SON XƏBƏRLƏR

Molla rejimi həyasızlığından əl çəkmir

2021.10.20, 07:36
Molla rejimi həyasızlığından əl çəkmir

Gunaz.tv
Qabil Hüseynli: "Bütün bunlar bəlli bir çərçivəni keçsə, Azərbaycan beynəlxalq qurumlara müraciət edə bilər" İsrail prezidenti Şimon Peresin Azərbaycana rəsmi səfərindən sonra molla rejimi sakitləşmək bilmir. İşğalçı Ermənistana həm müharibə dövründə, həm də indi dəstək verən, müsəlman həmrəyliyinə ən böyük zərbə vuran İran Azərbaycan-İsrail münasibətlərinə müdaxilə etməyə çalışır. Səfir Məmmədbağır Bəhraminin geri çağrılmasından sonra ötən gün də Tehran Azərbaycan Xarici İşlər Nazirliyinə nota ünvanlayıb. Düzdür, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov kütləvi informasiya vasitələrinə açıqlamasında məsələni yumşaq şəkildə təqdim etməyə çalışıb. Deyib ki, bu cür notalar dövri nota sayılır. Sənəddə yazılır ki, səfir ölkəni filan vaxtdan tərk edib, onu filankəs əvəz edir, başqa məlumat göstərilmir. Ramiz Mikayıloğlu Bəs İran rejiminin bu həyasızlığının qarşılığında hansı addımlar atılmalıdır? Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz Qabil Hüseynli bildirdi ki, münasibətlərdə gərginlik hiss olunur. Amma bu gərginlik Tehranın körüklədiyi bir gərginlikdir. Ortada heç bir əsaslı səbəb yoxdur. Molla rejimi formal olaraq İsrail prezidentinin Azərbaycana səfərini əsas götürür. Amma belə görünür ki, ümumiyyətlə, Tehran müstəqil Azərbaycana olan neqativ münasibətini ifadə etmək üçün hər hansı təsadüfi səbəb axtarırmış. Bu bəhanə də əlinə düşüb. Politoloq qeyd etdi ki, bu "səbəb" molla rejiminə İran daxilindəki müxalif çıxışları, əhval-ruhiyyəni səngitmək üçün lazımdır. Digər tərəfdən, Azərbaycanın uğurlu inkişafının fonunda yaranmış narahatlığı bir növ səngitmək xarakteri daşıyır. Başqa sözlə, Azərbaycanın inkişafı, Qərbə inteqrasiyası, müxtəlif oriyentasiyalı ölkələrlə səmimi münasibət yaratması İranda əsası olmayan təşviş yaradır. Belə təəssürat yaranır ki, Tehran sanki Azərbaycanın müstəqil dövlət olduğunu unudur, bu müstəqil dövlətin suveren hüquqlarını bir növ mənimsəmək niyyətinə düşür. Çünki kiminləsə diplomatik münasibətlər, iqtisadi münasibətlər yaratmaq kimi məsələlərdə molla rejimi Azərbaycanın Tehranla məsləhətləşməsi lazım gəldiyini irəli sürməyə çalışır. Onun sözlərinə görə, səfirin geri çağrılması diplomatik jestdir. Amma bunun üçün köklü səbəb də yoxdur. Qabil Hüseynli deyir ki, Azərbaycanın İranın Ermənistanla münasibətlərinə etiraz etmək hüququ var. Ən azından Azərbaycan İslam Konfransı Təşkilatının (İKT) üzvüdür. İKT üzvü kimi İran da bu təşkilatın Dağlıq Qarabağ və erməni təcavüzü ilə bağlı qərarlarını yerinə yetirməlidir. Amma cənub qonşumuz bu qərarları yerinə yetirmir. Ermənistanla, hətta Dağlıq Qarabağdakı qondarma qurumla ticari və digər sahələrdə əlaqələrin yaradılmasına rəvac verir. İKT-nin İsraillə, Fələstin məsələsiylə bağlı da müəyyən çağırışları, bəyanatları var. Amma bütün bunlar İsraillə münasibət qurmağı qadağan etmir, yaxud münasibətləri inkişaf etdirməyin əleyhinə çıxmır. İKT-nin Misir, İndoneziya, Səudiyyə Ərəbistanı kimi üzvləri, o cümlədən digər inkişaf etmiş ərəb ölkələri İsraillə normal münasibətlər saxlayırlar. İndi Azərbaycanın İsraillə normal münasibətlər yaratmağa çalışması Bakının diplomatik xarici siyasət strategiyasının mahiyyətindən doğur. Azərbaycan Təl-Əvivlə münasibətləri inkişaf etdirməklə özünün daxili problemlərinə də bir növ yardımçı axtarır: "Məsələn, İsrailin Azərbaycana edə, verə biləcəklərini İran imkanı olubsa da, indiyə qədər veribdirmi? Yaxud verə bilərmi? Əlbəttə ki, yox. Məncə, İranın Azərbaycana qarşı indiki isterikada əsas niyyəti saxta prezident seçkilərindən sonra ölkədəki əhval-ruhiyyəni xarici düşmən obrazı yaratmaqla ölkə daxilindən kənara çıxarmaq, beləliklə də indiki rejimin müxalif çıxışlarla sarsıdılmasının qarşısını almaqdır". Bəs İranın addımları qarşısında Azərbaycan nələr etməlidir? Qabil Hüseynliyə görə, vəziyyət o həddə çatmayıb ki, Azərbaycan hansısa hərəkət etsin. Söz səviyyəsində İranın birtərəfli addımları özünü biruzə verir: "Ancaq bütün bunlar bəlli bir çərçivəni keçsə, Azərbaycan beynəlxalq qurumlara müraciət edə bilər. Yaxud digər tədbirlər görə bilər. Amma inanmıram, İranın özünü indiki daxili, o cümlədən beynəlxalq ictimai rəyin ona qarşı indiki vəziyyətində Azərbaycan üçün təhlükə yaradacaq hər hansı bir addımlar atmağa cəsarət etsin".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar