SON XƏBƏRLƏR

Mehriban Vəzir: “Hamı bilməlidir ki, Şuşa Azərbaycanın heysiyyət, dövlətin namus məsələsidir”

2021.10.20, 07:36
Mehriban Vəzir: “Hamı bilməlidir ki, Şuşa Azərbaycanın heysiyyət, dövlətin namus məsələsidir”

Gunaz.tv
“ŞUŞASİZ AZƏRBAYCAN YOXDUR” Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev Qarabağ danışıqlarının detallarını açıqlayıb. Bu açıqlamalarda Ermənistan qoşunlarının əvvəl Dağlıq Qarabağətrafı rayonlardan çıxarılması xronologiyası əksini tapır. Prezident açıqladığı məsələlərin ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklifləri olduğunu bəyan edib: "Razılaşma imzalanandan dərhal sonra ilkin mərhələdə erməni ordusunun Dağlıq Qarabağ ətrafındakı 5 rayondan çıxarılması həyata keçirilir. Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən 2 rayon, Kəlbəcər və Laçından isə onların məhz coğrafi mövqeyi nəzərə alınaraq çıxarılması razılaşma qüvvəyə minəndən 5 il sonraya nəzərdə tutulur". Rayonlar sırasında Şuşanın adına rast gəlinməməsi cəmiyyətdə belə təəssürat yaradıb ki, sanki bu qədim şəhərin azad olunması heç müzakirə mövzusu deyil. Bəzi konfliktoloqlar isə hesab edir ki, Şuşanın adının işğal altındakı digər rayonlara nisbətən çəkilməməsi onun sovet dövründə mövcud olmuş Dağlıq Qarabağ vilayətinə daxil olması ilə əlaqədardır. Hazırda Dağlıq Qarabağın azad edilməsi və ya statusunun müəyyən olunması məsələsindən danışılarkən və müzakirələr aparılarkən Şuşa da nəzərdə tutulur. Əslən şuşalı olan yazıçı-publisist Mehriban Vəzir isə bizimlə söhbətində bildirdi ki, Şuşanın danışıqlar prosesində sanki kənarda qalması, adının çəkilməməsi ciddi narahatlıq doğurur. Azərbaycan hakimiyyəti bütün danışıqlarda ilk növbədə Şuşanın azad olunması məsələsini qaldırmalı və bunu əsas şərt kimi irəli sürməlidir: “Çünki Şuşa erməni işğalından azad olunmayınca - hətta digər rayonlarımız azad olunsa belə - münaqişə həll olunmamış qalacaq. Şuşa Azərbaycan üçün təkcə bir parça torpaq, bir ərazi vahidi deyil. Şuşanın ermənilərdə qalması Azərbaycanın ömür boyu qüruru sınmış, sınıq bir dövlət kimi yaşamağa məhkum olması deməkdir. Şuşasız Azərbaycan yoxdur. Azərbaycan hakimiyyəti bunları mütləq nəzərə almalıdır. Ümumiyyətlə, danışıqların mahiyyəti Azərbaycan vətəndaşlarına tam şəkildə aydın deyil. Qarabağ məsələsini də neft müqavilələrinə döndəriblər. Necə ki, xalq tam şəkildə bilmir ki, neft müqavilələrində hansı bəndlər var, eynnilə də Qarabağ danışıqlarında masanın üzərində hansı məsələlərin olduğundan xəbərsizik. Dövlət başçısı isə vəziyyəti daha dəqiq bilir. Görünür, bildiyi üçün də mövcud şərtlərə görə danışır. Hamı bilməlidir ki, Qarabağın, xüsusilə də Şuşanın məsələsi Azərbaycanın heysiyyət, dövlətin namus məsələsidir. Azərbaycan dövləti heysiyyətini, namusunu qorumaq üçün mütləq işğaldakı torpaqlarını azad etməlidir. Azərbaycanın heç bir ərazisi hərraca çıxarılmamalıdır”. Mehriban Vəzir son vaxtlar hakimiyyətin Polad Bülbüloğlu, Novruz Məmmədov və digər şəxslərin dili ilə “azərbaycanlılarla ermənilər bundan sonra bir yerdə dostluq şəraitində yaşaya bilər” təbliğatı aparmasına da münasibət bildirdi: “Tarixdə təcrübələr çoxdur. Millətlər bir-birinin qanını tökür, lakin sonradan yanaşı yaşayırlar. Amma bunun üçün işğalçı tərəf işğalçılığından geri çəkilir və uzun illər keçir. Bu gün ermənilər Rusiyanın əlində alət kimi istifadə olunurlarsa, onlar azərbaycanlılarla necə dost ola bilərlər? Novruz Məmmədov və digər rəsmilər dostluqdan danışa bilərlər, ancaq qəlbləri idarə edə bilməzlər. Xocalıda, Qarabağın digər yerlərində beş yaşında qızı rusların əlində alət olan ermənilər tərəfindən təhqir olunmuş ana, ata, qardaş bu faciəni unuda bilməz. Nə vaxt Azərbaycan hökuməti bu faciələrin əsas günahkarının, təşkilatçısının Rusiya olduğunu cəsarətlə bəyan edəcəksə və ermənilər də alət olmaqdan imtina edəcəklərsə, bəlkə o zaman iki millət arasında münasibətlər normallaşar. Rusiyanın siyasətinin iki qurbanı var: Azərbaycan türkləri və ermənilər. Ermənilər Dağlıq Qarabağda Rusiyanın əsiri və qurbanı olduqlarını etiraf edərsə, Azərbaycan türkləri ilə münasibətləri düzələ bilər”.musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar