SON XƏBƏRLƏR

Cavad Heyət: "Çətinliklərimizi aradan qaldırmaq üçün xalqımızın milli şüurunun yüksəldilməsi istiqamətində böyük işlər görməl...

2021.10.20, 07:36
Cavad Heyət: "Çətinliklərimizi aradan qaldırmaq üçün xalqımızın milli şüurunun yüksəldilməsi istiqamətində böyük işlər görməl...

Gunaz.tv
Cavad Heyət: "Çətinliklərimizi aradan qaldırmaq üçün xalqımızın milli şüurunun yüksəldilməsi istiqamətində böyük işlər görməliyik" Mətbuat Şurasında "Cənubi Azərbaycan mətbuatının tarixi" kitabının təqdimatı keçirildi Dünən Azərbaycan Mətbuat Şurasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) böyük elmi işçisi və Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin müəllimi? filologiya elmləri namizədi Pərvanə Məmmədlinin "Cənubi Azərbaycan mətbuat tarixi" kitabının təqdimatı və müzakirəsi keçirildi. Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Cənubi Azərbaycan mətbuat tarixi" kitabının yazılı mediamızın araşdırıcıları üçün olduqca mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. MŞ sədri Azərbaycan mətbuatının bütövlükdə böyük bir inkişaf yolu keçdiyini önə çəkərək, tarixi ənənələrin davam etdirilməsi üçün belə tədqiqatlara hər zaman ehtiyac duyulduğunu bildirdi. Daha sonra söz Güney Azərbaycanda nəşr olunan "Varlıq" jurnalının yaradıcısı və baş redaktoru doktor Cavad Heyətə verildi. Güney Azərbaycan mətbuatının tarixilə bağlı tədbir iştirakçılarına geniş məlumat verən Cavad Heyət xalqımızın qan yaddaşının, dilimizin və mədəniyyətimizin qorunub saxlanılmasında yazılı medianın müstəsna rol oynadığını söylədi. Uzun illər boyu tariximizin saxtalaşdırılmasına, Güney və Qüzey Azərbaycan arasında fikir, düşüncə, dil və mədəniyyət birliyinin pozulmasına cəhdlər edildiyini xatırladan "Varlıq" jurnalının baş redaktoru bu qəbildən olan iddiaların acı gülüş doğurduğunu vurğuladı: "Belə bir rəy yaratmağa çalışırdılar ki, guya İran Azərbaycanında yaşayan türklər monqollar tərəfindən türkləşdirilən farslardır. Guya İranda yalnız bir millət yaşayıb. Şimal Azərbaycanda yaşayanlar isə arran (aran-red.) türkləridir. Bu qədər saçma, cəfəng iddia olmaz. Əgər bu monqol "köpəyoğlu" bu qədər bacarıqlıydısa, o zaman bizə elə öz dilini öyrədəydi də...". Cavad Heyətdən sonra çıxış edən tarixçi-alim Nəsiman Yaqublu "Cənubi Azərbaycan mətbuatı tarixi" kitabının jurnalistika, filalogiya, tarix və şərqşünaslıq fakültələrində təhsil alan tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutuğunu bildirdi və qeyd etdi ki, Pərvanə Məmmədlinin araşdırması beynəlxalq münasibətlər, politologiya sahəsində çalışan mütəxəssislər üçün də faydalı mənbə funksiyasını yerinə yetirə bilər. Tədbirə qatılan ziyalılara, media nümayəndələrinə təşəkkürünü bildirən müəllif isə öz növbəsində kitabın hazırlanmasında xidməti olan şəxslərin, o cümlədən doktor Cavad Heyətin adını xüsusi ehtiramla xatırlatdı. Pərvanə xanım tədbirin təşkilaçılığına görə Azərbaycan Mətbuat Şurasına minnətdarlığını bildirdi. Təqdimat mərasiminin sonunda yenidən söz alan Cavad Heyət tarix boyu saysız-hesabsız problemlərlə qarşılaşan xalqımızın yeganə bir probleminin olduğunu dilə gətirdi: "Bizim bir problemimiz var və bütün digər problemlərimizin kökündə də məhz bu amil dayanır. Bu da milli şüurumuzun yüksək olmamasıdır. Əsas problemimiz milli şüur məsələsidir və bütün digər çətinliklərimizi aradan qaldırmaq üçün xalqımızın milli şüurunun yüksəldilməsi istiqamətində böyük işlər görməliyik". Qeyd edək ki, Pərvanə Məmmədlinin oxuculara təqdim olunan kitabında XIX əsrin birinci yarısından müasir dövrümüzədək hazırda İran adlanan ərazidə və ondan kənarda yaşayan azərbaycanlı ziyalıların ədəbi-ictimai fəaliyyətindən, onların nəşr etdikləri çeşidli mətbu orqanlarından bəhs olunur: "İki əsrə yaxın vahid bir xalqın mənəvi ünsiyyətinə qoyulan qadağalar, şovinist çar və şahlıq rejimləri, sonralarsa boşevik və klerikal rejimlər qədim və zəngin ədəbiyyata, tarixə malik bir xalqın mənəviyyatına ağır zərbə olsa da, onun öz varlığını yaşatmaq əzmini sındıra bilməmişdir. Bu baxımdan, o illərdə yaranmış ədəbiyyat, mətbuat xalqa əvəzsiz xidmət göstərmişdir. Güney Azərbaycan mətbuat tarixilə milli azadlıq hərəkatı hər zaman paralel addımlayıb. Hər inqilabdan sonra mədəni həyatda da irəliləyiş olmuş, lakin hakim dövlət siyasəti milli tərəqqinin qarşısında Çin səddi çəkmişdir. 1906-1991-ci illər Məşrutə inqilabı, 1920-ci il Xiyabani hərəkatı, 1945-ci il 21 Azər hərəkatı, nəhayət 1978-79-cu illər inqilabı təkcə XX əsrdə Güney Azərbaycan türklərinin aparıcı qüvvə kimi iştirak etdiyi əsas ağırlıq mərkəzinin təşkil etdiyi, böyük itkilər verdiyi inqilabi hərəkatlardır. 1945-ci ildə Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Milli Demokratik Hökumət quruldu. Muxtariyyət əldə etmiş Azərbaycanda bir çox sahələrdə, eləcə də təhsil, çap işi sahəsində islahatlar keçirildi. Azərbaycan dili rəsmi dil elan olundu. Ana dilində məktəblər açıldı, jurnal, kitab nəşr olundu, radio verilişləri yayımlandı... Lakin, təəssüf ki, bu cəmi bir il çəkdi. 1978-79-cu illər İran inqilabından sonra, bu məsələ yenə də gündəmə gəldi. İran dövlət konstitusiyasında öz əksini tapan - ölkədə yaşayan bütün xalqların, eləcə də azərbaycanlıların ana dilində ibtidai təhsil almaq, mətbu orqanları çıxarmaq, kitab nəşr etmək kimi hüquqlara malik olduğunu göstərən maddələr qəbul olundu. Ancaq bu günədək İranda ana dilində təhsil almaq, qəzeğ, kitab oxumaq kimi ən adi insan hüquqları pozulur. 1978-79-cu illər İran inqilabı Cənubi Azərbaycanda milli mətbuatın dirçəlişi üçün zəmin yaratdı. Xüsusilə, inqilabın ilk illərində Azərbaycan tükcəsində onlarca jurnal və qəzet nəşrə başladı. Ancaq bunların çoxunun ömrü qısa oldu. Sonuncu inqilab da Cənubda yaşayan böyük bir xalqın milli-mənəvi ehtiyaclarına məlhəm olmadı. İranda azərbaycandilli mədəniyyətin, mətbuatın, ədəbiyyatın inkişafı üçün nisbi zəmin yaransa da, 1982-ci ildə nəşr olunan anadilli mətbuat orqanlarının, "Varlıq" jurnalı istisna olmaqla hamısı bağlandı. Əsrlər boyu İranın möhkəmlənməsində və tərəqqisində əsas rol oynayan, yeri gələndə canını belə əsirgəməyən azərbaycanlılar bu gün də öz hüquqları uğrunda yorulmadan mübarizə aparırlar. Bu müqəddəs işdə çətinliklərlə nəşr edilən hər bir mətbuat nümunəsinin adicə bir sayının da böyük siyasi, mədəni əhəmiyyəti var". Azər

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar