SON XƏBƏRLƏR

Azərbaycan hökuməti öz əli ilə ermənilərin böyük diplomatik uğur qazanmasına şərait yaradır

2021.10.20, 07:36
Azərbaycan hökuməti öz əli ilə ermənilərin böyük diplomatik uğur qazanmasına şərait yaradır

Gunaz.tv
Əli Kərimli hesab edir ki, bu, qondarma Dağlıq Qarabağ rejiminin danışıqlarda tərəf olması ilə nəticələnə bilər Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədir Əli Kərimli Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin Qarabağa, İrəvana oradan isə Azərbaycana səfəri ilə bağlı olaraq ANS PRESS-in suallarını cavablandırıb. -Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin Qarabağa səfərinə münasibətiniz necədir? - Biz əlbəttə istəyirik ki, müharibə sülhlə qurtarsın. Ancaq hesab edirik ki, bunun üçün əvvəlcə Ermənistan tərəfindən işğal faktı aradan qalxmalıdır. Hazırda torpaqlarımızın 20 faizi işğal altındadır. Və o torpaqların boşaldılması ilə bağlı hər hansı razılıq yoxdur. Belə bir şəraitdə mən hesab etmirəm ki, aparılan proses Azərbaycanın maraqlarına uyğundur. Azərbaycan xalqı işğal faktı ilə barışdırılır. Azərbaycan xalqı indiki status kvonun daha uzunmüddət saxlanması faktı ilə barışdırılır. Ona görə də hesab edirəm ki, bizim Ermənistanla əlaqələrimizin əsas dəyişməz ilkin şərti işğal olunmuş torpaqların azad olunması olmalıdır. O torpaqları Ermənistan azad etsin, ondan sonra digər addımlar atıla bilər. O zaman bizim Türkiyəyə olan iradlarımız da mənasızlaşır. Biz Türkiyədən tələb edirik ki, Ermənistanla münasibətlərin qurulması üçün Azərbaycan torpaqlarının azad olunmasını gözləsin, ancaq özümüz bunu gözləmirik. Ona görə də mən bunu Azərbaycanın maraqlarına zidd hesab edirəm. - Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun qondarma Dağlıq Qarabağ separatçı rejiminin rəhbəri ilə görüşü barədə nə deyə bilərsiniz? -Burada da aşkar görünür ki, erməni diplomatiyası özünün uğurunu qazanmaq ərəfəsindədir. Erməni tərəfinin əsas məqsədi Qarabağın separatçı, terrorçu rejimini danışıqların müstəqil tərəfi kimi təqdim etmək idi. Beynəlxalq təşkilatlar da axır vaxtlar buna meyllənmişdi. Amma Azərbaycan özü bu addımı atmadıqda onlar da Qarabağı müstəqil tərəf kimi tanıya bilmirdilər. İndi ona görə də Azərbaycan öz əli ilə ermənilərin böyük diplomatik uğur qazanmasına şərait yaradır. Və həmin separatçı rejimin legitimliyi Azərbaycan tərəfindən qəbul olunur, çünki həmin separatçı rejimin başçısı ilə, hansı ki, o, Azərbaycanın ərazi bütövlüyünü tanımır və iddia edir ki, Dağlıq Qarabağ müstəqil dövlətdir, həmin iddiada bulunan şəxslə Azərbaycan dövlətinin rəsmiləri görüşürlər. Sadəcə ziyalılar yox, səlahiyyətli şəxslər, səfir, deputat səviyyəsində Azərbaycan hakimiyyətini timsil edən şəxslər görüşürlər və bununla da həmin separatçı terrorçularin legitimliyinin dünya miqyasında tanınmasına kömək etmiş olurlar. Qarabağın danışıqlarda ayrıca statusla iştirak etməsinə zəmin yaradırlar və Azərbaycan tərəfindən bu, diplomatik baxımdan növbəti bir məğlubiyyət, Ermənistanın isə növbəti bir uğurudur. Mən qəti şəkildə bu hərəkətləri pisləyirəm. - Müxalifət partiyası olaraq narazalığınızı necə bildirəcəksiniz? -Dünən Respublika və Qarabağ uğrunda Hərəkata daxil olan partiyaların tolantısı olub. Əsas müzakirə etdiyimiz məsələ də Azərbaycanın nümayəndə heyətinin Ermənistana səfəri, Ermənistanın Azərbaycanın işğal etdiyi torpaqları azad etmədən bu iki dövlət və xalq arasında danışıq yaradılmasına edilən cəhdlər olub. Bununla bağlı kifayət qədər prinsipial və sərt bəyanatla çıxış etmişik. Sonrakı addımlarımızı da Azərbaycan hakimiyyətinin atacağı addımları müşahidə edərək müəyyənləşdirəcəyik. Biz istəyirik ki, Azərbaycanla Ermənistan arasında münaqişə sülh yolu ilə nizama salınsın, amma biz bu sülh yolunu Azərbaycan torpaqlarına "əlvida" deməklə təsəvvür etmirik. Torpaqlarımızın yalnız və yalnız işğaldan azad olunması ilə təsəvvür edirik. Əgər Azərbaycan hakimiyyəti torpaqlar işğaldan azad olunmadan indiki təslimçi siyasətini davam etdirərsə, o zaman digər etiraz aksiyalarının keçirilməsi də müzakirə olunacaq. Aytən Həmidova/ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar