SON XƏBƏRLƏR

Fətullahçılar Azərbaycanda hakimiyyəti ələ keçirmək istəyirlər

2021.10.20, 07:36
Fətullahçılar Azərbaycanda hakimiyyəti ələ keçirmək istəyirlər

Gunaz.tv
Qafqazın tələbəsi müxbirimizə şok məlumatlar verdi: “Fətullahçılar Azərbaycanda hakimiyyəti ələ keçirmək istəyirlər” Ötən saylarımızda nurçuluq təriqəti və onun Azərbaycan ilişkiləri haqda silsilə yazılar dərc etmişik. Həmçinin nurçuların Bakıda və Azərbaycanın digər bölgələrində gəncləri necə yoldan çıxarmaları, torlarına salmaları, eləcə də onların niyyətini anlayıb təriqətdən uzaqlaşanlar barədə də oxucuları məlumatlandırmışdıq. “Yeni Müsavat”da nurçuların nəzarətində olan təhsil müəssisələri və oradakı mühitlə bağlı da indiyədək bir neçə məqalə çıxıb. Bu təhsil müəssisələrindən biri də Bakıdakı Qafqaz Universitetidir. Əməkdaşımız ötən reportajlarında sözügedən universitetin korpuslarının “F” “G” (nurçuların lideri Fətullah Gülənin ad və soyadının baş hərfləri - T.T.) hərfləri şəklində tikildiyini yazmışdı. Qafqazın baş planında bu, aydın görünür. Xatırladaq ki, müxbirimizin Qafqaz Universitetindən hazırladığı reportajda baş planın fotosunu dərc etmişdik. Həmin məlumatdan sonra nurçuların lideri, hazırda ABŞ-da mühacirət həyatı yaşayan Fətullah Gülən “Samanyolu” telekanalına açıqlamasında yazdıqlarımızı təkzib etmişdi. Dünən məlumat aldıq ki, Qafqaz Universitetində yeni korpusların tikintisi dayandırılıb. Məlumatı dəqiqləşdirmək üçün universitetə getdik. Həqiqətən də tikintinin dayandırılmasının şahidi olduq. Tikintinin şəkillərini çəkərkən bir oğlan bizə yaxınlaşaraq kimliyimizlə maraqlandı. “Yeni Müsavat”ın əməkdaşı olduğumuzu biləndə, bizə bəzi məlumatlar vermək istədiyini dedi. Adının açıqlanmasını istəməyən həmin tələbə Qafqaz Universitetinin politologiya fakültəsində oxuduğunu bildirdi. Söhbətə Qafqaz Universitetinin mənfi və müsbət keyfiyyətlərini müqayisə etməklə başladı: “Universitetin təhsilinə söz ola bilməz. Bəlkə də Azərbaycanda yeganə universitetdir ki, rüşvət yoxdur. Amma müsbətlərinin çoxluğuna baxmayaraq, mənfiləri də kifayət qədərdir. Universitetdə nurçuların çoxluq təşkil etməsi məni narahat edir. Etdikləri hər şey kürdlərin, daha doğrusu, Çağ Öyrətim işlətmələrinin siyasətidir. Onların təsirləri hətta Afrikaya qədər gedib çıxıb. Hesab edək ki, burada ziyan yoxdur. Amma gələcəkdə özləri kimi insanlar yetişdirirlər və həmin şəxsləri mühüm dövlət vəzifələrinə qoyurlar. Bununla da dövlətin idarəçiliyini əllərinə keçirməyi planlaşdırırlar”. Müsahibim bildirdi ki, Azərbaycan gənclərinin xeyli hissəsinin beyni müxtəlif dini təriqətlərin, o cümlədən nurçuluğun işğalına məruz qalıb. O qeyd etdi ki, nurçular gələcəkdə Azərbaycanda hakimiyyətə öz adamlarını gətirmək istəyirlər: “Təriqətlə bizim mənəviyyatımızı, mədəniyyətimizi işğal edirlər. Öz boş ideologiyalarını gənclərin beyninə yeridirlər. Bu, həm də dövlətin təhlükəsizliyinə təhdiddir”. Həmsöhbətim nurçuların həqiqi İslamdan kənar həftəbecər bir dini cərəyan yaratdıqlarını söylədi: “Öz ”icadlarını" peyğəmbər adından təbliğ edirlər. Ən maraqlısı isə odur ki, nurçu xanımlar burada başı açıq gəzir, Türkiyədə hava limanına enərkən başlarını bağlayırlar. Nurçular F.Güləni mütəfəkkir, bir nömrəli alim kimi göstərirlər. Halbuki onun heç orta təhsili yoxdur". Onun sözlərinə görə, nurçular elm xadimlərini, bəzi siyasətçiləri pulla ələ alaraq öz tərəflərinə çəkirlər. Müsahibim hətta F.Gülən haqda kitab yazanların külli miqdarda pulla təmin edildiyini vurğuladı: “Ayrı-ayrı elm xadimlərini, bəzi siyasətçiləri pulla özlərinə çəkirlər. Pulla özləri haqqında müsbət məqalələr yazdırırlar. Sonra da ”əgər Gülən əfəndi müdrik zəkalı insan olmasaydı onun haqqında bu qədər kitab yazılmazdı" deyib liderlərini reklam edirlər". Müsahibim Özbəkistandan nurçuların qovulmasının səbəblərinə də toxundu: “Çünki prezidentə qarşı sui-qəsd məhz nurçuların məktəbində olmuşdu”. Tələbə sözlərini bu fikirlərlə bitirdi: “Fətullahçılar inqilab edirlər, ancaq çox səssiz. İnsanların həyatını mənəvi terrorla məhv edirlər. Hər bir böyük siyasi terrorun özünəməxsus fəaliyyət istiqamətləri var. Nurçuların hədəfi insanları və dövlətləri fiziki terrorla deyil, mənəvi terrorla ələ almaqdır”.musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar