SON XƏBƏRLƏR

BAXCP ziyalıların səfərini pislədi

2021.10.20, 07:36
BAXCP ziyalıların səfərini pislədi

Gunaz.tv
"İşğala məruz qalan dövlətin nümayəndə heyətinin təcavüzkar ölkənin paytaxtına səfər etməsi heç bir halda Azərbaycanın bu günədək sərgilədiyi mövqeyə və münaqişənin ədalətli həllinə xidmət etmir" Dünən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantımı keçirilib. Toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. İdarə Heyətinin müzakirə etdiyi ilk məsələ ötən həftə Rusiya xarici işlər nazirliyinin mədəniyyət məsələləri üzrə xüsusi nümayəndəsi, səfir Mixail Şvıdkonun iştirakıyla Polad Bülbüloğlunun rəhbərlik etdiyi mədəniyyət və ictimaiyyət nümayəndələrindən, millət vəkillərindən təşkil olunmuş nümayəndə heyətinin Azərbaycanın işğal altında olan torpaqlarına və işğalçı ölkənin paytaxtına səfər etmələri ilə bağlı olub. BAXCP İdarə Heyəti Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun başçılıq etdiyi nümayəndə heyətinin növbəti dəfə Xankəndinə və İrəvana səfərini qətiyyətlə pisləyib və bunun ölkənin ərazi bütövlüyünün təmin olunmasına müsbət təsir göstərməyəcəyini vurğulayıb: "Azərbaycan nümayəndə heyətinin işğal olunmuş ərazilərimizə və təcavüzkar ölkəyə səfər etmələri bir sıra beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin həllinə və münaqişə tərəflərinə münasibətdə ikili standartlardan çıxış etmələrinə haqq qazandırır. Belə ki, bir sıra aparıcı ölkələrin, beynəlxalq təşkilatların və ATƏT-in Minsk qrupunun həmsdəri olan dövlətlərin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını bilərəkdən diqqətdən kənarda saxlayaraq, təcavüzkarla və təcavüzə məruz qalanı eyniləşdirmələri hər zaman tərəfimizdən haqlı etirazla qarşılanmışdır. Bu səbəbdən, işğala məruz qalan dövlətin nümayəndə heyətinin təcavüzkar ordunun nəzarəti altında olan ərazilərə və təcavüzkar ölkənin paytaxtına səfər etməsi heç bir halda Azərbaycanın bu günədək sərgilədiyi mövqeyə və münaqişənin ədalətli həllinə xidmət etmir. Belə bir təsəvvür yaranır ki, sanki Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunmayıb, sadəcə iki qonşu ölkə arasında hər iki tərəfin günahı üzündən baş vermiş münaqişə var və tərəflərdən biri bütün vasitələrdən istifadə edərək barışığa can atır". BAXCP İdarə Heyətinin mətbuat üçün açıqlamasında qeyd olunur ki, belə yanaşma işğalçı Ermənistanın bu günədək münaqişənin motivləri və səbəbləri haqqında beynəlxalq aləmdə formalaşdırmaq istədiyi rəyə daha çox uyğun gəlir. BAXCP İdarə Heyəti Azərbaycan nümayəndə heyətinin işğal altında olan ərazilərə səfər etməsini biabırçılıq adlandırıb və qeyd edib ki, Polad Bülbüloğlunun rəhbərlik etdiyi qrupun birinci olaraq, yəni Ermənistan nümayəndə heyətinin Bakıya səfərindən daha öncə işğal altında olan ərazilərimizə və İrəvana getmələri ikiqat rüsvayçılıqdır: "Təsəvvür edin ki, əraziləri işğal olunmuş SSRİ-nin işğalçı Hitler Almaniyasına barışıq missiyası göndərib... Təbii ki, nə o zaman, nə də tarixin digər dönəmlərində oxşar işğalçılıq faktlarının mövcud olduğu münaqişələrdə təcavüzə məruz qalan tərəfin nümayəndələrinin təcavüzkar ölkəyə sülh missiyası ilə səfər etmələri mümkün deyildi. Elə indi də baş verən hadisənin analoqu yoxdur". BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycan nümayəndələrinin bu qəbildən olan səfərləri millətimizin aşağılanmasına və təslimçilik ruhunun aşılanmasına zəmin yaradır: "Biz Azərbaycan hökumətini bu siyasətinə yenidən baxmağa dəvət edirik". BAXCP İdarə Heyətinin müzakirəyə çıxardığı növbəti məsələ isə əhaliyə verilən təbii qazın qiymətinin bahalaşmasıyla bağlı olub. BAXCP İdarə Heyəti Tarif Şurasının qərarıyla bağlı Milli Demokratik Qüvvələr Birliyinin (MDQB) ötən həftə qəbul etdiyi bəyanatı dəstəklədiyini bildirib. İdarə Heyəti hesab edir ki, ölkədə orta aylıq əmək haqqının aşağı olduğu bir dönəmdə enerji xərclərinin yüksəldilməsi aztəminatlı ailələrin büdcəsinə ciddi zərbə vurur: "Hələ ötən il yanacaq və neft məhsullarının, elektrik enerjisinin, təbii qazın qiymətlərinin qaldırılması istiqamətində atılan əsaslandırılmamış addımlar, eləcə də təbii qazın satış qiymətinin qaldırılmasıyla bağlı Tarif Şurasının son qərarı ölkədə sosial problemlərin artmasına səbəb olur". BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycan hökuməti öz qərarlarına yenidən baxmalı və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görməlidir.Azər

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar