SON XƏBƏRLƏR

bu gün Qars müqaviləsinin 88 yaşı tamam olur

2021.10.20, 07:36
bu gün Qars müqaviləsinin 88 yaşı tamam olur

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bu gün Qars müqaviləsinin imzalanmasından 88 il ötür. Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan arasında bağlanan bu müqavilə qonşu dövlətlərin sərhədlərini təyin etməklə bərabər, həm də Naxçıvanın gələcək taleyini müəyyən etmiş oldu. 1921-ci ilin 13 oktyrabrında Türkiyənin Qars şəhərində imzalanan müqavilə 20 maddədən ibarət idi. Bura həm də 3 əlavə və 4 xəritə daxildir. O zaman Qafqazda baş verən siyasi hadisələr, Ermənistanın Azərbaycana və qonşu dövlətlərə əsassız ərazi iddiaları bu müqaviləni zəruri etdi. Müqavilə 3 dövləti özündə birləşdirən Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında imzalandı. Bu tarix qədim türk yurdu Naxçıvanın Azərbaycanın tərkibində qalması ilə nəticələndi. Bu məsələdə Azərbaycanı ciddi cəhdlə dəstəkləyən isə Türkiyə oldu. Qars müqaviləsində Naxçıvana xüsusi önəm verən Türkiyə yaxşı başa düşürdü ki, bu ərazi onun türk dünyasına açılan yeganə qapısıdır. Bu baxımdan da Azərbaycan və türk diplomatlarının o zaman apardığı səriştəli siyasəti bolşevik-daşnak birliyi üzərində qələbə hesab etmək olar. Beləliklə, Qars müqaviləsinin əsasında ermənilərin Naxçıvana qarşı iddialarından əl çəkməsi dayanırdı. Milli lider Heydər Əliyevin təbirincə desək – ermənilər bizimlə qonşu olmasaydı və əsassız torpaq iddiaları etməsəydilər, Qars müqaviləsinə də ehtiyac qalmazdı. Qars müqaviləsi 1921-ci ilin oktyabrında imzalansa da, 1922-ci ilin sentyabrından qüvvəyə mindi. Bu müqavilə Azərbaycan və türk diplomatlarının uğuru idi. Çünki onun bitmə müddəti müəyyənləşmədi. Elə buna görə də, 1992-ci ildə ermənilər Naxçıvana əsassız ərazi iddiaları edəndə milli lider Heydər Əliyev Türkiyəyə gedərək bu müqavilənin müddətini uzatma təklifi verdi və yenidən gündəmə gətirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar