SON XƏBƏRLƏR

ŞİMON PERES: “ÖLKƏLƏRİMİZ ƏRAZİCƏ KİÇİK OLSA DA, İNSANLARIMIZIN QƏLBİ ÇOX GENİŞDİR”

2021.10.20, 07:36
ŞİMON PERES: “ÖLKƏLƏRİMİZ ƏRAZİCƏ KİÇİK OLSA DA, İNSANLARIMIZIN QƏLBİ ÇOX GENİŞDİR”

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İyunun 28-də Azərbaycana səfərə gəlmiş İsrail prezidenti Şimon Peres dövlət başçısı İlham Əliyevlə əvvəl təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə görüşüb. Bunun ardınca iki ölkənin hökumətləri arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb. İ.Əliyev və Ş.Peres mətbuat üçün bəyanatlarla çıxış ediblər. Azərbaycanın dövlət başçısı deyib: “Əminəm ki, bu səfər ikitərəfli əlaqələrimizin uğurlu inkişafında çox önəmli rol oynayacaq. Biz iqtisadiyyatın inkişafına dair məsələləri də müzakirə etdik. Ölkələrimiz arasında birgə ticarət dövriyyəsinin həcmi artmaqdadır və bu rəqəm otən il 3,6 milyard dollara bərabər olub”. Humanitar əməkdaşlıqdan söz açan dövlət başçısı Azərbaycan və İsrail xalqları arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib: “Azərbaycanın yəhudi icması əsrlər boyu burada sülh və dostluq şəraitində yaşayıb və yaşayır. Azərbaycanda doğulan və hazırda İsraildə yaşayıb çalışan İsrail vətəndaşları da ikitərəfli əlaqələrimizin inkişafında çox önəmli rol oynayırlar. Onlar əslində İsraildə Azərbaycan diasporu kimi fəaliyyət göstərirlər. Bu gün regional məsələləri, regional vəziyyəti, Yaxın Şərqdəki, Qafqazdakı vəziyyəti, münaqişələrə aid məsələləri də müzakirə etdik. Mən cənab prezidenti Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı vəziyyət haqda məlumatlandırdım”. İsrail prezidenti çıxışında iki ölkə arasında oxşarlıqlar olduğunu vurğulayıb: “Ölkələrimiz ərazicə kiçik olsa da, insanlarımızın qəlbi çox genişdir”. AzərTAc-ın məlumatına görə Ş.Peres Dağlıq Qarabağ münaqişəsinə və münaqişə nəticəsində yaranmış işğal faktına münasibət bildirib: “İşğala baxmayaraq siz öz mədəniyyətinizi və nikbinliyinizi qoruyub saxlaya bildiniz. Səkkiz milyondan çox əhalisi olan ölkədə 1 milyon qaçqın və məcburi köçkün probleminin nə dərəcədə çətin məsələ olduğunu anlayıram. Bu o deməkdir ki, hər 8 nəfərdən biri məcburi köçkündür. Siz bu məsələnin öhdəsindən lazımınca gəlirsiniz”. Ali qonaq Azərbaycanda yüksək tolerantlıq mühiti olduğunu söyləyib: “Azərbaycanı tərk edərək İsrailə gələn yəhudilər ölkəniz haqqında daim xoş təəssüratlarını bölüşürlər. Biz yeniliklər yolunun başlanğıcındayıq. Bu, böyük və vədedici başlanğıcdır. Lakin bu gün kiçik ölkələr öz yenilikləri ilə məhdudlaşmamalı, yeni üfüqlərə, milli konsepsiya və təfəkkürə doğru addımlamalıdırlar. Bu səfərə biz böyük nümayəndə heyəti ilə gəlmişik. Onun tərkibində 3 nazir, 50-yə yaxın nüfuzlu iş adamı var. Onlar bizim münasibətlərimizi daha da dərinləşdirmək və zənginləşdirmək fikrindədirlər. Bu, qarşılıqlı olmalıdır. Biz qarşılıqlı fayda naminə birgə çalışmalıyıq”. İsrail prezidenti Heydər Əliyev Fondunda da olub. Daha sonra “Gülüstan” sarayında Azərbaycan prezidenti adından Ş.Peresin şərəfinə rəsmi ziyafət təşkil edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar