SON XƏBƏRLƏR

Vəfa Quluzadə irandakı olayları böyük rus inqilabı ilə müqayisə etdi

2021.10.20, 07:36
Vəfa Quluzadə irandakı olayları böyük rus inqilabı ilə müqayisə etdi

Gunaz.tv
«İRANDA BAŞ VERƏNLƏR «MƏXMƏRİ İNQİLAB» DEYİL» İran ölkədə iyunun 12-dən bu yana davam edən etirazların arxasında Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) dayandığını iddia edib. «Mehr» agentliyinin iddiasına görə, İranla bağlı «məxməri inqilab» layihəsi mövcuddur və bu layihəni MKİ adına Vudro Vilson Fondu, Açıq Cəmiyyət İnstitutu, Türkiyə, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdəki MKİ agentləri hazırlayıb və idarə ediblər. Bu məlumatın ardınca Tehranda Böyük Britaniya səfirliyinin 8 əməkdaşı həbs edilib (Xəbərlə ətraflı 2-ci səhifədə tanış ola bilərsiniz - red.). Bütün bu baş verənlərə baxmayaraq, İranda seçki saxtakarlıqlarına qarşı etirazlar səngimir. Maraqlıdır, İranın «məxməri inqilab»la bağlı iddiaları nə dərəcədə inandırıcıdır? Ümumiyyətlə, İranda «məxməri inqilab» mümkündürmü? Suallarımızı cavablandıran politoloq Vəfa Quluzadəyə görə, Qərb İranda «məxməri inqilabı» arzulasa belə, inqilabda amerikanlar yox, iranlılar iştirak edir: «Nümayişlərdə iştirak edənlər, polisin qarşısından qaçmayanlar, yaralananlar, gülləbarana məruz qalanların hamısı İran əhalisidir. Sözsüz ki, İran hakimiyyəti ölkədə baş verənlərin məsuliyyətini Qərbin, xarici qüvvələrin boynuna atmaq istəyəcək. Amma onlar özləri yaxşı düşünməlidirlər ki, nə səbəbdən xalq dəyişiklik istəyir. Görünür, mövcud rejim artıq xalqı təmin etmir. Bu halda rejimin iki çıxış yolu var. Birincisi, xalqın azadlıqlarını qismən də olsa yerinə yetirməlidilər. Yəni azadlıqları artırmalı, rejimin sərtliyini azaltmalı, insan hüquqları, Qərbə açıqlıq sahəsində insanlara imkanlar yaratmalıdılar. İkinci yol isə odur ki, zor tətbiq edərək bütün ziddiyyətləri, etirazları küncə sıxışdırsınlar. Amma ikinci varianta əl atılsa, bunun qarşılığında böyük partlayış ola bilər». Politoloq İranda baş verənləri Qərbin təşkil etdiyinə inanmır: «Amma sözsüz ki, Qərbdə buna seviniblər. Yəni ona seviniblər ki, İranda böyük qisim liberallaşmanı arzulayır. Mən ona qarışmaq istəmirəm ki, İranda seçkiləri kim udub, kim uduzub. Lap deyək ki, həqiqətən Əhmədinejad seçkilərdə çox səs yığıb. Amma baxaq görək ona kimlər səs verib - əsasən kəndlərdə yaşayan icra strukturlarına tabe olanlar. Onların təfəkkür tərzi imkan vermir ki, sərbəst seçim edə bilsinlər. Dövlət orqanlarında çalışanlar da Əhmədinejada səs verməyə məhkum olublar. Amma bütün müstəqil, seçim edə bilən insanlar - alimlər, tələbələr, qadınların təhsilli hissəsi və sair rejimə protest verib nümayişə çıxıblar. Bununla hesablaşmaq lazımdır. İran rejimi bunlarla hesablaşa bilsə, öz siyasətinə dəyişikliklər etsə, bu rejim uzun müddət davam edə bilər. Amma digər variant daha pis ola bilər. Nə qədər bunları Qərbin boynuna yıxsalar da, reallıq tamam başqadır. Mən inanmıram ki, Qərbin İran kimi ölkədə küçələrə bu qədər adam çıxarmaq gücü olsun. İran hakimiyyət tərəfindən ciddi nəzarətdə olan bir ölkədir, orada açıq avtoritar rejimdir». V.Quluzadə İranda baş verənləri «məxməri inqilab» saymır: «Bu, xalqın etirazıdır. «Məxməri inqilabı» orada etmək olar ki, bunu etmək üçün arzu var. Bu halda ortaya çıxan qüvvələrə mənəvi dəstək vermək mümkündür. Hətta ölkədəki vəziyyətə uyğun olaraq, qeyri-mənəvi dəstək də vermək olar. Amma İranda anarxiya yaranmadı. Xarici qüvvələrin imkanı olmadı ki, prosesə müdaxilə etsinlər, İrana daxil olub orada istədikləri kimi hərəkət etsinlər. Heç orada jurnalistlərin işləmək imkanı yox idi. Ona görə də hesab etmirəm ki, Qərbin İranda «məxməri inqilab» etmək planı olub. Amma İran hakimiyyəti öz əhalisini narazı saldığı üçün onlar ayağa qalxıblar. Bundan da nəticə çıxarmaq lazımdır». V.Quluzadə İranda baş verənləri böyük rus inqilabı ilə müqayisə etdi: «Oktyabr inqilabı zamanı Almaniya əlindən gələni edirdi ki, inqilab vasitəsi ilə öz düşməni olan rus çarlığını yıxsın. Amma inqilabi situasiyanı yaradan Almaniya yox, məhz Çar hakimiyyətinin özü oldu. Onun səhvləri rus xalqını hakimiyyətin əleyhinə qaldırdı və bununla da inqilab baş verdi».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar