SON XƏBƏRLƏR

AYƏTULLAH MÜNTƏZİRİ ÖLKƏDƏ BAŞ VERƏNLƏRDƏN XƏCALƏT ÇƏKDİYİNİ DEYİB

2021.10.20, 07:36
AYƏTULLAH MÜNTƏZİRİ ÖLKƏDƏ BAŞ VERƏNLƏRDƏN XƏCALƏT ÇƏKDİYİNİ DEYİB

Gunaz.tv
Hüseynəli Müntəziri İran hakimiyyətinin tanınmış tənqidçisi ayətullah Hüseynəli Müntəziri bəyanat yayaraq rəsmilərin seçki saxtakarlığına dinc etiraz bildirən vətəndaşlara qarşı zorakılığına kəskin etiraz bildirib. “Media forum” saytının məlumatına görə, Müntəziri hakimiyyət rəhbərlərinin vətəndaşlara qarşı “sərt və düşünülməmiş” hərəkətini kəskin qınayaraq seçki nəticəsinə etiraz bildirən xalqı sivil yolla öz hüququnu almağa çağırıb: “Xalqa qarşı belə rəftar və üsullardan istifadə etmək zərrə qədər insafı olan heç bir insanın ağlına sığmaz”. Şah rejiminə qarşı apardığı mübarizədən, İran İslam Respublikasının bərqərar olunması ilə bağlı xatirələrindən danışan Müntəziri son günlər ölkədə cərəyan edən hadisələrdən xəcalət çəkdiyini deyib: “İndiki hakimiyyət rəhbərlərinin xalqa qarşı rəftarı islamdan və peyğəmbər ənənəsindən tam fərqlidir. Bu hərəkətlərin islama heç bir dəxli yoxdur. Belə davranış tərzi geniş kütlənin islama və din hakimiyyətinə qarşı bədbinliyinə, islam alimlərinin dəyərli zəhmətlərinin tamamilə məhvinə gətirib çıxaracaq”. Müntəziri ölkənin hərbiləşdirilməsini də qınayıb: “Öz müsəlmanlığı və şiəliyi ilə fərəhlənən ölkədə necə olur ki, rəsmilər inqilabdan 30 il keçməsinə baxmayaraq Tehranı və digər iri şəhərləri böyük bir qarnizona çevirir, hərbçi qardaşlarımızı xalqla üz-üzə qoyur, mülki geyimli məmurlar isə şah rejimində olduğu kimi dəyənəklə namərdcəsinə gənclər, qadınlar və kişilərin canına düşür, onları qana bələyirlər?”. O, ziyalıların kütləvi həbsindən narahat olduğunu deyib: “Təəssüflər olsun ki, bunlar bütün kütləvi informasiya vasitələrini və digər təbliğat imkanlarını öz inhisarında saxlayaraq bu xalqın övladları sayılan və cəmiyyətin qaymağı hesab olunan ziyalı elitasını və tələbələri əcnəbilərə bağlayır, hər gün müxtəlif bəhanələrlə onları həbs edir və zindana salırlar”. Ayətullah Müntəziri İran islam inqilabının lideri Ayətullah Xomeyninin ilk canişini olub. Vaxtilə Xomeyniyə İran İslam Respublikasında həyata keçirilən edamlarla bağlı açıq məktub yazıb və edamları tənqid edib. Bu səbəbdən Xomeyni vəfat edəndən dərhal sonra Müntəziri canişinlikdən uzaqlaşdırılıb və onun yerinə İranın indiki dini lideri Ayətullah Xamneyi gətirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar