SON XƏBƏRLƏR

ŞOK : İraq kürd idarəçiliyi Türkiyəyə birləşmək istəyir

2021.10.20, 07:36
ŞOK : İraq kürd idarəçiliyi Türkiyəyə birləşmək istəyir

Gunaz.tv
Beynəlxalq Böhran Qrupundan şok hesabat Beynəlxalq Böhran Qrupunun "İraq və kürdlər" adlı hesabatında İraqın şimalındakı regional yönətimin ABŞ-ın dəstəyindən məhrum olacağı təqdirdə Türkiyəyə üz tutacağı bildirilir. Hesabatda İraqın şimalındakı bölgə idarəçiliyinin rəhbəri Məsud Bərzaninin təmsilçisi Fuad Hüseynin açıqlamasından da iqtibas gətirilir: "Əgər iraqlı şiələr İranı, sünnilər isə ərəb dünyasını seçərsə, o zaman kürdlər də Türkiyəyə ilə ittifaqa girmək məcburiyyətində qalacaq. Türkiyənin də bu müstəvidə kürdlərə ehtiyacı olacaq. Biz Türkiyə ilə birlikdə olmaq məcburiyyətindəyik və Türkiyənin də İraqda bizdən başqa dostu və müttəfiqi yoxdur". Hesabatda Məsud Bərzaninin Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşmədiyi qeyd olunsa da, İraqın şimalındakı regional idarəçilik görəvlilərinin türk rəsmilərilə dəfələrlə bir araya gəldikləri vurğulanır: "Baş verənlər Osmanlıdan sonra Türkiyənin haqlı olaraq iddia etdiyi Mosul vilayəti fikrini yenidən canlandırır. Lakin çaşqınlıq yaradan bu istəyin Türkiyənin milliyyətçi çevrələrindən deyil, kürdlər tərəfindən irəli sürülməsidir". Hesabatda Türkiyə və İraqın şimalındakı yerli idarəçilik rəsmilərinin Beynəlxalq Böhran Qrupuna verdiyi açıqlamalardan da nümunələr gətirilir. İraqın şimalındakı kürd idarəçiliyinin adı açıqlanmayan rəsmilərindən biri bildirir ki, müstəqil olmaq onların haqqıdır: "Ancaq bu baş verməzsə Türkiyə ilə olmağı daha üstün tuturam. Çünki İraq demokratik deyil. Mənim qənaətimə görə yeganə çıxış yolu bölgənin "Mosul vilayəti" adı altında Türkiyəyə, Türkiyənin də öz daxilindəki kürdlərin problemlərinin həlli məqsədilə Avropa Birliyinə qatılmasıdır". Hesabatda qeyd olunur ki, rəsmi Ankara kürdlərin "rəsmi birlik" təklifinə bir o qədər də müsbət münasibət bəsləmir. Adı çəkilməyən Türkiyə rəsmilərindən biri bildirir ki, İraqda yaşayan kürdlərlə gələcəkdə yalnız iqtisadi birliyin baş tutması mümkündür: "Lakin bu, rəsmi deyil, nəzəri bir birlik ola bilər. Biz İraqın ərazi bütövlüyünün qorunmasının tərəfdarıyıq. İraq bölgədəki etnik və dini qaydaların barometri kimidir. Bununla yanaşı iqtisadi əlaqələrin genişləndirilməsi mümkündür. Rəsmi Bağdadla anlaşaraq kürd bölgəsilə sərhədimizi şəffaf hala gətirib burada azad iqtisadi zona yarada bilərik". Məsud Bərazaninin rəsmi təmsilçisi Fuad Hüseyn prezident Obamanın açıqladığı təqvimə uyğun olaraq ABŞ qoşunlarının çəkiləcəyi nəticəsində İraqın tamamilə çökəcəyini bildirir: "Kürdlər yaranmış vəziyyətdən çıxış yolu kimi öz təhlükəsizliklərini təmin etmək üçün Türkiyəyə sığınmaq məcburiyyətində qalacaqlar. Türkiyə isə öz növbəsində Kərkükdəki nəhəng enerji ehtiyatları da daxil olmaqla İraqın şimalındakı neft və təbii qaza nəzarət etmək imkanı qazanacaq və dolayı yollarla Kərkükə sahib olacaqlar. Beynəlxalq Böhran Qrupunun qənaətinə görə, bölgədəki prosesləri diqqətlə izləyən Ankara isə İraqın şimalındakı türk investorlarının yatırımlarını dəstəkləyərək, bölgədəki neft və təbii qazın ixracı qapı olmaq niyyəti güdür. İranın İraq üzərində üstünlük qazanmasını istəməyən Ankara bir tərəfdən bu riski azaltmaq üçün rəsmi Bağdadla əlaqələrini genişləndirir, digər tərəfdən isə Bəsrə şəhərində baş konsulluq açmaqla Tehranın İraqın cənubuna olan təsirinə sərhəd qoymağı hədəfləyir. Hesabatda Genel Enerji və PetOil kimi Türkiyə şirkətlərinin Ankaradan adlıqları yaşıl işıqla İraqın şimalında fəaliyyət göstərdikləri və bu addımların gələcəyə hesablandığı qeyd olunur. Beynəlxalq Böhran Qrupu hesab edir ki, İraqın şimalındakı regional kürd idarəçiliyi Avropa Birliyinin Rusiyadan asılılığını azaltmaq üçün Türkiyə üzərindən "Nabucco" təbii qaz layihəsinə qoşularsa, o zaman rəsmi Bağdadla münasibətdə mövqelərini daha da gücləndirə bilər. Qeyd edək ki, Birləşmiş Ştatlar tərəfindən maliyyələşdirilən və Vaşinqtonun siyasətini təşviq edən hesabatlar hazırlayan Beynəlxalq Böhran Qrupunun ABŞ qoşunlarının İraqdan çıxarıldığı bir zamanda regional kürd idarəçiliyi rəsmilərinin dilindən sensasiya xarakterli açıqlamaları alması təsadüfə bənzəmir. Türkiyə yetkililəri haqlı olaraq İraqın şimalındakı kürd idarəçiliyinin "rəsmi birgəlik" ideyasını rədd edirlər. Əvvəla İraqın şimalındakı kürd idarəçiliyinin rəsmiləri ABŞ qoşunlarının ölkənin tamamilə tərk edəcəkləri təqdirdə müdafiəsiz qalacaqlarını, separatçı hərəkətlərinə və işğalı dəstəklədiklərinə görə cəzalandırılacaqlarını başa düşürlər. Digər tərəfdən, Türkiyəyə "rəsmi birləşmək" ideyasının bu ölkədə separatizm meyllərini artırmaqdan qaynaqlandığı şübhə doğurmur. Artıq Demokratik Toplum Partiyasının timsalında Türkiyə siyasətinə qatılmağı bacaran terrorçu-separatçı qrupların təcrübəsi də göz önündədir. Ola bilsin ki, bu ideya PKK terror qrupunu, DTP-ni, İraqın şimalındakı kürd yönətimini idarə edən eyni mərkəzdən alınmış təlimat əsasında ortaya çıxıb. Məqsəd isə, "Mosul vilayəti" adı altında Türkiyəyə birləşməklə ölkənin konstitusion quruluşunun dəyişməsinə, federallaşmasına və nəhayət parçalanmasına nail olmaqdır.Murad Yenigün

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar