SON XƏBƏRLƏR

Səfir necə gedibsə, elə də qayıdacaq

2021.10.20, 07:36
Səfir necə gedibsə, elə də qayıdacaq

Gunaz.tv
Rasim Musabəyov İranın narahatçılığını təbii qarşılayır İsrail prezidenti Şimon Peresin Azərbaycana səfəri ərəfəsində bəzi İran rəsmilərinin bu səfərə açıq şəkildə etiraz bildirməsi rəsmi Bakı tərəfindən birmənalı qarşılanmadı. İran rəsmilərinin açıqlamalarına Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov səviyyəsində sərt reaksiyanın verilməsi rəsmi Tehranın bir qədər geri çəkilməsi ilə müşayiət olunsa da, İsrail prezidenti Şimon Peresin səfərindən dərhal sonra İranın Bakıdakı səfirinin Tehrana çağırılması iki ölkə arasında diplomatik gərginliyin yaranması kimi şərh olundu. Qeyd edək ki, İranın Bakıdakı səfirliyi səfirin Tehrana çağırılması ilə bağlı maksimum ehtiyatlı davranış nümayiş etdirmək cəhdlərinə baxmayaraq ölkə KİV-də bu xəbərin yer alması diqqəti bundan sonra Azərbaycan-İran münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyinə yönəldib. Qeyd edək ki, bəzi ekspertlər səfirin geri çağırılmasını rəsmi Tehranın Bakıya Şimon Peresin səfəri ilə bağlı etiraz jesti kimi dəyərləndirsələr də, politoloq Rasim Musabəyov məsələnin bu şəkildə qoyulması ilə razılaşmır. Onun fikrincə, səfirin Tehrana getməsinə iki ölkə arasında diplomatik qalmaqalın baş verməsi kimi yanaşmaq düzgün deyil. Politoloq hesab edir ki, İran tərəfinin Şimon Peresin səfəri ilə bağlı Azərbaycana etiraz bildirməsinə əsas olmadığına görə rəsmi Tehranın Azərbaycana bununla bağlı hər hansı etiraz bildirməsinə də yer yoxdu. "Ona görə də rəsmi şəkildə heç bir nota olmadı. Çünki İran özü gedib təcavüzkar Ermənistanla əməkdaşlıq edir. Azərbaycan kiminlə əlaqə qurur, kimi səfərə dəvət edir, özü bilər. İranın buna etiraz bildirməyə bir əsası olmadığına görə rəsmi nota da verilmədi"- deyən politoloqa görə, İranın Azərbaycandakı səfirinin Tehrana çağırılması məsləhətləşmə xarakteri də daşıya bilər. bununla belə politoloq rəsmi Tehranın İsrail-Azərbaycan əlaqələrinin yaxınlaşmasından narahat olduğunu istisna etmir. Onun fikrincə, rəsmi Tehran bununla bağlı müəyyən məsələlərin həllində Azərbaycana təzyiq göstərməyə, yaxud əlavə problemlər yaratmağa cəhd göstərə bilər. "Ola bilər ki, Azərbaycana qarşı müəyyən təxribatlara da əl atmaq fikrinə düşsünlər" deyən politoloq Xəzərdəki "Alov" və "Şərq" yataqları ilə bağlı problemlərin gündəmə gətirilməsini mümkün sayır. "Ancaq İran tərəfi başa düşməlidir ki, belə təxribatlara getsə, səmada təkcə türk təyyarələrini yox, Amerika təyyarələrini də görə bilər". Rasim Musabəyov onu da bildirib ki, regionla bağlı bir sıra məsələlərdə İran və Rusiyanın həmrəylik nümayiş etdirməsinə baxmayaraq İsraillə bağlı məsələdə rəsmi Moskvanın yanaşması Tehrandan fərqlidir. Şimon Peresin səfəri ilə eyni vaxtda Rusiya prezidenti Dmitri Medvedyevin də Bakıya gəldiyini xatırladan politoloq bu səfərin təkcə qaz sazişinin imzalanması ilə bağlı olmadığını düşünür. Onun fikrincə, Qafqazda böyük maraqları olan rəsmi Moskva Azərbaycanda heç bir ölkənin mövqeyinin güclənməsində maraqlı deyil. "Baxmayaraq ki, bəzi məsələlərdə İran və Rusiya birgə hərəkət edirlər. Ancaq Rusiya İranın burada maraqlarının təmin olunmasında maraqlı deyil. Əgər Moskva ABŞ-ın, Türkiyənin burada mövcudluğunu istəmirsə, İranın mövcudluğunu niyə istəsin ki" deyən politoloqa görə, İran səfiri getdiyi kimi də geri qayıdacaq. "İran onsuz da beynəlxalq təzyiqlər altındadır və özünün saldığı çərçivə getdikcə daralır. Əgər İran bu gün Azərbaycana Naxçıvana qaz ötürülməsi ilə bağlı problem yaratsa, İranın şimalına qazı Azərbaycan verir, özü də alternativ problemlə üzləşəcək. İran maşınları Azərbaycan üzərindən Rusiyaya və Avropaya keçib gedirlər. Bu amillə bağlı Azərbaycan da sərt addım ata bilər. Ona görə də İran tərəfi münasibətlərdə problem yaratmaqla özü-özünə problem yaratmış olur. Odur ki, səfirin geri çağırılmasını iki ölkə arasında diplomatik əlaqələrin kəsilməsi və ya diplomatik qalmaqalın baş verməsi kimi yozmaq olmaz. Səfir necə gedibsə, elə də qayıdacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar