SON XƏBƏRLƏR

ATƏT sədri Azərbaycanda

2021.10.20, 07:36
ATƏT sədri Azərbaycanda

Gunaz.tv
Dora Bakoyanni partiya rəhbərləri ilə görüşdü ATƏT-in fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri, xanım Dora Bakoyanni Azərbaycana rəsmi səfərə gəlib. APA-nın məlumatına görə, D.Bakoyanni Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə verdiyi açıqlamasında Azərbaycana həm ATƏT sədri, həm də Yunanıstanın xarici işlər naziri qismində səfər etdiyini bildirib. Azərbaycana gəlməkdən məmnun olduğunu qeyd edən D.Bakoyanni iki ölkə arasında yaxşı əlaqələrin mövcudluğunu diqqətə çatdırıb. “Səfərimin əsas məqsədlərindən biri də iki ölkə arasında əlaqələrin daha da güclənməsinə xidmət etməkdir. Səfərim xamanı Yunanıstanın Bakıda səfirliyində də olacağam. Düşünürəm, Bakıda keçirəcəyim görüşlərdən sonra əmin olacağıq ki, iki ölkə arasında əlaqələr daha da möhkəmlənir”, - deyə xanım nazir vurğulayıb. Dünən Dora Bakoyanni partiya rəhbərləri ilə görüşüb. AXCP sədri Əli Kərimli görüşdən sonra APA-ya bildirib ki, danışıqlarda Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı müzakirələr aparılıb: “Biz bildirdik ki, 17 il ərzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində görülən tədbirlər heç bir nəticə verməyib. ATƏT-in beynəlxalq təşkilat olaraq bu məsələdə öz missiyasının öhdəsindən gələ bilmədiyini də qeyd etdik. Bundan başqa, ölkədəki vəziyyət, Seçki Məcəlləsinə dəyişikliklər, seçki qanunsuzluqları, siyasi məhbuslar, jurnalistləri həbsi, insanların sərbəst toplaşması azadlığının məhdudlaşması məsələləri ətrafında da fikir mübadiləsi aparıldı”. Ə.Kəriminin sözlərinə görə, ATƏT sədri ölkə rəhbərliyi ilə görüşündə qaldırılan məsələləri müzakirə edəcəyini söyləyib, ölkədə demokratiyanın bərqərar olmasına bir daha çağırışlar edəcəyini vurğulayıb. Görüşdə Əli Kərimli ilə yanaşı, YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov, Müsavat başqanı İsa Qəmbər, Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, “Azərbaycan Naminə” İctimai Forumun sədri Eldar Namazov iştirak ediblər. Qeyd edək ki, D.Bakoyanni “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovla və həmkarı Elmar Məmmədyarovla bir araya gələcək. Qonağın prezident İlham Əliyevlə də görüşü nəzərdə tutulur. ATƏT sədri Bakıdan İrəvana gedəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar