SON XƏBƏRLƏR

İranın “şeytan” tutqusu

2021.10.20, 07:36
İranın “şeytan” tutqusu

Gunaz.tv
“Əgər islam dini ülkər ulduzundan asılarsa, farslar onu oradan da əldə edərdilər…” “İndi sənə deyirəm ki, təəccüb etmə. Ərəb tayfasının yalan quraşdırma, əfsanə düzəltməkdə bütün tayfalar arasında misli-bərabəri yoxdur… Məşhur bir məsəl də var ki, deyərlər: “Əgər islam dini ülkər ulduzundan asılarsa, farslar onu oradan da əldə edərdilər…” Mirzə Fətəli Axundov “Kəmalüddövlə məktubları” …Kəyumərs, Cəmşid, Güştasib, Adil Ənuşirəvan, yaxud Xosrov Pərviz zamanını, farsların Babilistan, Assiriya, Misir, Afina, Roma ordularını darmadağın etdikləri dövrləri, Liviyadan Hindistana, Həbəşistandan Bolqarıstana qədər uzanan imperiyaya sahib olduqları çağlarını xatırlamağa nə hacət var? Bütün aləmə bəllidir ki, bunlar necə dövlət sahibi olublar, necə bu dövləti qoruyub saxlayıblar. Ancaq inanın, yüz illər əqdəm bu hökmdarların “Min bir gecə”sayağı ağlamalı-gülməli, ibrət dolu hekayətləri, fars ordusunun dünyanı qorxuya salan nizam-intizamı və qalibiyyətləri, imperiyalarının hüdudsuzluğu deyil, demək olar ki, əsrimizin qəhrəmanı məşhur Qəvaməssəltəninin bir-birinin ardınca Azərbaycanda baş qaldıran üç inqilabın atasını necə yandırmağını xatırlamağım mənim haliyədəki mövzudan yazmağıma kifayət elədi. Bəli, Qəvaməssəltənə - əvvəlcə Səttarxanı, ardından Xiyabanini öldürən, sonra da Pişəvərini ideyaları və fədailəri ilə birgə didərgin salan İranın görkəmli bir dövlət xadimidir! İnanın ki, onun başgicəlləndirici karyerasını, hakimiyyət olimpində enişlərini-yoxuşlarını xatırlayanda adamın mələklərin dilindən Firdovsisayağı “əhsən” deməkdən ayrı çarəsi qalmır. Bu məhz həmin Qəvam idi ki, inqilab eləyən azərbaycanlıları, kürdləri qanına qəltan eləyəndən sonra İkinci Dünya Müharibəsi bitən kimi İranın dünya düzənində xarab olan imicini düzəltməyə nail oldu, gah Londonun, gah da Moskvanın qapısını yağır eləyə-eləyə Londonu orda, Moskvanı burda aldatdı, o şeytan Stalinin başını özünün “Şimal neft yataqları” nağılıyla piyləməyə nail oldu, dövləti parçalanmağa qoymadı… …Əslində, İran tarixinin bu cür olaylarla necə zəngin olduğuna şahidlik üçün elə də uzağa getməyə ehtiyac yoxdur. Dəfələrlə dünyanın gözü qarşısında İranın “şeytan” dediyi dövlətlərlə işbirliyi qurduğu, rejimin saxlanması naminə ən ağlagəlməz siyasi reveranslar etdiyinə şəhadət eləmək elə də çətin deyil. …Şanlı İslam inqilabından sonra “ərəb qardaşlarını fars zülmündən azad etmək”, əslindəsə Xuzistandakı “qara qızıl”a sahib olmaq barədə düşünən Səddama qarşı vuruşmaq üçün Amerikayla, İsraillə silah alverinə girişən İran hakimiyyətinin bu yolda tökdüyü tər və işlətdiyi siyasət Tehran küçələrində “mərcibəri Amerika, mərcibəri İsrail” qışqıran fanatiklərin vecinə olmasa da, tarix və siyasət deyilən zəhrimar var axı. Heç nə yox, elə “Tam məxfi”nin arxivindən götürdüyüm bəzi faktları sadalamaq yetərlidir. Birinci ondan başlayaq ki, İran üçün o çətin illərdə Suriya istisna olmaqla bütün ərəb dünyası canı-dildən, o cümlədən bu gün İranın guya yolunda fəda olmağa hazır olduğu fələstinlilər və onların o zamankı çalmalı rəhbərləri Yasir Ərəfat da İranın deyil, məhz İraqın tərəfində durmuşdular. Təklənən İran isə əsl Qəvam hiyləsi və diplomatiyası ilə bilirsinizmi nə etdi? Silah-sursata və cəbbəxanaya ehtiyacı olan Xomeyni ABŞ-la, İsraillə əlaqəyə girərək müharibə üçün lazım olan hər şeyi “balaca” və “böyük” şeytandan almaq uğrunda gizli danışıqlara başladı. Məhz 1980-ci ilin əvvəllərində ayətullah Ədbül Qasım Kaşaninin oğlu Əhməd Kaşani İsrailə səfər etdi, yəhudilər üçün daha çox təhlükəli görünən Səddama qarşı vuruşmaq üçün onlardan silah-sursat istədi. İndiki prezident Əhmədinejadın da iştirak elədiyi güman edilən məşhur girov məsələsinin həllindən və İranın təcridinə tərəfdar olan Cimmi Karterin məğlubiyyətindən, Ronald Reyqanın hakimiyyətə gəlişindən sonra bu ölkəyə silah-sursat satışına icazə verildi. Hələ o dövrdə İrandakı sollar bu məsələnin araşdırılmasını istəsələr də, İslam inqilabının şanlı rəhbəri buna icazə vermədi. Axı, “torbada pişik” vardı. Ancaq fakt faktlığında qalırdı və ərəb dövlətləri arasında İranın imici sürətlə aşağı düşməyə başlamışdı. Hamıya çox təəccüblü gəlirdi: Amerika ilə İsraili “böyük və kiçik şeytan” adlandıran İran rəhbərliyi necə ola bilərdi ki, müsəlman İraqa qarşı döyüşdə bu “şeytanların” silahından istifadə etsin? Əslində, heç kim və heç nə qınanmalı deyil: onlar üçün din də, ideologiya da bir məshəbə – İran dövlətinin qorunmasına xidmət edirdi və edir… Məhz ona görə də, İranın Fələstinin azadlığı uğrunda apardığı “mübarizə”sinin bir adı var: ərəb ölkələrinə özünün yalnız şiə dövlət olduğunu deyil, bütün müsəlmanların son sığınacağı olduğu obrazını sırımaq! “Şir”in davası fələstinlilərin azadlığı, yaxud Fələstin adlı dövlət yaratmaq davası deyil, ortada İranla ərəb dünyasının Yaxın və Orta Şərqdə nüfuz uğrunda mübarizəsindən ibarət olan geopolitik dartışma durur. Tarixi xatırlamaq yetərlidir: nə vaxt ki, Fələstinlə İsrail arasında sülhə yaxın bir kağız imzalanır, dincliyə aparan bir danışıq olur, İran ortaya çıxır. İran Konstitusiyasının maddələrindən birində hətta “işğal olunmuş ərəb torpaqlarının azadlığı” tələbi də var. İndi o boyda İran Konstitusiyası bir ovuc ərəbə görə dəyişəsi deyil ki… Elə buna görə də, Fələstin-İsrail münaqişəsində hətta görüntüsü olan dinclik belə İrana dinclik vermir. Elə buna görə də, 1993-cü ildə Fələstin Azadlıq Təşkilatı ilə İsrail ayırca Fələstin dövlətinin yaradılması barədə razılığa gələndə İran Yasir Ərəfatı “öz xalqını satmaqda” ittiham etdi, “Hizbullah” və “Həmas” kimi radikal təşkilatlara dəstəyə rəvac verildi, razılığın içinə “bomba” qoyuldu və sülh prosesinin “zibili” çıxdı. İrana Yaxın Şərqdə sülh və əmin-amanlıq sərf etmədiyi üçün. Belə təcrid kimə sərf edər? Fikirləşməyinə dəyər: necə ola bilər ki, bir ölkənin prezidenti (məsələn, Əhmədinejadın 2005-ci il çıxışı) dünyaya meydan oxuyurmuş kimi, BMT-nin, dünya dövlətlərinin müstəqil dövlət olaraq tanıdığı və “dəftər-kitabına yazdığı” o boyda İsrailin yer üzündən, hətta tarixdən silinməsi barədə ciddi-ciddi danışsın? Bu avantüraya kim inanar axı? Ağlı başında olan kəs bilir ki, İranın İsrail “nifrəti” onun ərəb dövlətlərinə “mənəm müsəlman dünyasının dayağı” deyə, düşünərək atdığı bir qarmaqdan savayı bir şey deyil. Mahiyyətdə İsrailin məhv olmasını istəməyən bəlkə də, ən çox İrandır. Əgər İran “balaca şeytan”a belə nifrət edirsə, niyə 1982-ci ilin məşum iyun ayında İsrail orduları Livana girəndə kömək üçün ona müraciət eləyən livanlı səfirə rədd cavabı verdi? Eyni mənzərədir! Fələstinlilərin taleyi də İranın heç vecinə deyil. “Müqəddəs Qüds” bir nağıldır molla rejimi üçün… Müsəlman dünyasında “baş molla” olmaq üçün uydurulmuş bir nağıl! ...Bu dünyada riyakar, hiyləgər insanlar ola bilər, ancaq ölkələrin riyakarı, hiyləgəri olmaz. Cənub qonşumuza bu mənada yüz faiz qibtə eləmək mümkündür. Sasanilər dövründən süzülüb gələn ehmallıq İran siyasətinin özəyidir. Bu ölkə dəfələrlə tarixin ən ağır sınaqlarından itki vermədən çıxdı. Sonuncu dəfə belə bir sınaq 2003-cü ilə təsadüf etdi. Dövr o dövr idi ki, İranın 8 il uğursuz müharibə apardığı Səddam Hüseyn rejimi ABŞ-ın hücumlarına davam gətirmədi. İranı bundan çox qorxutmaq mümkün deyildi. Bala Buşun “Avraam Linkoln”un göyərtəsindən “Missiya başa çatdı” sözlərindən sonra Tehran tez-tələsik amerikalılara öz təkliflərini hazırladı, “Həməs”, “İslam cihadı” kimi təşkilatlara yardımı kəsməyi, “Hizbullah”a təzyiq etməyi, “Əl-Qaidə” ilə döyüşməyi vəd etdi. Əli Xamneyi cənabları məhz bu qorxunun ucbatından 2004-də – 27 ildə ilk dəfə ağzından “İran Amerika ilə danışıqlar aparmağa hazırdır” kəlməsini “qaçırtdı”; məhz bu qorxunun nəticəsi idi ki, İranda nüvə proqramının icrası dayandırıldı. …Bu gün İran rəhbərlərinin Amerika və İsrail haqda bəyanatlarının arxasında İran-Amerika gizli sövdələşməsinin dayandığını bilmək üçün elə də güclü strateq olmağa ehtiyac yoxdur. Yaxın məqsədlərdə Yaxın və Orta Şərqdə, uzaq məqsədlərdə müsəlman dünyasındakı maraqlar üçün İrandan əlverişli müttəfiq, hətta fikirləşib tapmaq belə mümkün deyil. İranın “böyük və bala şeytanlar”a meydan oxumağı da eyni qaydada yaxın məqsədlər üçün Yaxın və Orta Şərqdə, uzaq məqsədlər üçün müsəlman dünyasında Amerikanın arzuladığı balansı qorumaqdan başqa heç nəyə xidmət eləmir. Bu, bəşəriyyətin qılınclı-qalxanlı çağlarında sözünü demiş minillik imperiyanın özünüqoruma instinktidir: din də, ideologiya da dövlətə xidmət etməlidir! Din isə, Mirzə Fətəli demişkən, ülkər ulduzundan asılarsa, farslar onu oradan da əldə edərlər… İlham TUMAS [email protected]/* */

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar