SON XƏBƏRLƏR

İran adlanan yerdə kütləvi repressiya dalğası başladı

2021.10.20, 07:36
İran adlanan yerdə kütləvi repressiya dalğası başladı

Gunaz.tv
Tutulan nümayişçilər xüsusi məhkəməyə çıxarılacaq İyunun 24-də İranın paytaxtı Tehran şəhərində prezident seçkisinin nəticələrinə etiraz edən müxalifətin aksiyaları davam edib. Təqribən 200 nəfər şəhərin cənub hissəsində parlamentin qarşısındakı Baharistan meydanına toplaşaraq 12 iyun prezident seçkisinin nəticələrinin ləğv edilməsini tələb ediblər. Nümayişçilər dinc şəkildə deputatların çölə çıxıb onlarla görüşməsini istəsələr də, silahlı hökumət qüvvələrinin və mülki geyimli polis əməkdaşlarının hücumuna məruz qalıb. Hökumət qüvvələrinin aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan və dəyənəkdən istifadə etdiyi, meydana yaxın bəzi küçələrdə isə mütəmadi olaraq güllə səsləri eşidildiyi bildirilir. Xeyli sayda yaralananın olduğu bildirilsə də, ölənlər barədə məlumat daxil olmayıb. Turqut Hətta 19 yaşlı bir qız başından güllə yarası alıb. Aksiyada yüzlərlə vətəndaşın həbs edildiyi barədə məlumat yayılıb. Polis zorakılığından qəzəblənən aksiyaçılar "Allahu əkbər!", "Musəvi, Musəvi, səni dəstəkləyirik!", "Diktatora ölüm!", və "Bəsic!" cinayət edir, rəhbər də dəstək verir!" şüarları səsləndirərək polisə qarşı daş atmaqla müqavimət göstərməyə başlayıblar. Məlumatda özəl polis qüvvələrinin bir qadını piyada körpüsündən aşağı tulladığı vurğulanır. Aksiya dağıdıldıqdan sonra evlərinə qayıdan nümayişçilərin damlara çıxaraq bir saata qədər "Allahu əkbər!", "Diktatora ölüm!" və "İslam Respublikasına ölüm!" şüarları səsləndirdiyi bildirilir. Damlardakı şüar aksiyalarının digər şəhərlərdə, o cümlədən Təbriz və İsfahanda da keçirildiyi vurğulanır. Son məlumatda atışmalar gedən küçə və meydanlarda bütün mağazaların bağlandığı, "Sepah"a məxsus bir neçə vertolyotun vəziyyəti havadan nəzarət altında saxladığı bildirilir. Bu arada Mirhüseyn Musəvinin həyat yoldaşı Zəhra Rəhnəvərd internet saytında bəyanatla çıxış edərək sona qədər mübarizə aparacağını bildirib. Mirhüseyn Musəviyə təzyiqlər artır Mirhüseyn Musəvi öz vebsəhifəsində bildirib ki, prezident seçkisinin nəticələrilə razılaşmayan insanların etiraz etmək hüququ var. O qeyd edib ki, seçkinin nəticələrini etiraz etmək insanların konstitusiya hüququdur. "Kalameh-ye Sabz" qəzetinin bağlanması və onun əməkdaşlarının həbs olunmasına etiraz edən Musəvinin sözlərinə görə, hazırda İranda baş verən qırğınlar, müxalifətə qarşı qadağalar daha böyük zorakılıqlara gətirib çıxaracaq. Musəvi vurğulayıb ki, müxalifətə göstərilən təzyiqlərə baxmayaraq, seçki saxtakarlığı ilə mübarizəni davam etdirəcək. Bu arada Mirhüseyn Musəviyə təzyiqlər gündən-günə artır. Hətta ölkənin mühafizəkar mediası onun cəzalandırılmasına çağırır. Parlamentin hüquq komitəsinin sədri Əli Şahruxi isə deyib ki, Musəvinin qeyri-qanuni yürüşlərə çağırması cinayət hərəkətidir. Eyni zamanda Mirhüseyn Musəvinin ay yarımdır buraxdığı "Kələme-ye səbz" ("Yaşıl söz") qəzetinin 25-dən çox işçisi həbs edilib. İyunun 23-nə keçən gecə mülki geyimli silahlı polis əməkdaşları qəzetin redaksiyasına gələrək 25-dən çox qəzet əməkdaşını və jurnalisti naməlum istiqamətə aparıb. Qəzetin baş redaktoru və Musəvinin baş nazirliyi dövründə onun müşavirlərindən olmuş Əlirza Beheşti və oğlu da tutulanlar arasındadır. Silahlı mülki geyimli polis əməkdaşlarının redaksiyada geniş axtarış apardığı, bir sıra sənəd və kompüter disklərini də müsadirə etdiyi vurğulanır. Tutulan nümayişçilər isə xüsusi məhkəməyə çıxarılacaq. "Xüsusi məhkəmə" deyəndə İranda İnqilab Məhkəməsi nəzərdə tutulur. Bu tribunalda proses bağlı qapılar arxasında gedir. Keşikçilər Şurasının korpus komandiri Əli Fəzli isə özbaşına etirazlar təşkil edən bir qrup şəxsi həbs etdiklərini bildirib. "İRİNN" kanalında çıxış edən Keşikçilər Şurasının korpus komandiri həbslərin evlərdə edildiyini və yoxlama zamanı sənədlərin həmin şəxslərin Avropa ölkələri və İsraillə əlaqəli olduğunun aşkara çıxdığını söyləyib. İran kəşfiyyat naziri Qulam Hüseyn Möhseni Ejeyi də İranda etirazlarda iştirak etmiş Britaniya pasportlu bəzi şəxslərin tutulduğunu qeyd edib. Bundan əlavə, iyunun 24-də mülki geyimli polis qüvvələri Mirhüseyn Musəvilə görüşə gələnlər 70 universitet müəllimini saxlayıb. Onların hazırda harada saxlanması barədə hər hansı xəbər yoxdur. Ümumiyyətlə, indiyədək İranda ən azı 240 tanınmış ictimai-siyasi fəal və və jurnalistin, 1200-dən çox etirazçı vətəndaşın həbs edildiyi vurğulanır. Sistan-Bəluçistanda tələbələr oturaq aksiyaya başlayıb İranda 12 iyun prezident seçkisindəki saxtakarlıqlara qarşı çıxanların zorakılıqlara məruz qalmasına və öldürülməsinə etiraz olaraq Sistan-Bəluçistan Universiteti tələbələrinin 10 gündən bəri başlatdığı oturaq aksiya davam edir. Təhlükəsizlik qüvvələrinin bütün təhdidlərinə baxmayaraq, iyunun 23-də tələbələr universitetin həyətində oturaq aksiya keçirərək həlak olanların xatirəsini anmaq üçün şam yandırıblar. Onlar tədbirdə Musəvinin son bəyanatları əks olunmuş vərəqələr də yayıblar. Tələbələr seçkinin nəticələri ləğv edilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildiriblər. Kərrubi dövlət televiziyasını "talibançılıqda" günahlandırıb İyunun 12-də keçirilmiş prezident seçkisində namizəd olmuş Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi İran Dövlət Teleradio Şirkətinin rəhbəri İzzətullah Zərqamiyə məktub yazaraq dövlət televiziyasının seçkidən sonra baş verənləri birtərəfli işıqlandırmasına kəskin etiraz bildirib. Məktubda dinc aksiyaçılara qarşı qərəzli məlumatların yayılması pislənir. Eyni zamanda Kərrubi İran prezidenti Mahmud Əhmədinejadın yaxın adamlarından olan Zərqamini və digər sağçı mühafizəkarları həqiqəti ört-basdır edərək "Taliban islamı"nı yaymaqda günahlandırıb. Bu arada Milli Etimad Partiyasının lideri iyunun 25-nə nəzərdə tutulan matəm mitinqini ləğv edib. O, insanların təhlükəsizliyi baxımından mitinqi təxirə salmaq qərarına gəlib. Kərrubi matəm mitinqini gələn həftə Tehran Universitetinin yanında, ya da qəbiristanlıqda keçirmək niyyətindədir. "Məni "Amerikanın Səsi", BBC yoldan çıxartdı" "Mən düşünürəm ki, məni belə mənəviyyatsız hərəkətə "Amerikanın səsi" və BBC radioları təhrik ediblər". Bunu televiziyaya çıxarılan bir nümayişçi deyib. İranda nümayişlərdə tutulan 457 adamdan bəzilərini televiziya çıxardırlar. Onlar üzr istəyirlər, nümayişə getdiklərinə görə peşman olduqlarını deyirlər. Maraqlıdır ki, tövbə edənlərin dedikləri eynidir. Bir qadın deyir ki, onu BBC-nin və "Amerikanın səsi"nin farsdilli verilişləri yoldan çıxarıb və çantasına qumbara qoyub, nümayişə gedib. Nümayişdə isə pəncərələrə daş atıb, yoldakı maşınları əzib. AŞ PA İrandakı vəziyyətə münasibət bildirdi Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) dünən keçirilən iclasında fövqəladə olaraq "İrandakı vəziyyət" adlı məruzə müzakirə olunub. Müzakirələrdə İranda baş verən hadisələr kəskin pislənib. İsveçli parlamentar Qoran Lindblad tərəfidnən hazırlanmış 11968 saylı məruzədə bildirilir ki, 12 iyundan sonra ölkədə baş verən nümayişlər 1979-cu il inqilabından sonra müşahidə olunan ən əhəmiyyətli hadisələrdir: "12 iyunda keçirilən prezident seçkilərinin nəticələrinin elan olunmasından sonra başlayan nümayişlərdə müxalifət tərəfdarları seçkinin nəticələrinin ləğv edilməsi tələbini irəli sürdülər. Hakimiyyət orqanları isə zor tətbiq edərək yüzlərlə insanı həbs edib, ifadə azadlığına qadağalar qoyulub. İrandakı vəziyyətin dinc yolla və uzunmüddətli həllinə, eləcə də regionda sabitliyin və sülhün bərqərar olmasına gedən yeganə yol demokratiya, insan haqlarına hörmət və hüquqi dövlət prinsiplərinə hörmətdən keçir. Assambleya İran parlamenti və ölkənin demokratik gücləri, eləcə də vətəndaş cəmiyyətinin təmsilçiləri ilə konstruktiv dialoq qurulmasına hazırdır". AŞ PA İrandakı hakimiyyəti dinc nümayişçilərə qarşı güc və zor tətbiq etməməyə, həbs olunmuş insanları, o cümlədən siyasətçiləri azad etməyə, mətbuat azadlığına qoyulmuş qadağaları aradan qaldırmağa, xüsusilə müxalif mətbuatın bağlanmasının qarşısını almağa, xarici jurnalistlərin cəzalandırılması və ölkədən çıxarılması hallarına son qoymağa çağırıb: "İran hakimiyyətini seçki prosesi zamanı baş vermiş pozuntu hallarını müstəqil şəkildə araşdırılmasına imkan verməyə, ölkənin siyasi həyatında konstruktiv dialoq qurmağa və yeni ABŞ administrasiyasının yeni yanaşmasına müsbət cavab verməyə, qarşılıqlı etimad mühitinin yaradılması məqsədilə beynəlxalq ictimaiyyətlə dialoq qurmağa dəvət edir, habelə İranın yerin bütün siyasi tərəflərini zor tətbiq etməkdən çəkinməyə və dialoq yolunu seçməyə çağırırıq". Bundan əlavə, AŞ PA qurum yanında müşahidəçi statusunda iştirak edən ölkələri də beynəlxalq ictimaiyyətin narahatlığını ifadə etmək üçün İrandakı hakimiyyətlə əlaqələri gücləndirməyi və dərin siyasi dialoq qurulmasına dəvət edir: "AŞ PA arzu edir ki, Avropa 18-19 iyun 2009-cu il tarixlərində Avropa Birliyinin qəbul etdiyi mövqedən çıxış edərək, bu böhranın həll olunmasında fəal rol oynasın". Qeyd edək ki, AB həmin mövqeyində İranda zor tətbiq edilməsini pisləyib, bütün narahatlıq doğuran məsələlərdə İranı beynəlxalq ictimaiyyətlə dialoq yolunu seçməyə çağırıb. Sənəddə o da bildirilir ki, AŞ PA İran parlamenti, İranın demokratik gücləri, eləcə də vətəndaş cəmiyyət ilə əlaqələrini gücləndirməyə və ölkədəki vəziyyəti yaxından izləməyə qərar verir. Sonda qətnamə qəbul edilib. Deputatlar Əhmədinejadı təbrik etməyib İran parlamentinin 105 deputatı Mahmud Əhmədinejadın prezident seçilməsilə bağlı təntənəli qəbul mərasiminə qatılmaqdan imtina edib. Onlar hakimiyyətin dinc nümayişçilərə divan tutmasına bu yolla etiralarını bildiriblər. İyunun 24-də keçirilən təntənəli şam yeməyinə parlamentin 290 üzvünün hamısı dəvət edilib. Amma 105 deputat tədbirə qatılmayıb. Ekspertlər bildirirlər ki, bu cür kütləvi imtina prezident seçkisindən sonra ölkədə həqiqətən də çox ciddi qarşıdurma yarandığını göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar