SON XƏBƏRLƏR

Güneydə Babək günləri yaşanır

2021.10.20, 07:36
Güneydə Babək günləri yaşanır

Gunaz.tv
Milli Hərəkat aksiyalar keçirəcək Güney Azərbaycan Milli Hərəkatının hər il iyulun ilk günləri təşkil etdiyi Babək günləri (Azərbaycanın ərəb işğalçılarına qarşı vuruşmuş xalq qəhrəmanı Babək Xürrəmi) bu il bir az sönük təşkil olunub. Daha dəqiqi, İranda keçirilən prezident seçkiləri və seçkidən sonrakı durumla əlaqədar olaraq Milli Hərəkat planlarına dəyişiklik edib. Məlumdur ki, ötən əsrin 90-cı illərinin ortalarından başlanan Babək qalasına (Kəleybər şəhəri yaxınlığında yerləşən Bəzz qalası) yürüşlər sonralar daha izdihamlı şəkil almağa başladı. 2001-2002 və 2003-cü illərdə Bəzz qalasına yürüşlər İran hakimiyyətini silkələdi. Rejim hədə, təzyiq yolu ilə bu aksiyaların qarşısını almağa çalışsa da, buna nail ola bilmədi. 2005-ci ildən başlayaraq molla hakimiyyəti azərbaycanlıları sıxışdırmağa, mətbuatda təhqir etdirməyə başladı. Məqsəd Azərbaycan türklərinin qəzəbini üzə çıxarmaq, gücünü öyrənmək və hərəkatı beşiyindəcə boğmaq idi. Amma Tehranın həyata keçirdiyi test uğursuz oldu, rejimin əleyhinə çevrildi. 2006-cı ilin mayında Güney Azərbaycan ayağa qalxdı. Mayın 12-də "İran" qəzetində azərbaycanlıların təhqir olunmasına etiraz edən kütlə bir həftə sonra küçələr, töküldü. Güney Azərbaycanda öz ana dilində təhsil hüququnu, milli kimliyini tələb edən 35 milyonluq kütlə İrana güc göstərdi. Güney Milli Hərəkatının Kəleybər dağlarına, Babək qalasına buraxmayan rejim möhtəşəm dirəniş hərəkatını şəhərlərdə gördü. Bir sözlə, Milli Hərəkat mayda dağdan arana-Babək qalasından şəhərlərə endi. Bununla belə Bəzz yürüşlərinin, Babək günlərinin əhəmiyyəti hələ də qalır və aksiyalar Güneyə lazımdır. Bu il soydaşlarımız böyük ehtimalla, Babək qalasına çıxa bilməyəcəklər. Çünki İran rejimi bu il diqqəti prezident seçkilərindəki saxtakarlıqdan yayındırmaq üçün geniş hərbi təlimlərə başlayıb. Təlimlər də əsasən, Güney Azərbaycan ərazisində keçirilir. Bu baxımdan "insanların təhlükəsizliyini" bəhanə edən rejim Babək yürüşünə icazə verməyəcək. Aksiyalar şəhərlərdə keçiriləcək, dərnəklər səviyyəsində qeyd olunacaq, Milli Hərəkatın şüar və tələbləri vərəqələr şəklində millətə paylanacaq. Əslində, buna o qədər də ehtiyac yoxdur. Onsuz da Güney Azərbaycan türkləri nəyin nə olduğunu gözəl bilirlər. Milli Hərəkat milli oyanış mərhələsini arxada qoyub. İndi Güneydə təşkilatlanma, mütəşəkkil və monolit, siyasi cəhətdən yetkin təşkilatlarda birləşmə lazımdır. Bu il prezident seçkiləri zamanı azərbaycanlıların göstərdiyi aktivlik, əslən türk olan Mirhüseyn Musəvi tərəfdarlarının fəallığı nikbinliyə əsas verir. Bu seçkilər göstərdi ki, İran azərbaycanlılarsız məhv olub gedər. Bundan sonra istənilən hakimiyyət Azərbaycan türklərinin dəstəyi olmadan formalaşa və iqtidarda duruş gətirə bilməyəcək. Ona görə də təşkilatlanmaq, milli kimlik mübarizəsini davam etdirmək lazımdır. Rejimin əlində oyuncağa çevrilmiş musəvilərə, süleymanilərə, qəzailərə çox da güvənmək lazım deyil. Güney Azərbaycanın qurtuluşu Babək ideyalarında, Bəzz qalasında irəli sürülən tələblərdə, bu aksiyaları təşkil edən milli insanlardadır. Güney Azərbaycanın nicatı korrupsioner Rəfsəncanini hakimiyyətə gətirmək üçün mücadilə verən azərbaycanlılarda deyil, ailəsini, sağlamlığını, azadlığını, bəzən həyatını Güneyin qurtuluşuna həsr etmiş insanların əlində, onların yolundadır. Xamneyini Rəfsəncani, Əhmədinejadı Musəvi əvəzləsə belə qəzailərin, süleymanilərin mahiyyəti dəyişməyəcək. Onlar yenə rejimə, panfarsizmə qulluq göstərəcəklər. Güney Azərbaycana rəngi dəyişmiş panfarsizm lazım deyil. Güney Azərbaycan türkləri həyatını milli mücadilədə qurban vermiş Qulamrza Əmani, sağlamlığını itirmiş Abbas Lisani kimi oğulların ardınca getməlidir. Aydın

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar