SON XƏBƏRLƏR

QVARDİYANIN KEÇMİŞ KOMANDANI GERİ ÇƏKİLDİ

2021.10.20, 07:36
 QVARDİYANIN KEÇMİŞ KOMANDANI GERİ ÇƏKİLDİ

Gunaz.tv
Musəvinin xanımı "mübarizəni davam etdirəcəklərini" bəyan edir S.SƏDRƏDDİN Son məlumatlara görə, ötən gün İran polisi və İnqilab Keşikçiləri Qvardiyasının əsas bazası sayılan yarımhərbi könüllü dəstə - bəsicilər prezident seçkisinin sonuclarına etiraz edənlərin aksiyasının qarşısını ala bilib. Bununla belə, beynəlxalq ictimaiyyət, eləcə də ABŞ dinc nümayişçilərə qarşı güc tətbiq edilməsini və onların həbsini qınamaqdadır. İş o yerə çatıb ki, futbol üzrə dünya çempionatının seçmə oyunlarına qollarında yaşıl lent olan oyunçular yığma komandadan çıxarılıb. ŞİKAYƏTLƏR DAHA BEŞ GÜN ARAŞDIRILACAQ Ötən gün ölkənin ali rəhbəri ayətulla Xamneyi namizədlərin şikayətinə baxılma müddətini uzatmaq haqda göstəriş verib. Onu da xatırladaq ki, İslam Respublikasının parlamenti elan edib ki, prezident kimi Mahmud Əhmədinijat 26 iyul - 19 avqust arası and içəcək. Məclis bu qərarını deputatların iyulun 4-dən 26-dək məzuniyyətdə olacağı ilə əsaslandırır. 2005-ci ildə isə avqustun 5-də and içmişdi. Bu mərasimdən öncə Əhmədinijat bildirmişdi ki, onun ölkəsi, İsrail istisna olmaqla, bütün dövlətlərlə yaxşı münasibət saxlamaq niyyətindədir. Seçkini keçirən əsas qurum - Nəzarət Şurası ötən gün bəyan edib ki, bu siyasi kampaniya zamanı elə bir ciddi qanun pozuntusu aşkarlamayıb: "Bu baxımdan keçmiş namizədlərin iddiası rədd edilir". Qurumun mətbuat katibi Əli Kədxudai bildirib ki, şikayətlərin çoxu seçki gününə deyil, daha çox bu siyasi kampaniyaqabağı dövrə aiddir: "Xoşbəxtlikdən biz prezident seçkisi günü ilə bağlı irimiqyaslı qanun pozuntusu aşkarlamadıq. Bu səbəbdən də seçkinin nəticələrinin ləğv edilməsinə heç bir əsas yoxdur". Şuranın məlumatına əsasən, ölkənin 50 şəhərində seçki bülleteninin sayı səsvermə hüququ olanların sayından artıq olub. Onların qənaətincə, bu da 3 milyon "əlavə bülleten"dir. "əl-Cəzirə" tele-kanalının yaydığı xəbərdə isə bildirilir ki, müxalifətin şikayətinə baxılma müddəti daha 5 gün uzadılır. Bu arada iddiaçılardan biri - Möhsün Rzayi şikayət ərizəsini geri götürüb. Namizəd Mirhüseyn Musəvi seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia edirdisə, qvardiyanın keçmiş komandanı, sədri Rəfsəncani olan Məsləhət Şurasının katibi Rzayi səslərin yenidən sayılma tələbi ilə çıxış edirdi. O bu addımını belə izah edirdi: "İslam Respublikasında durum olduqca gərgin və dayanıqsız olduğundan ərizəmi geri götürdüm". Aksiyanın səngiməsindən istifadə edən İran polisi Musəvinin seçki qərargahında axtarış aparıb. Bundan başqa, onun tərəfdarı sayılan "Qələme-Səbz" ("Yaşıl qələm") qəzetinin 25 əməkdaşı həbs olunub. Etiraz aksiyaları başlayan gün bu mətbu orqan hakimiyyət tərəfindən qapadılıb. Yayılmış xəbərlərdə bildirilir ki, İran parlamentinin binası qarşısına toplanan minlərcə etirazçıya atəş açılıb. Bu atəş nəticəsində 19 yaşlı bir qız yaralanıb. İnqilab Keşikçilərinə məxsus bir neçə vertolyot isə vəziyyətə havadan nəzarət etməkdədir. ALİ RƏHBƏRİN "ŞEYTAN AXTARIŞI" İranın ali rəhbəri ayətulla Xamneyi baş verənlərin fonunda özünü daha əmin və arxayın göstərməkdədir. Ötən gün o, parlament üzvləri ilə görüşüb. Bəyan edib ki, "Nə ölkədəki mövcud siyasi sistem, nə də İrana rəhbərlik edən insanlar" təzyiqlərə boyun əyməyəcək, dövlət islam inqilabının prinsiplərinə və qanunlara uyğun olaraq idarə ediləcək. Rejim başçısı qanunların pozulmasının diktaturaya yol açdığını vurğulayaraq İranda vəziyyətin sahmana salınmasını istəyib. O, parlamentdəki fraksiya başçılarına müraciət edərək onları dövlətin idarə olunmasında hökumətə yardım göstərməyə çağırıb. İran dövlətinin başçısı bir müddət öncə etiraz aksiyaçılarının namizədlərlə heç bir əlaqəsi olmadığını bəyan etmişdi. Srağagün isə "bütün pozuculuq fəaliyyətinin arxasında xaricilər durur. Onlardan biri - şeytanlar şeytanı isə İngiltərədir". "Uoll strit cornal"ın yazdığına görə, Musəvi tərəfdən çıxış edən, Dini Ekspertlər Şurasının sədri Ələkbər Haşimi-Rəfsəncani qurum üzvləri ilə Xamneyini ali rəhbərlik vəzifəsindən uzaqlaşdırmaq barədə danışıqlar aparır. "əl-Cəzirə"nin xəbərində bildirilir ki, Haşimi-Rəfsəncani namizədlər Mirhüseyn Musəvi və Mehdi Kərrubi ilə görüşərək onları inandırmağa çalışıb ki, mübarizəni davam etdirməsinlər. Qeyd edək ki, Rəfsəncani ailəsi də etiraz aksiyasında fəal çıxış edənlərdən sayılır. Müşahidəçilər onun qızı Faizə Haşiminin həbs edilib ev dustağı olmasını buna sübut kimi göstərirlər. İran Anayasasının 107-ci maddəsində yazılıb ki, ayətula Xomeynidən sonra seçkili yolla formalaşan Ekspertlər Şurası ali rəhbəri seçir. Bu qurum bütün müctəhidlərin fəaliyyətini yoxlaya bilər. Şuranın seçdiyi ali rəhbər isə vilayət əmrini və ondan doğan bütün məsuliyyəti öz üzərinə götürür. Rəhbər qanunlar və ya ölkənin başqa fərdləri qarşısında bərabərdir. 110-cu maddə ilə ali rəhbərin vəzifəsi göstərilib. Burada onun dövlət başçısı olmasından tutmuş, prezidentin səlahiyyətlərini təsdiqləməsi kimi müddəalar mövcuddur. Hazırda şuranın 86 üzvü var. Quruma sonuncu seçki 2007-ci ildə keçirilib. AĞ EVDƏN XAMNEYİYƏ GİZLİ MƏKTUB? "Vaşinqton post" qəzeti naməlum mənbəyə istinad edərək yazıb ki, seçkiyə bir ay qalmış ABŞ prezidenti Barak Obama İranda ölkəsinin mənafeyini qoruyan İsveçrənin Tehran səfirliyi vasitəsilə Xamneyiyə məktub göndərib. Faktı İran dövlətinin başçısı bu yaxınlarda təsdiqləyib. Ötən cümə xütbəsində Xamneyi ABŞ liderinin məktubunu xatırlatsa da, Ağ ev rəsmiləri hələ də bu sənədi şərh etməkdən yayınırlar. Mətbu orqanın bildirdiyinə görə, İsveçrə səfirliyi məktubu mayın 4-ü 10-u arasında İranın XİN-ə çatdırıb. Həmin sənəddə "bölgədə ikitərəfli əlaqə və əməkdaşlıq"ın qurulmasının təklif olunduğu, eləcə də İranın nüvə proqramı ilə bağlı məsələnin həllinə dair bəzi nüanslardan bəhs edildiyi bildirilib. "Vaşinqton post" ayətulla Xamneyinin bir həftə öncəki müraciətindən misal gətirib: "Bir yandan bizə məktub yazaraq İslam Respublikasına hörmət etdiklərini, münasibətlərin bərpa olunacağını bəyan edir, o biri yandan isə başqa əməl törədirlər (etirazçıların dəstəklənməsini nəzərdə tutur-S.). Belə bir şəraitdə biz hansına inanmalıyıq? Ölkəmizdə onların casusları fəallaşıb. Vəhşilik törədilir. Dükanlar, banklar yandırılır, ictimai asayiş pozulur. Onlar muzdlulardır, Qərb kəşfiyyatının agentləridir". MUSƏVİYƏ VƏ ETİRAZÇILARA BASQILAR BAŞLAYIB Elə hakimiyyə təmsilçilərinin bu sayaq çıxışlarından sonra hüquq-mühafizə orqanları və ETTELAAT-da saxlananlardan etiraflar alınmağa başlanıb. "Azadlıq" radiosunun məlumatına görə, həbs olunanlardan biri "məni belə mənəviyyatsız hərəkətə "Amerikanın səsi" (fars dilində gecə-gündüz yayımlanan "Fərda" radiosunu nəzərdə tutur - S.S.) və Bi-Bi-Si radioları təhrik edib" deyə ekran qarşısına çıxarılan biri "etiraf"ında söyləyib. İlkin məlumata əsasən, nümayişlər zamanı 457 nəfər həbs olunub. Artıq onların "teleetiraflar" serialı start götürüb. Belələri üzr istəyir, "nümayişə getdiklərindən peşiman olduqları"nı bildirirlər. Mənbə etrafçıların eyni sözləri televiziya çıxışlarında təkrarladıqlarına diqqət çəkərək bildirib ki, bir qadın belə deyib: "Bi-Bi-Si-nin və "Fərda"nın verilişləri onu yoldan çıxarıb. Ona görə də çantasına qumbara qoyaraq nümayişə əedib. Nümayişdə isə pəncərələrə daş atıb, yoldakı maşınları əzib". İranın daxili işlər naziri Sadiq Məhsuli öz növbəsində bəyan edib ki, İrandakı qarışıqlığı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və hazırda İraq ərazisində yerləşən İran Xalq Mücahidləri Təşkilatı maliyyələşdirir. Onun sözlərinə əsasən, tutulan nümayişçilər üçün xüsusi məhkəmələr qurulacaq. Belə məhkəmələr 30 ilə yaxındır bir qayda olaraq mülki məhkəmədən fərqlidir. Bu tribunalda məhkəmə prosesi bağlı qapı arxasında bir hakimin və ittiham olunanın iştirakı ilə keçirilir. Hakim həm vəkil, həm də prokuroru əvəz edir. "Mediaforum"un bildirdiyinə görə, bu məhkəmə bir qayda olaraq müttəhim barəsində uzunmüddətli həbs qərarı çıxarır. Bundan başqa, Tehrandakı etirazçılar polis görəndə "Allahu əkbər!" şüarı qışqırırlar. Bu halda asayiş keşikçiləri onların üzərinə yeriməkdən çəkinir, çünki 1979-cu ildən bəri "Allahu əkbər" islam inqilabının başlıca şüarıdır. Əhali narazılığını bildirmək üçün günün müəyyən vaxtlarında maşınlarının işıqlarını yandırıb söndürür. Daxili İşlər Nazirliyi ikinci dəfə Musəvidən tələb edib ki, xalqın iradəsinə və qanuna hörmət etsin. Hüquq-mühafizə orqanlarının yaydığı bəyanatda qeyd edilir ki, bu adam 48 saat ərzində icazəsiz aksiyalarla bağlı çağırışları dayandırmalıdır. "Röyter"in məlumatında bildirilib ki, əks halda, Musəvi barəsində cinayət işi açılacaq. İran parlamentinin komissiya başçısı Əli Şahruhi isə Tehranda qanunsuz kütləvi aksiyalar təşkil etdiyi üçün prezidentliyə iddiaçının tutulmasını istəyib. Onun qənaətincə, keçmiş baş nazirin fəaliyyəti "İranın təhlükəsizliyini təhdid edir". İranın iri şəhərlərinin əsas meydan, küçə və xiyabanları "asayiş keşikçiləri", "xalq drujinaçıları", eləcə də bəsicilərlə doludur. Musəvi və onun müttəfiqi - parlamentin keçmiş sədri Mehdi Kərrubinin qərargahından bildirilir ki, Tehranda və ölkənin başqa şəhərlərində etiraz aksiyaları zamanı polis, qvardiya və bəsicilər tərəfindən qətlə yetirilmiş adamların yad edilməsi ilə bağlı mərasimlər keçiriləcək. MEYDANDA ZƏHRA RƏHNAVƏRD VƏ ŞİRİN İBADİ Beləliklə, qarşıdakı dönəmdə Əli Xamneyi və Mahmud Əhmədinijat hakimiyyət başında dayanacaqlar. Onların rəqibləri isə siyasi taleləri ilə barışmalı olacaqlar. Yayılmış xəbərlərə əsasən, ötən günə kimi Musəvinin veb-saytı baş verənlər barədə məlumat yayırdı. İndi bunu onun həyat yoldaşı Zəhra Rahnavərd edir. Onun da ayrıca saytı var və Rahnavərd saytında hadisələr zamanı həbs olunanların azad olunmasını tələb edir. Saytında o bildirib: "Mən çoxlu sayda siyasilərin və bir sıra vətəndaşların tutulmasından təəssüflənirəm... Mənim borcum İran xalqının hüquqlarını qorumaq üçün qanuni etiraz aksiyalarını davam etdirməkdir". Nobel sülh mükafatı laureatı Şirin İbadi Brüssel səfərində seçkinin sonucları ilə bağlı baş verənlərə dair jurnalistlərə açıqlamasında deyib ki, Avropa Birliyi iyunun 12-də keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi, bu siyasi kampaniyanın yenidən keçirilməsi, xalqa qarşı qanlı repressiyaların dayandırılması üçün Tehran hakimiyyətinə qarşı diplomatik və siyasi təzyiqləri artırmalıdır. O, birliyin ali komissarı Havyer Solanadan vətəndaşlarını kütləvi şəkildə həbsxanaya salan, qətlə yetirən İran hakimiyyətinə etiraz etməsini istədiyini bildirir: "Avropa ölkələri birgə siyasi və diplomatik tədbirlərlə İran hakimiyyətinin öz vətəndaşlarının dinc etiraz aksiyalarına qoyduğu qadağa və məhdudiyyətlərə etiraz sərgiləməlidir. İqtisadi sanksiyalardan daha çox xalq ziyan çəkir. Mən isə hər nəsnədən öncə hakimiyyətə qarşı siyasi təzyiq və sanksiyaların gücləndirilməsini istəyirəm. Nə qədər ki İran İslam Respublikasının rəhbərləri xalqı əzməyi davam etdirir, prezident seçkisi yenidən keçirilməyib, Avropa Birliyi rəsmiləri hakimiyyət təmsilçiləri ilə istənilən görüş və müzakirələrdən imtina etməlidir".ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar