SON XƏBƏRLƏR

MUSƏVİNİN DƏ AZƏRBAYCANLILARA XEYRİ DƏYMƏYƏCƏK

2021.10.20, 07:36
MUSƏVİNİN DƏ AZƏRBAYCANLILARA XEYRİ DƏYMƏYƏCƏK

Gunaz.tv
Əliyar Səfərli “İranda baş verənlər Rəfsəncani ilə Xomneyi arasında gedən hakimiyyət davasıdır” İranda ara qarışıb. Bəziləri bu prosesin prezident, bəziləri isə bütövlükdə rejim dəyişikliyi ilə nəticələnə biləcəyini iddia edir. Məsələnin ən maraqlı tərəfi odur ki, tarixən İranda inqilabi proseslərin başında azərbaycanlılar dayanıblar. Lakin bu dəfə seçki saxtakarlıqlarına qarşı mübarizəyə qalxanların böyük əksəriyyəti farslardır. Ekspertlər bunun səbəbini belə izah edirlər ki, Mirhüseyn Musəvi azərbaycanlı olsa da, İrandakı soydaşlarımız onun prezident olmasının rejim dəyişikliyinə səbəb olmayacağı qənaətindədirlər. Azərbaycanlıların istəyi və arzusu isə ölkədəki rejimin dəyişməsidir. Bu səbəbdən də onlar İrandakı proseslərə qoşulmurlar. Bununla belə-fakt ondan ibarətdir ki, İranda hər hansı formada dəyişikliklər baş verə bilər. Əgər bu gün meydanda olanlara qoşulanlar daha ciddi tələblərlə ortaya çıxsalar, hadisələr tamamilə fərqli məcraya yönələ bilər. Bu kontekstdə beyinlərdə belə bir fikir də dolaşır ki, İrandakı hadisələr Bütöv Azərbaycan ideyasının gerçəkləşməsi üçün ideal şərait yarada bilərmi? Yəni oradakı soydaşlarımızın azadlıq, demokratiya, Bütöv Azərbaycan tələbi ilə kütləvi şəkildə küçələrə axışması ehtimalı varmı? Proseslər bu sonluqla bitə bilərmi? Azərbaycanın İrandakı keçmiş səfiri, vaxtilə Bütöv Azərbaycan Birliyinin sədr müavini Əliyar Səfərli ilə danışdıq. Ə.Səfərli bildirdi ki, İranda baş verənlər Rəfsəncani ilə Xomneyi tərəfdarlarının hakimiyyət uğrunda mübarizəsinin tərkib hissəsidir: “Rəfsəncani neçə illərdir çalışır ki, islam inqilabı rəhbəri vəzifəsini tutsun. Yəni Xomneyini yıxsın və onun yerinə İslam İnqilab Şurasının sədri təyin olunsun. İranda işin əsas mahiyyəti bundan ibarədir. Güney Azərbaycan hərəkatına gəlincə, hələlik bu proseslərə çox laqeyd yanaşır. Amma təbii ki, Güney Azərbaycan inqilabı labüddür. Bunun üçün ciddi hazırlıq işləri aparılmalıdır və aparılır. Bu hadisələr də oradakı soydaşlarımıza güclü şəkildə öz təsirini göstərir. Bir məsələ var ki, İrandakı soydaşlarımız reallıqları da nəzərə alırlar. İlanın ağına da lənət, qarasına da. Yəni istər Xomneyi, istər Əhmədinejad, istər Rəfsəncani, istərsə də Musəvi panfarsist adamlardır. Onların heç birinin Azərbaycana faydası, xeyri yoxdur, aralarında heç bir fərq yoxdur. Musəvi hakimiyyət başına keçərsə, yenə də panfarsist ideyası hökm sürəcək. Ona görə də İrandakı soydaşlarımız bu prosesin mahiyyətini başa düşərək, bundan kənarda qalıblar. Soydaşlarımız panfarsistlərin öz aralarındakı hakimiyyət mübarizəsinə qoşulmağın faydasız olduğunu bilirlər. Bu olayların Güney Azərbaycan İnqilabına, bütöv Azərbaycan ideyasına hansısa xeyri dəyə bilməz. Güneydə tamamilə başqa proseslər gedir, böyük təbliğat-təşviqat işləri aparılır. Yeni qüvvələr ortaya çıxır, partiyalar yaranır. İnşallah, bunların nəticəsini də görəcəyik”. İranda vəziyyətin qarışdığı bir vaxtda isə Bütöv Azərbaycan Birliyinin aktiv fəaliyyəti hiss olunmur. Bununla bağlı APA-nın əməkdaşının sualını cavablandıran BAB Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli maraqlı bir açıqlama ilə çıxış edib: “ BAB Azərbaycan Respublikasında missiyasını başa çatdırıb və hazırda fəaliyyətini Güney Azərbaycanda davam etdirir. Təşkilat bütöv Azərbaycan ideyasının bütövlükdə millətə hakim kəsilməsi üçün üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışır”. Orxan QARAÇAYLI

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar