SON XƏBƏRLƏR

Tufan Kərim “İranın Ermənistanla həm strateji maraqlar var, həm də türk dünyasına tarixi nifrət, qorxu var”(müsahibənin davamı)

2021.10.20, 07:36
Tufan Kərim “İranın Ermənistanla həm strateji maraqlar var, həm də türk dünyasına tarixi nifrət, qorxu var”(müsahibənin davamı)

Gunaz.tv
Azərbaycan Milli Demokrat Partiyasının başqanı Tufan Kərimin son vaxtlar bölgədə gedən proseslər, İran-ermənistan əlaqələri, Gürcüstandakı daxili vəziyyət,Türkiyənin Cənubi Qafqazda fəallaşması, Güney Azərbaycan Milli Azadlıq Hərəkatı, Azərbaycan diasporu ilə bağlı fikirlərini Bakı Strateji Araşdırmalar Mərkəzi və «Millətçilik» qəzetinə bildirir. - Ola bilərmi ki, nə vaxtsa Amerika bölgəni Rusiyaya güzəştə getsin? - Bu günkü reallıqdan çıxış etsək, Azərbaycanı nə qərb Rusiyaya güzəştə gedə bilər, nə də Rusiya Amerikaya. İstəsələr də buna nail ola bilməzlər. Çünki, Rusiya artıq zamanında olduğu kimi qüdrətli bir dövlət deyil. Biz bunu rus-çeçen müharibəsində gördük. Rusiya bu müharibədən çox böyük itkilərlə çıxdı, çökməkdə olan imperiya daha da çökdü. Hesab etmirəm ki, Azərbaycan kimi bir dövlətlə Rusiya istədiyi kimi davrana bilsin. Bəli, onun da Azərbaycana qarşı təpkiləri, təzyiqləri var, lakin bu hüdudsuz ola bilməz. Azərbaycan Gürcüstan deyil, başqa dövlət deyil, Azərbaycan kifayət qədər ciddi gücdür. Azərbaycan kimi bir dövlətlə Rusiyanın total bir münaqişəyə girməsi Rusiyanın çöküşünü gücləndirə bilər. - Amma görünən odur ki, bölgə ciddi rəqabət mərkəzinə çevrilir. NATO artıq Rusiyanın qonşuluğundadır. Bu, gələcəkdə yeni müharibələrin baş verməsinə gətirib çıxara bilərmi? - NATO qərb ağalığı yolunda bir vasitədir. Yəni, bildiyiniz kimi, artıq SSRİ dövründəki ikili qütbləşmə mövcud deyil, sadəcə olaraq, o zaman NATO daha qlobal məsələlər üçün nəzərdə tutulmuşdu. Orada ikili bir güc mərkəzi vardı. NATO-nun qarşısında duran məqsədlər bu gün fərqlidir. Bu gün Rusiya dünyanın alternativ bir güc mərkəzi kimi qəbul olunmur, Rusiya bir maneə kimi görünür. Ola bilsin ki, sabah şərqdə Çin faktoru daha da böyüsün, Rusiya faktoru həddən artıq əhəmiyyətsiz olsun. O zaman Rusiya da NATO-nun üzvü ola bilər. Hazırda Qərb Rusiyanı bir maneə kimi görür, NATO vasitəsilə Rusiyaya təzyiqlər edilir. Rusiya-NATO müharibəsindən söhbət gedə bilməz. - Azərbaycanı ən cox narahat edən amillərdən biri də İranla Ermənistan arasında ciddi yaxınlaşmanın olmasıdır. İran müsəlman ölkəsi olduğunu bəyan etsə də, amma işğalçı ermənistana qaz-neft verir və bir növ ermənistanin eks-prezidenti Levon Ter-Petrosyanın sözləri ilə desək “hava borusu” rolunu oynayır. Maraqlıdır ki, bu gün İran-ermənistan əlaqələrinin kökündə dayanan faktor strateji maraqlaramı söykənir, yoxsa tarixən formalaşmış türk millətinə nifrət patologiyası iki ölkəni bir birinə bağlayır? - Sualın axırıncı hissəsindən başlayım. Hər ikisinə söykənir. Həm strateji maraqlar var, həm də türk dünyasına tarixi nifrət, qorxu var. Bildiyimiz kimi, İran rəsmən özünü islam respubilkası elan edib. İslam respublikası olan bir çox dövlətlər var, lakin adlar hər şeyi həll etmir. İslam cəmiyyətləri mövcud deyil, bu halda ad məzmunu ehtiva etmir. Bu gün İranda fars şovinist rejimi bərqərardır. Bu rejimin zaman-zaman qərblə düşmən olması təsəvvürü yaradılsa da, yenə türk məsələsində bu düşmən mövqelərin maraqları üst-üstə düşür və hamısı eyni istiaməqtdə fəailyyət göstərirlər. İran dövləti adlı bir dövlət tarixən omayıb, bu qondarma bir dövlətdir. - Gürcüstanda daxili vəziyyət o qədər də yaxşı deyil. Bu hadisələrin mərkəzində duran iqtidar-müxalifət mücadiləsidir, yoxsa proseslər Rusiya-Amerika arasındaki ziddiyyətlərin təzahürüdür? - Biz Gürcüstandakı hadisələri diqqətlə izləyirik və hadisələrin bizə sərf edən istiqamətdə cərəyan etməsi bizim də marağımızdadır. Bu günkü Gürcüstan iqtidarı da qərb tərəfindən yönəldilir, müxalifətdə duran qüvvələrin bir çoxu qərbyönümlü insanlardır. Gürcüstanda hakimiyyət dəyişikşliyi bizə o dərəcədə də sərf etməz, amma Qərb - Rusiya qarşıdurmasnda biz maraqlıyıq. Yaxın zamanlarda bizə ən böyük təhlükə Rusiyadan olduğu üçün Rusiyanın bu qarşıdurmasının hərbi müstəviyə keçmədən davamı cəlbedici görünür. - Ancaq görünən odur ki, Rusiya Cənubi Qafqazdan əl çəkmək istəmir və bu gələcəkdə bölgə üçün təhlükəli problemlər yaratmaz ki? - Bilirsiniz, hakimiyyəti insanlar idarə edir. Bir çox hallarda iri dövlətlərin rəhbərliyində dövlətləri idarəçilik qabiliyyəti olmayan şəxslər idarə edib. Bir çox qanlı savaşlar, müharibələr həmin o nadan insanların yürütdüyü siyasətdən irəli gəlib. Bu nöqteyi-nəzərdən yanaşdıqda, Rusiya rəhbərliyi hansısa səhv addım ata bilər. Onların əlində iqtisadi, hərbi güc var və həmin gücü səhv istiqamətə yönəldə bilərlər. Ola bilər ki, Rusiya rəhbərliyi elə bir addım ata bilər ki, bu, Azərbaycan üçün təhlükə yarada bilər. Bu baxımdan, bu gün Azərbaycan dövlət başçısının yürütdüyü xarici siyasət və Rusiya ilə münasibətlər başadüşülən və qaneedicidir. - Tufan bəy, sizə son vaxtlar Güney Azərbaycanda gedən proseslərlə bağlı sual vermək istərdim. Bilirik ki, sizin partiya orada gedən prosesləri diqqətlə izləyir və bütövlüyü prinsip kimi qəbul edir. Bu gün Güney Azərbaycan məsələnin gündəmdə saxlanılması üçün hansı addımlar atılmalıdır? - Azərbaycanın problemlərinin həlli yalnız millətçilikdən keçir. Biz toplum olaraq millətçilik ideyası ilə fəxr edirik. Həmin ideyaya, əqidəyə uyğun fəaliyyətimizi, dövlətçiliyimizi qursaq biz bütün problemlərimizi həll edə bilərik. İstər şimal, istərsə də cənub qonşumuzla olan problemlərimizi də həll etmiş olarıq. Şimal qonşumuzda bu gün Tatarıstan, Başqırdıstan kimi iri türk toplumları var, yəni müstəmləkə dövlətləri var. Bu, bizim üçün Rusiyaya qarşı güclü bir təsir vasitəsi ola bilər, ancaq bu, o zaman baş verə bilər ki, biz toplum olaraq millətçi bir cəmiyyət formalaşdıraq, qardaş türk xalqlarının millətçilik fəaliyyətlərinə kömək edək və həmin toplumların milli-azadlıq hərəkatlarının yüksəldilməsində bir generator rolunu oynayaq. Əgər bu yarımmüstəmləkə türk toplumlarını ayağa qaldıra bilsək, o zaman artıq Rusiya da qarşımızda aciz qalar. Eyni faktordan istifadə edib bu gün İran İslam Respublikası adlı bir rejimin də axırına çıxa bilərik. 35 milyonluq Azərbaycan türkünün milli azadlıq hərəkatına hərtərəfli yardım edib ayağa qaldıra bilsək, bizim cənub məsələmiz də həll olunar. Bu konteksdən çıxış etsək, Güney Qafqaz məsələsinin açarı yenə də Azərbaycanda və millətçilikdədir. - Bu gün xaricdə yaşayan soydaşlarımız təşkilatlanırlar və yaşadıqları ölkənin ictimai-siyasi və sosial-mədəni həyatına inteqrasiya edirlər. Diasporumuzla bağlı fikirlərinizi bilmək maraqlı olardı... - Mən yenə ənənəvi olaraq millətçi mövqeyimə qayıdıram. Diasporun fəaliyyətini millətin bir hissəsinin fəaliyyəti kimi qəbul edirəm. Diasporumuzun yaşadıqları məkanları da millətçi olaraq milli məkan hesab edirik. Azərbaycanın bir çox problemlərini bu güclərin vasitəsilə həll etmək mümkün olacaq. Bundan çıxış edərək bizim diaspor fəaliyyətinə münasibətimiz formalaşmalıdır. Biz bu məsələni həddən artıq ciddiyə alırıq, çünki, bizim üçün onların fəaliyyətləri çox önəmlidir. Əgər hansısa dövlət məmuru diasporun fəaliyyətinə qeyri-ciddi baxırsa, bizim ciddi iradlarımızla qarşılaşacaq. Sevda Əsgərova Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar