SON XƏBƏRLƏR

İrana "Britaniya tələsi"

2021.10.20, 07:36
İrana "Britaniya tələsi"

Gunaz.tv
Nəsib Nəsibli: "Rəsmi Tehran dünya miqyasında və Avropa daxilində Londonun dəstəyini itirəcək" İranda islahatçı prezidentliyə namizəd Mirhüseyn Musəvi və tərəfdarlarının seçkinin nəticələrinə etirazları səngimir. Bu arada molla rejimi diqqəti xarici amilə yönəltməyə çalışır. Ötən həftə Böyük Britaniya səfirliyinin 8 İran əsilli əməkdaşı həbs olunub. Həbs olunan səfirlik əməkdaşları seçkinin nəticələrilə bağlı etiraz aksiyalarının təşkilində günahlandırılırlar. Artıq məsələ ilə bağlı Böyük Britaniyanın xarici işlər naziri Devid Milband etirazını bildirib və səfirlik işçilərinin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib. Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz Azərbaycanın İrandakı sabiq səfiri Nəsib Nəsibli deyir ki, İran üçüncü dünyanın elə bir xarakterik ölkəsidir ki, orada cəmiyyətin siyasiləşməsi çox az bir müddətdə baş verir və siyasi proseslər çox ani inkişaf dövrünü yaşayır. Yəni sabah nə olacağını, proseslərin gələcək inkişafını proqnozlaşdırmaq çətindir. Amma bir şey aydındır ki, hakim elita, həm də bu elitanı təmsil edən ən yuxarı dairələr bölünüb və İranın gələcəyilə bağlı onların arasında fikir ayrılığı var: "Mənim zənnimcə, Xübreqan Məclisinin sədri Haşimi Rəfsəncani və ali dini lider Xomeneyinin rəhbərlik etdiyi xətlərin bölünməsi, qruplararası ziddiyyətlərin dərinləşməsi İranın gələcəyini şərtləndirən əsas amil olacaq". Sabiq səfir İrandakı müşahidəçilərin etiraz aksiyalarını yatırmaq üçün "Həmas" və "Hizbullah" terrorçularının ölkəyə gətirilməsi barədə söylədiklərinə də diqqət çəkdi. Yəni daxili güc strukturlarına etibar olunmayıb: "Bunun özü də güc strukturlarındakı vəziyyətə işarədir. Yəni güc strukturlarında çalışanlar da İran vətəndaşlarıdır və əlbəttə ki, ölkədə ziddiyyatlər dərinləşsə, güc strukturları, Silahlı Qüvvələr buna biganə qalmayacaq". Nəsib Nəsibli dedi ki, Böyük Britaniya səfirliyinin əməkdaşlarının həbsi sərt siyasətin davamıdır. Bu, Xamneyi-Əhmədinejad guruhunun fəaliyyətinin nəticəsidir: "Bu, İran üçün yaxşı heç nə vəd etmir. İranın nüfuzdan düşməsi ölkənin təcridinə səbəb olacaq bir hadisədir. Maraqlı odur ki, Böyük Britaniya ABŞ-a nisbətən İrana bu vaxta kimi çox loyal münasibət bəsləməsiylə seçilib. Mənə elə gəlir ki, bu hadisədən sonra Tehran dünya miqyasında və Avropa daxilində Londonun dəstəyini də itirəcək. Böyük Britaniya İran nefti məsələsinə də çox loyal yanaşırdı. İranın neft-qaz sənayesinə böyük miqdarda kapital qoyurdu və gələcəkdə qoymaq fikri də var idi. Bu konfrantasiya planlaşdırılan layihələrin reallaşmaması, ən azı təxirə salınması deməkdir". Ramiz Mikayıloğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar