SON XƏBƏRLƏR

Kreml dəyişən deyil. Rusiya Azərbaycana hədə dolu mesaj verdi

2021.10.20, 07:36
Kreml dəyişən deyil. Rusiya Azərbaycana hədə dolu mesaj verdi

Gunaz.tv
Moskva son aylarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əsas sülhyaradıcı qüvvə, başlıca vasitəçi rolunu oynamağa çalışsa da, gerçək məqsədlərini uzun müddət gizlədə bilmədi. Ötən ildə Rusiyanın dövlət başçısı Dmitri Medvedyevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonrakı "moderatorluq" səyləri bu il də davam etdirən Kreml 2009-cu ilin yanvarından bəri Bakıya ən müxtəlif, bəzən şirnikləndirici vədlər verirdi. Həmin vədlərin arasında Dağlıq Qarabağ münaqişəsi və erməni işğalında olan ərazilərin yaxın 5 ay ərzində azad edilməsi üçün maksimum səy göstəriləcəyindən tutmuş, Bakının təklifləri qəbul ediləcəyi təqdirdə ona hərbi texnika və silahın Rusiyanın daxili qiymətləri ilə satılacağına qədər ən geniş çeşiddə variantlar vardı. Moskva bütün bunlarla yanaşı, Ermənistanı da güzəştli sülh variantlarıyla razılaşmağa sövq etmək üçün zahirən konkret təsir bağışlamağa yönəlmiş addımlar atırdı. Rusiyanın XİN başçısı Sergey Lavrov İrəvanda olarkən Ermənistan prezidenti Serj Sərkisyanla danışıqlar aparmış, həmin mükalimədən sonra qayət maraqlı açıqlama vermişdi: "Ermənistana $500 milyon məbləğində güzəştli kredit ayrılacaq. Düşünürük ki, bu maliyyə vəsaiti regionda sülh və stabilliyin bərqərar olacağı günü yaxınlaşdıra bilər". Moskva o krediti ayırdı və bu barədə müvafiq anlaşmalar imzalandı, hətta $80,87 milyon məbləğində ilkin tranş da İrəvana çatdırıldı. Fəqət, ermənilər pulu alsalar da, Rusiyanın Cənubi Qafqazdakı yeganə müttəfiqi, əslində isə forpostu rolunun ifasında ciddi sapmalara yol verdilər. Kremli qıcıqlandıran həmin sapma Ermənistanla Türkiyə arasında İsveçrədə 2007-ci ilin sonlarından bəri İsveçrənin vasitəçiliyindən bəhrələnərək Türkiyə ilə danışıqlar aparmasını rəsmən etiraf etməsi ilə başlanmışdı. Zira Rusiyanın bütün təxminlərinin əksinə olaraq, Ermənistan rəhbərliyi Türkiyə ilə sərhədin açılması, diplomatik əlaqələrin qurulması və münasibətlərin normallaşdırılmasında maraqlı olduğunu deyirdi. Söz yox, bu sözlərin əsla dəyəri yoxdu: çünki rəsmi İrəvan Qərb qarşısında "türklərlə anlaşmaya getmək istəyən hakimiyyət" imici yaratmağa çalışaraq yetərincə real dividentlər əldə etməyə can atırdı. Ermənistanın belə davranışı isə Rusiyanın ifrat dərəcədə qıcıqlandırıb. Kreml bir yana, İrəvananın osmanlı türkləri demişkən, "sərsəri mayın" təki gah Rusiya, gah da Qərbə tərəf sapdığını nümayişkaranı şəkildə izhar etməsi elə Qərbin özünün də səbr kasasını daşdırıb. ABŞ-ın "Minilliyin çağırışları" proqramı çərçivəsində Ermənistana göstərdiyi yardımları qəflətən dayandırması, sonra da İrəvanla Dağlıq Qarabağdakı separatçı rejimə ayırdığı pulların məbləğini aşağı salaraq hayların cavab reaksiyasını müəyyənləşdirməsi (həmin məbləğ sonradan bərpa olundu, amma Vaşinqton istədiyinə çatmışdı) də bəhs etdiyimiz məcradan olan məsələlərdir. Dağlıq Qarabağ münaqişəsindəki "baş moderator" rolunun ifası üçün Ermənistandan gözlədiyini ala bilməyən Rusiyanın Azərbaycanla bağlı ümidləri də öləziyib. Belə ki, rəsmi Bakı Moskvanın ona təklif etdiyi oyun qaydalarını rədd edərək əvvəlki mövqeyində qalıb, güzəştli silah satışı vədini isə heçə sayıb. Azərbaycan XİN-i bunu rəsmən etiraf etməsə də, silah, sursat və hərbi texnika istehsalı sahəsində yerli müəssisələrinin gücünün artırılması, yeni strukturların yaradılması və ən nəhayət, hərbi-texniki əməkdaşlıq müstəvisində Qərbə, habelə köhnə müttəfiqlər Türkiyə və İsrailə üstünlük verməsi əslində Moskvaya verilmiş cavab sayıla bilər. Təbii qaz nəqli məsələsində də Moskvanın planları suya düşüb. Belə ki, Azərbaycan və Türkmənistanın təbii qazının Rusiyadan yan keçməklə Avropa Birliyinə çıxarılması üçün nəzərdə tutulmuş "Nabucco" layihəsi ilə bağlı yekun sazişin imzalanmasının dəfələrlə təxirə düşməsi Moskvanı cuşa gətirmişdi. O dərəcəyə qədər ki, Kreml Bakıya "Şahdəniz" yatağının ikinci istismar mərhələsi çərçivəsində hasil ediləcək təbii qazın hamısını (!) satın alacağını bildirdi. Fəqət, dünən olayların cərəyan istiqamətində yeni, köklü dəyişikliklər baş verib. Avropa Birliyinin energetika məsələləri üzrə komissiyası xüsusi bəyanatla çıxış edərək "Nabucco" layihəsinin reallaşdırılmasını nəzərdə tutan sazişin ən yaxın günlərdə imzalanacağını bildirib. Azərbbaycanın xam neft və təbii qazının Türkiyəyə nəql edilən həcminin bir hissəsinin həmin ölkədən İsrailə Eylat-Aşkelon istiqaməti ilə çatdırılması ilə bağlı danışıqlar isə İsrail prezidenti Şimon Peresin Bakıya səfərində müzakirə ediləsidi. Və ən nəhayət, Fransanın XİN-i ilə ABŞ-ın Dövlət Departamenti bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla çözülməsində səylərini artırmaqla yanaşı, Azərbaycanla əlaqələri daha da intensivləşdirəcəklər. Belədə, Kremlin səbr kasası artıq daşdı. Dünən Rusiyanın XİN-i yetərincə maraqlı bəyanatla çıxış edib. Bəyanata görə, Kreml hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini qarşı duran tərəflərin özləri sürətləndirərək başa vurmalıdır. "Yekun sülh sazişini də məhz Azərbaycanla Ermənistan imzalamalıdır. Biz bu münaqişəyə cəlb olunmuş tərəflərin hamısını təmin edəcək həll variantını dəstəkləməyə, kompromiss anlaşmanın əldə ediləcəyi təqdirdə isə nizalanmanın qarantı qismində çıxış etməyə hazırıq", - Rusiyanın Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin yaydığı açıqlamada bildirilir. Rusiya XİN-i hesab edir ki, Moskva münaqişə tərəflərinə həll variantlarının kənardan "sırınması"na qarşı çıxır. "Hesab edirik ki, bölgənin beynəlxalq səviyyədə hərbi-siyasi qarşıdurma məkanına çevrilməsi ilə nəticələnməyəcək, regiona sakitlik və stabilliyi qaytaracaq həll variantı səbatlı olacaq", - Rusiya XİN-i hesab edir. Müşahidəçilərin fikrincə, bu açıqlama Bakıya ünvanlanmış açıq təhdiddir. Rusiya üstüörtülü, yaxşı pərdələnmiş diplomatik dillə məramını açıqlayır. Özü də hər hansı maskanı bir kənara ataraq. Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlarda özünə rəqib saydığı dövlətlərin fəallaşmasını görmək istəmədiyini deməklə bahəm, təklif etdiyi variant və şərtlərin qəbulunu israrla istəyir. Özü də bu dəfə tələb şəklində... Həsən AĞACAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar