SON XƏBƏRLƏR

Uyğur türklərinin istəyi müstəqilliklərini əldə etməkdir

2021.10.20, 07:36
Uyğur türklərinin istəyi müstəqilliklərini əldə etməkdir

Gunaz.tv
Vəfa Quluzadə: "Çin totalitar imperiya dövləti olduğundan oradakı bütün etirazlar bu cür qırğınlarla yatırdılıb" Çinin Sincan Uyğur muxtar vilayətində baş verən etnik toqquşmaların bir neçə gündən bəri davam etməsinə baxmayaraq dünya birliyi baş verənlərə hələ də lazımi reaksiya vermir. Çox maraqlıdır ki, digər ölkələrdə hansısa kiçik miqyaslı və lokal toqquşmaların baş verdiyi aksiyalara dərhal reaksiya verən ABŞ Uyğurda baş verənlərlə bağlı susmaqda davam edir. Türkiyənin uyğur türklərinin aksiyalarının Çinin hərbi qüvvələri tərəfindən darmadağın edilməsi və çoxsaylı insan tələfatının baş verməsinə reaksiyası isə olduqca zəif oldu. Bununla belə artıq rəsmi Ankara baş verənlərə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün təşəbbüslərə başlayıb. SNN Türk-ün məlumatına görə, Çində baş verən qanlı toqquşmaları və uyğur türklərinə hərbiçilər tərəfindən divan tutulmasını ABŞ, Fransa, İngiltərə, İsveç və İrandan olan həmkarları ilə müzakirə edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu uyğur türklərinə divan tutulmasının etnik toqquşma olduğunu vurğulayaraq dünya birliyini bu hadisələrə həssas olmağa çağırıb. Onu da qeyd edək ki, Çində uyğur türklərinin qətlə yetirilməsini etirazla qarşılayan Türkiyə ictimaiyyəti ölkədə Çin istehsalı olan malların boykot edilməsini tələb etsələr də hələlik rəsmi Ankara baş verənlərlə bağlı daha ehtiyatlı mövqe sərgiləməkdə davam edir. Baxmayaraq ki, Türkiyə hökumətinin başçısı Rəcəb Tayyib Ərdoğan Qəzza hadisələri zamanı bütün diplomatik sərhədləri kənara ataraq İsrail prezidenti ilə açıq şəkildə diplomatik qalmaqal yaratmışdı, nədənsə baş nazirin Uyğur türklərinin qırılmasına verdiyi reaksiya o qədər də sərt olmadı. Siyasi ekspertlər isə hesab edirlər ki, dünya ölkələrinin uyğur türklərinin səsinə səs verməsi gözlənilən deyil. Xəzər Araşdırmalar Fondunun prezidenti politoloq Vəfa Quluzadə isə hesab edir ki, dünya ölkələrinin dinc insanların qətlə yetirilməsini bu cür laqeydliklə qarşılaması birinci dəfə deyil. - Əslində dünya birliyinin bu hadisələrə sərt reaksiya verməməsi gözləniləndi. Çünki dünya ölkələri belə reaksiya verməklə Çinin mövqeyinə heç bir təsir edə bilməyəcəklər, əksinə, bu ölkə ilə əlaqələrini korlayacaqlar. Bunun isə uyğur türklərinin vəziyyətinin dəyişməsinə heç bir köməyi olmayacaq. Çinki Çin totalitar bir ölkədi. Nüvə dövlətidi. Bu gün dünya ölkələrinin Çinə təsir etmək imkanları demək olar ki, olduqca azdı. Bu hadisələr Uyğurstanda birinci dəfə baş vermir. Bundan əvvəl də belə toqquşmalar olub. Ancaq Çin totalitar imperiya dövləti olduğundan oradakı bütün etirazlar bu cür qırğınlarla yatırdılıb. Əslində uyğur türklərinin bir istəyi var, o da öz haqlarını və müstəqilliklərini əldə etmək istəyidir. Onların yaşadığı yerdə əvvəllər Türkmənistan adlı respublika olub. Sonra Çin ləğv edib. Uyğurlar əslində elə türklərdir. Onların dili bizim dilə çox yaxındı. Elə demək olar ki, türk dilidi. - Türkiyənin də baş verənlərə reaksiyası lazımi səviyyədə olmadı? - Bu da onunla bağlıdır ki, faktiki olaraq bu gün heç kim Çinlə bacarmır. Çinin asılı olduğu yeganə ölkə Amerikadır. Çinin iqtisadiyyatı demək olar ki, Amerikadan asılı vəziyyətdədir. Ancaq indiki mərhələdə Amerikanın da bu hadisələrlə bağlı Çini sıxışdırmağa elə bir marağı yoxdu. Həm də Amerikanın özünün Çinlə bağlı böyük siyasi maraqları var. Ona görə də uyğurlarla bağlı Amerika heç nə etməyəcək. Bir də ki, dünya birliyindən hansısa sərt reaksiyalar gözləmək mənasızdı. Azərbaycanın ərazisi görün neçə illərdi işğal altındadı. Faktiki olaraq 20 faiz torpaq gedib, bir milyon insan isə qarət olunaraq didərgin salınıb. İşğalın adı erməninindi, əslində isə arxasında Rusiya imperiyası dayanıb. Bu gün dünya birliyi buna görə Rusiyaya nə edə bilir ki, Çinə də nə etsinlər? Böyük dövlətlər özləri zəifləyib dağılmayana qədər onlara təsir etmək mümkün olmur. - Uyğur türkləri bir neçə dəfə öz müstəqilliklərini əldə etmək üçün cəhdlər göstəriblər. Bu dəfə məsələlərin yenidən gündəmə gəlməsində ölkə daxilindəki proseslərin rolu ola bilərmi? - Çin bizdən çox uzaqda olduğuna görə çox zaman bu ölkə daxilindəki prosesləri biz bilmirik. Çünki Çində totalitar rejim var, amma hər halda mən hesab edirəm ki, böhranla bağlı Çinin də daxilində müəyyən problemlər yaranıb. Çünki böhranın ən çox təsirinə elə Çin məruz qalıb. Bir ölkədə problemlər yarananda da təbii ki, onu birinci növbədə etniklər hiss edirlər. Çində də bu vəziyyət var. Ona görə də orada uyğur türklərinə divan tutulur. - Proseslərin sonunu necə proqnozlaşdırırsınız? - Əslində indi heç bir proqnoz vermək mümkün deyil, sadəcə proseslərdən belə bir nəticə çıxarmaq olar ki, uyğur türklərinin etirazları bu dəfə də amansızcasına yatırdılacaq. Bu vəziyyət o vaxta qədər davam edəcək ki, Çindəki totalitar rejim çöksün. Necə ki, Rusiya birinci dəfə parçalananda bunun nəticəsi olaraq Qafqaz ölkələri, Mərkəzi Asiya dövlətləri ayrıla bildilər. Rusiya ikinci dəfə parçalananda çeçenlər, tatarlar, başqırdlar və digərləri də müstəqillik əldə edə biləcəklər. Eləcə də bu proses Çində getməlidir. Ancaq bunun nə vaxt baş verəcəyini heç kim bilmir. Ortada olan həqiqət budur ki, bu gün uyğur türklərinin taleyi Allahın ümidinə qalıb.Vüsalə Rafiqqızı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar