SON XƏBƏRLƏR

TEHRANDA İNGİLTƏRƏ SƏFİRLİYİNİN 10 ƏMƏKDAŞI HƏBS EDİLDİ

2021.10.20, 07:36
TEHRANDA İNGİLTƏRƏ SƏFİRLİYİNİN 10 ƏMƏKDAŞI HƏBS EDİLDİ

Gunaz.tv
İran adlanan yerdən Böyük Britaniyaya qarşı görünməmiş addım; Qərblə İran arasında vəziyyət gərginləşdi İran adlanan yer iyunun 12-də keçirilən prezident seçkilərindən sonra ölkədə yaranmış misli görünməmiş etiraz dalğasına görə Qərbə qarşı hədələyici mövqeyə keçib. Bir gün əvvəl İran prezidenti Mahmud Əhmədinejadın Qərb liderlərinin seçkilər və ondan sonra baş verənlərlə bağlı bəyanatlarına cavab olaraq “sarsıdıcı zərbə” hazırlandığı haqda xəbərdarlığından sonra təhlükəsizlik qüvvələri Böyük Britaniyanın səfirliyinə müdaxilə edib. İran rəsmi KİV-lərinin dünən yaydıqları xəbərlərə görə, Böyük Britaniya səfirliyinin bir qrup əməkdaşı ölkədə davam etməkdə olan etiraz hərəkatına dəstək vermək ittihamıyla həbs edilib. Bəzi məlumatlarda saxlanılan əməkdaşların sayının 10, bəzilərində isə 8 olduğu göstərilir. Saxlanılanların hamısı İran vətəndaşlarıdır, buna baxmayaraq onlar xarici ölkə səfirliyinin işçiləri kimi Böyük Britaniya qanunlarının və beynəlxalq konvensiyaların qoruması altında olublar. Bu baxımdan İran təhlükəsizlik qüvvələrinin hərəkəti çox ciddi beynəlxalq diplomatik qalmaqaldır və belə görünür ki, Qərblə Tehran arasında münasibətlərin ciddi ölçülərdə gərginləşməsinə gətirib çıxaracaq. İran mənbələri Böyük Britaniya səfirliyinin işçilərinin harada həbs olunduqlarını açıqlamır. Ancaq belə məlumatlar var ki, onlar işdən çıxarkən səfirlyin yaxınlığında saxlanılıblar. Bu addım İranın dini lideri ayətullah Əli Xamneyinin ötən cümə namazı zamanı Böyük Britaniyanın ünvanına səsləndirdiyi kəskin fikirlərdən sonra atılıb. Xamneyi bildirib ki, son zamanlar Böyük Britaniya İrana münasibətdə özünü çox həyasız aparır və artıq hər dəfə cümə namazı zamanı ənənəvi “Amerikaya ölüm!” şüarı ilə yanaşı “İngiltərəyə ölüm!” şüarları da səsləndirmək lazımdır. Məlumatlara görə, Böyük Britaniyanın səfirliyi İranda nümayişlər zamanı təhlükəsizlik qüvvələrinin təqiblərindən qaçanlara sığınacaq verib, habelə yaralılara ilkin tibbi yardım göstərib. Bundan əvvəl İran hökuməti BBC-nin iki əməkdaşını da Tehrandan deportasiya etmişdi. Xəbərlərə görə, İranda Böyük Britaniya səfirliyinin əməkdaşlarının həbsi haqda bu ölkənin xarici işlər naziri Devid Milibend Yunanıstanın Korfu adasında ATƏT xarici işlər nazirlərinin toplantısı zamanı məlumat alıb. Təcili bəyanatla çıxış edən Milibend bildirib ki, İran hakimiyyətinin bu addımı açıq-aşkar təcavüzkarlıqdır və beynəlxalq konvensiyalara ziddir. Tehrandakı səfirlik əməkdaşlarının həbs edilməsini “aqressiv və hədələyici akt” adlandıran nazir onların tezliklə azad edilməsini tələb edib. Böyük Britaniya XİN-dən isə “Röyter”ə bildiriblər ki, son günlər İranda bu ölkə vətəndaşlarının da həbs olunduqları haqda məlumatlar gəlir. Lakin onların şəxsiyyətlərini dəqiqləşdirmək mümkün olmur. Bir neçə gün əvvəl Böyük Britaniya səfirliyinin əməkdaşlarının ailə üzvləri təhlükəli vəziyyətlə bağlı İrandan evakuasiya olunmuşdu. Bu arada İranda müxalifət tərəfdarlarının etirazları səngisə də, davam etməkdədir. Tehranda və İranın digər şəhərlərində baş verənlər haqda məlumatlar almaq əvvəlki kimi çətindir. Prezidentliyə keçmiş namizəd Mirhüseyn Musəvi isə İslam Konstitusiyasına Nəzarət Şurasının səslərin 10 faizini yenidən hesablamaq üçün yaratdığı komissiyanın tərkibinə öz nümayəndəsini daxil etməkdən imtina edib. Bundan əvvəl Şura Musəviyə 24 saat ərzində öz nümayəndəsini komissiyaya göndərməyi təklif etmişdi. Prezidentliyə keçmiş namizəd bildirib ki, Nəzarət Şurası müstəqil deyil və bütünlüklə indiki hakimiyyəti dəstəkləyir. Ona görə də yaradılan komissiyanın nəticələrə obyektiv baxacağına inam yoxdur. Mirhüseyn Musəvi seçki prosesinin araşdırılması üçün “Hakimlər qrupu”nun yaradılmasını tələb edib. O bildirib ki, bu quruma namizədlərin bəyəndiyi və dini xadimlər tərəfindən seçilən müstəqil ekspertlər daxil olmalıdır. Bununla belə, Musəvi yenə də son anda nəticələrin ləğv olunması və yeni seçkilərin keçirilməsi tələbində qaldığını deyib. Digər keçmiş namizəd Mehdi Kərubi də səsvermənin nəticələrinin yenidən yoxlanması və baş verən qanun pozuntularını araşdırmaq üçün müstəqil komissiyanın yaradılmasını tələb edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar