SON XƏBƏRLƏR

İran işğalçı Ermənistanla ən yüksək səviyyədə münasibətlər qurub

2021.10.20, 07:36
İran işğalçı Ermənistanla ən yüksək səviyyədə münasibətlər qurub

Gunaz.tv
"Biz hər zaman cənub qonşumuzun maraqlarını nəzərə aldıq, təəssüf ki, rəsmi Tehran bizim maraqları heç zaman nəzərə almadı" İsrail prezidenti Şimon Peresin Azərbaycana səfəri müsəlman təəssübkeşliyindən dəm vura-vura Ermənistanla qardaşlıq münasibətləri quran İranın ciddi etirazına səbəb oldu. Son günlərdə isə münasibətlərdəki gərginlik yüksək səviyyəyə çatıb. Daha doğrusu, İran münasibətləri ən yküsək səviyyəyə qədər pisləşdirmək xətti götürüb. Bir neçə gün öncə İran hakimiyyətinə yaxın "Səhər" telekanalının internet səhifəsi İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərinə etiraz olaraq İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məmmədbağır Bəhraminin Bakını tərk etdiyi barədə məlumat yaymışdı. Səlcuq Məlumatda İsrail dövləti ittiham olunmuş, Bəhraminin hərəkəti "Şimon Peresin Bakıya dəvət olunmasından narazı qalan müsəlman Azərbaycan xalqı ilə həmrəyliyi" kimi də təqdim edilmişdi. Eyni zamanda telekanalın internet səhifəsi "Bakının sionistpərəst addımına etiraz edən bir qrup vətəndaşın" Ərdəbil vilayətində, Biləsuvar sərhəd keçid məntəsində Naxçıvana İrandan keçən yolun bağlanmasıyla bağlı təxribatçı xəbər də yaymışdı. Yayılan xəbərdə Azərbaycan Respublikasının İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənovun Tehrandan çıxarılacağı ehtimalı da irəli sürülüb. İranın Azərbaycandakı səfiri Məmmədbağır Bəhraminin ölkəni tərk etməsilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə nota daxil olub. Bu barədə məlumatı nazirliyin sözçüsü Elxan Poluxov verib. O bildirib ki, bu cür notalar dövri nota sayılır: "Orda sadəcə bildirilir ki, səfir ölkəni filan vaxtdan tərk edir və onu həmin vaxtdan filankəs əvəz edir. Ayrı bir məlumat göstərilmir". Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənovun Bakıya çağrılması məsələsinə münasibət bildirən Elxan Poluxov bildirib ki, gündəmdə bu cür məsələ yoxdur: "Burda nəsə baş vermir ki, bizim səfir geri çağrılsın". Göründüyü kimi, indiki halda Azərbaycan İran münasibətlərində müəyyən gərginlik hiss olunur. Münasibətlərin bundan sonra hansı məcrada inkişaf edəcəyi də xeyli maraqlıdır. Molla rejiminin ölkəmizə qarşı müxtəlif təxribatlar həyata keçirəcəyi də istisna olunmur. Hər halda biz ötən illərdə bu cür təxribatların şahidi olmuşuq. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, bundan sonra İranla Azərbaycan arasında gərginliyin artacağını gözləmək olar: "Əslində məsələlərə məntiqlə baxsaq münasibətlərdə problem olmamalıdır. Azərbaycan müstəqil xarici siyasət yeridir, necə ki, bunu əksər ölkələr, o cümlədən də İran edir. Əgər İran müstəqil xarici siyasət kursu yeridib Ermənistan prezidentini bu ölkəyə çağırırsa, eyni formada da Azərbaycan rəhbərliyi İsrail prezidentini ölkəmizə dəvət edir. Dediyim kimi, məntiqlə münasibətlərdə hər hansı bir problem olmamalıdır. Ancaq təəssüf ki, İran münasibətlərdə problem olmasına çalışır. Artıq məlum olduğu kimi, İranın ölkəmizdəki səfiri geri çağırılıb. Rəsmi Tehran münasibətlərin gərginləşməsini istəməməli və buna getməməlidir. Əslində onlar Azərbaycanla münasibətlərin normal olmasına çalışmalıdır. Bütün reallıqları nəzərə alaraq hadisələrin iki istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq olar. Birinci halda səfir geri qayıdacaq, münasibətlər əvvəlki formada davam edəcək. İkinci halda isə Tehran rəsmiləri münasibətləri gərginləşdirməyə çalışacaqlar. Ola bilsin ki, İsrail-Azərbaycan münasibətlərinin inkişafıyla bağlı rəsmilərin dilindən daha da sərt bəyanatların səslənməsini görək. Hətta onların daha uzağa getməsi, əvvəllər olduğu kimi hərbi gəmilərin və təyyarələrin sərhədlərimizi pozması halı ola bilər. Amma münasibətlərin bu həddə çatması qeyd etdiyimiz kimi Azərbaycandan daha çox İranın ziyanına işləyəcək. Ona görə də, rəsmi Tehran bundan sonra münasibətlərin düzəlməsinə çalışmalıdır". Ekspert Azərbaycanın İrandakı səfirinin geri çağırılması ehtimalını da mümkün sayır: "Bu dəqiq informasiya deyil, ancaq bunu şaiyə kimi ortaya atıblarsa, demək bu haqda ən azı düşünürlər, bu ssenari nəzərdən keçirilir. Nəzərə almaq lazımdır ki, "Səhər" İran hakimiyyətinə yaxın, daha doğrusu bağlı kanaldır. Ola bilsin ki, qonşu ölkədəki bəzi qüvvələr səfirimizin geri göndərilməsində maraqlıdır. Münasibətlərin bu formada inkişafı isə hər iki ölkə üçün yaxşı heç nə vəd etmir". İranla münasibətlərin gərginləşməsinə baxmayaraq politoloq Azərbaycanın İsraillə münasibətlərini yüksək səviyyədə inkişafını vacib sayır: "Azərbaycanın milli və təhlükəsizlik maraqları İsraillə münasibətləri gücləndirməyi diqtə edir. Hətta İsraildə səfirlik açmaqda xeyli yubandığımızı söyləmək olar. İrandan ehtiyatlanaraq bu məsələdə bir xeyli gözləmişik. Hər zaman biz İranın maraqlarını nəzərə aldıq, təəssüf ki, heç zaman İran bizim maraqları nəzərə almadı. Bunu Ermənistan prezidentini Tehrana dəvət etməklə bir daha açıq şəkildə göstərdilər. Azərbaycanın torpaqlarını işğal edən dövlətlə ən yüksək səviyyədə münasibətlər qurulub. Əgər belədirsə, İran məsələlərə bu cür yanaşırsa, biz də özümüzün təhlükəsizlik maraqlarından çıxış edərək İsraillə yüksək səviyyəli münasibətlər qurmalıyıq. İsrail Azərbaycan neftinin əsas alıcılarından biridir. Bu dövlətlə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var, kənd təsərrüfatının inkişafı ilə bağlı köməklikdən söhbət açılır. Bundan başqa hərbi əməkdaşlıq da genişlənə bilər. Bilirsiniz ki, Azərbaycan silahları əsasən Ukraynadan alır. Ancaq ölkəmizin daha modern silahlara ehtiyacı var. Çünki Rusiya yeni, modern silahlarla Ermənistanı silahlandırır, hərbi hava qüvvələrini gücləndirir. Deməli, bizim də bu cür modern silahlara, hərbi texnikaya ehtiyacımız var. Bunu isə İsrail təmin edə bilər. Bir sözlə bütün istiqamətlərdə Azərbaycanla Ermənistanın əməkdaşlığının gücləndirməsi zəruridir. Bu əməkdaşlıq hər hansı üçüncü bir dövlətə qarşı yönəlməyib".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar