ki, Güney Azərbaycan üçün ayrı bir bayraq ortaya atmasınlar. Bu əvvəla bir millətin daimi olaraq parçalanmasına rəvac verir. Və bayraq da bayraqlığını itirir. Bayraq millətin əbədi rəmzidir. Çox şeyi dəyişmək olar, amma bayraq millətin varlığının rəmzi olduğu üçün onu dəyişmək olmaz. Bizim o taylı-bu taylı sələflərimiz təeəfindən seçilmiş bir bayrağımız var. O, bizim hamımızın bayrağımızdır. Bayrağımızın gözəl nişanələri var və o nişanələr bütün varlığımızı özündə tam əks etdirir. Belə bayrağa alternativ yaratmaq heç bir azərbaycanlıya yaraşmaz. Bir dövlətin parlamenti də onun hansısa rəmzini millətdən izn almadan dəyişə bilməz. Xeyir ola, bizim bəzi “dostlarımız” təşkilatlarımız bizi bir-birimizdən ayıran bir məsələyə meyl edirlər. Mən xahiş edirəm hər bir kəs bu gün BMT-nin üzərində dalğalanan bayrağımıza sevgiylə yanaşsın. Çünki o bizimdir. - Əhməd bəy, sizə bu müqəddəs amalınızda uğurlar arzulayırıq. Bir də arzu edirik ki, Bütövləşən Azərbaycanımızın müqəddəs bayrağı altında birləşək. Daha dərdləşməyək, sevincimizi paylaşaq. qaynaq:Bütöv Azərbaycan qəzeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar