SON XƏBƏRLƏR

İran adlanan yerdə siyasi böhran dərinləşdi

2021.10.20, 07:36
İran adlanan yerdə siyasi böhran dərinləşdi

Gunaz.tv
Parlamentin yüzdən çox deputatı Əhmədinejatı boykot etdi; artıq «İslam Respublikasına ölüm!» şüarları səslənir Mirhüseyn Musəvi: «Xalqın hüququndan vaz keçməyəcəm» Srağagün İran parlamenti qarşısında keçirilən aksiyada yüzlərlə vətəndaşın həbs edildiyi, onlarla şəxsin yaralandığı barədə məlumat yayılıb. Aksiyada 19 yaşlı bir qızın da başından güllə yarası aldığı vurğulanır. “Mediaforum” saytının məlumatına görə, aksiyaçılar dinc şəkildə deputatların çölə çıxıb onlarla görüşməsini tələb etsələr də, silahlı hökumət qüvvələrinin və mülki geyimli polis əməkdaşlarının qəfil hücumuna məruz qalıblar. Aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan və dəyənəkdən istifadə edilib. Bildirilir ki, polis zorakılığından qəzəblənən aksiyaçılar “Allahu əkbər”, “Musəvi, Musəvi, səni dəstəkləyirik”, “Diktatora ölüm” və “Bəsic” cinayət edir, rəhbər də dəstək verir” şüarları səsləndirərək, polisə qarşı daş atmaqla müqavimət göstərməyə başlayıblar. Məlumatda özəl polis qüvvələrinin bir qadını piyada körpüsündən aşağı tulladığı vurğulanır. Aksiya dağıdıldıqdan sonra evlərinə qayıdan nümayişçilərin damlara çıxaraq bir saata qədər “Allahu əkbər”, “Diktatora ölüm” və “İslam Respublikasına ölüm” şüarları səsləndirdiyi bildirilir. Damlardakı şüar aksiyalarının digər şəhərlərdə, o cümlədən Təbriz və İsfahanda da keçirildiyi vurğulanır. 70 universitet müəllimi həbs edildi İran universitetlərinin 70 müəllimi həbs olunub. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, müəllimlər müxalifətin lideri Mirhüseyn Musəvi ilə görüşməyə hazırlaşırmışlar. İlkin məlumata görə, tutulanlar İranın liberal idarəçilik üsulu ilə idarə edilməsinin tərəfdarı olublar. Onların haraya aparıldıqları məlum deyil. Analitiklərin fikrincə, həbslər İran hökumətinin sərtləşdiyini göstərir. Radio Fərda bir qədər sonra onlardan 66-nın sərbəst buraxıldığını xəbər verib. Matəm mərasimləri qadağan edildi İranın müxalifətdə olan “Etemade-melli” partiyasının lideri, prezidentliyə namizəd Mehdi Kərrubi dünənə nəzərdə tutulan matəm mitinqini ləğv edib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, mitinq bir neçə gün öncə polislə toqquşmalar zamanı öldürülən insanların xatirəsinə həsr olunmalıymış. Partiyanın qəzetinin İnternet saytında bildirilir ki, Kərrubinin bütün cəhdlərinə baxmayaraq, hakimiyyət orqanları mitinq keçirilməsinə icazə verməyiblər. Prezidentliyə namizəd insanların təhlükəsizliyi baxımından mitinqi təxirə salmaq qərarına gəlib. Bununla yanaşı, onun gələn həftə mitinq keçirməyə cəhd edəcəyi də bildirilir. «Guardian» qəzeti yazır ki, hakimiyyət aksiyalar zamanı öldürülən Nida Ağa Sultanın ailəsindən Tehranı tərk etməyi tələb edib. «Azadlıq» radiosunun xəbərinə görə, Musəvi tərəfdarları bu gün göyə minlərlə hava şarı buraxacaqlar, şarların üstündə isə «Nida, sən həmişə bizim qəlbimizdəsən» sözləri yazılacaq. Deputatlar Əhmədinejatı təbrik etməkdən imtina etdilər İran parlamentinin 100-dən çox deputatı Mahmud Əhmədinejatın prezident seçilməsi ilə bağlı təntənəli qəbul mərasiminə qatılmaqdan imtina edib. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, onlar hakimiyyətin dinc nümayişçilərə divan tutmasına bu yolla etiraz ediblər. İyunun 24-də keçirilən təntənəli şam yeməyinə parlamentin 290 üzvünün hamısı dəvət edilib. Amma 105 deputat tədbirə qatılmayıb. Ekspertlər bildirirlər ki, bu cür kütləvi imtina prezident seçkilərindən sonra ölkədə həqiqətən də çox ciddi qarşıdurma yarandığını göstərir. Musəvi yeni bəyanat yaydı İran prezidentliyinə namizəd olmuş Mirhüseyn Musəvi iyunun 25-də bəyanat yayaraq, əhalini sivil yolla və qanun çərçivəsində seçki nəticəsinə etirazı davam etdirməyə çağırıb və heç bir təzyiq altında xalqın hüququndan vaz keçməyəcəyini bildirib. “Mediaforum”un məlumatına görə, Musəvi dövlət televiziyasında və bir sıra hökumət qəzetlərində ona və xalqa qarşı qərəzli təbliğat aparıldığından danışıb: “Son günlər Dövlət Teleradio Şirkəti, hökumət qəzet və saytları seçkisonrası hadisələri təhrif edərək hər şeyi birtərəfli və tərsinə işıqlandırmağa başlayıblar. Onlar xalqa məxsus bütün imkanlardan faydalanaraq həqiqəti ört-basdır etməyə, baş verən acınacaqlı olayların günahını xalqın və bizim boynumuza atmağa, bizi səbəbkar kimi göstərməyə çalışırlar”. Musəvi seçkidə saxtakarlıq edənlərin öz qrup maraqlarının təmin olunması uğrunda çalışdığını deyib: “Bunlar xalqa məxsus bütün vəsait və imkanlara söykənərək öz qrup mənafelərini qorumaq üçün açıq-aşkar yalan danışır, başqalarına damğa vurur, ləkə yaxırlar. Onlar bilməlidir ki, Musəvi mahiyyəti artıq xalqa ifşa olunmuş bu kimi hiylə və fitnələrlə mübarizə meydanını tərk etməyəcək”. Qumdan olan ayətullah: “Xalqın haqqını yeyən hər kəs şeytandır” Qum dini dairəsinin məşhur rəsmisi ayətullah Seyid Hüseyn Musəvi Təbrizi prezident Mahmud Əhmədinejadın tərəfdarı olan www.sanyehnews.com saytına verdiyi müsahibədə prezident seçkisindən və seçkisonrası hadisələrdən danışıb. M.Təbrizi prezidentliyə namizəd olmuş Mirhüseyn Musəvinin seçki saxtakarlığına qarşı dinc mübarizəsini dəstəklədiyini vurğulayaraq hökumətin sivil etiraza qalxan vətəndaşlara zorakılıq işlətməsini kəskin tənqid edib. “Mediaforum”un məlumatına görə, M.Təbrizi dövlət televiziyasında və mətbuatda dinc nümayişçilərin “iğtişaşçı” adlandırılmasını pisləyib: “Siz hansı iğtişaşdan danışırsınız? Xalq sivil yolla küçəyə çıxıb öz haqqını tələb edir. Sizcə, bu iğtişaşdırmı? Xalq da elə bunu deyir və seçki nəticəsinə etiraz bildirir. Xalqın haqqını yeyən və tapdalayan hər bir kəs şeytandır”. AŞ PA İrandakı vəziyyətə dair qətnamə qəbul etdi Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) dünən keçirilən iclasında fövqəladə olaraq “İrandakı vəziyyət” adlı məruzə müzakirə olunaraq qəbul edilib. APA-nın Avropa bürosunun məlumatına görə, müzakirələrdə İranda baş verən hadisələr kəskin pislənib. Hazırladı: Cavid CABBAROĞLU

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar