SON XƏBƏRLƏR

Saakaşvilinin hərəkəti sadəcə ağılsız bir addım idi

2021.10.20, 07:36
Saakaşvilinin hərəkəti sadəcə ağılsız bir addım idi

Gunaz.tv
Politoloq Qabil Hüseynlinin fikrincə, Azərbaycanla Türkiyə Saakaşvilinin qondarma erməni soyqırımı abidəsini ziyarət etməsinə ciddi reaksiya verəcək Irəvanda səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvilinin qondarma erməni soyqırımı abidəsini ziyarət etməsi bir çox sualların meydana gəlməsinə səbəb olub. Azərbaycan və Türkiyə kimi ölkələrlə strateji tərəfdaşlıq edən Gürcüstanın dövlət başçısının belə bir addım atmasına hansı amillər vadar edib? Şübhəsiz ki, Saakaşvili sözügedən abidəni ziyarət edərkən bunun Bakı və Ankara tərəfindən necə qarşılanacağını təxmin etməmiş deyildi. Deməli, o bu addımı ilə Türkiyə və Azərbaycanla strateji tərəfdaşlıqdan daha önəmli dividendlər qazanmağı düşünürmüş. Ən ağlabatan versiyalardan biri Saakaşvilinin ABŞ-dakı erməni lobbisindən hansısa formada dəstək istəməsidir. Yəni, bu addım Gürcüstan prezidentinin ABŞ-ın hakimiyyət dairələrinə müəyyən təsir imkanlarına malik erməni lobbisinə «jesti» kimi də dəyərləndirilə bilər. Lakin bu, ehtimal olunan versiyalardan biridir. Başqa versiyalar da var. Məsələn, politoloq Qabil Hüseynli hesab edir ki, Saakaşvili sadəcə ağılsız bir addım atıb. Onun fikrincə, Gürcüstan prezidenti Bakı və Ankaranın mümkün reaksiyalarını nəzərə alaraq bu addımı atıb: «Güman ki, Saakaşvili Azərbaycan və Türkiyənin reaksiyalarını hesablayıbmış. Belkə də, Saakaşvili yaxşı saya bilir, amma hesablaya bilmir. Faktiki olaraq o, dost ölkələrlə münasibətlərə xələl gətirən bir addım atdı». Bununla yanaşı Qabil Hüseynli Saakaşvilinin bu addımının erməni lobbisinə bir jest olduğunu da istisna etməyib. O qeyd edib ki, nəzəri cəhətdən bu, mümkündür. «Lakin inandırıcı deyil ki, beş-üç erməniyə görə Saakaşvili bunu etsin», - deyə o vurğulayıb. Saakaşvilinin İrəvanda qondarma erməni soyqırımı abidəsini ziyarət etməsinin mahiyyətinə gəldikdə isə Qabil Hüseynli hesab edir ki, bu addımın arxasında rəsmi Tiflisin faktiki olaraq qondarma soyqırımı tanıya biləcəyinə işarəsi dayanır: «Bu o deməkdir ki, Gürcüstan bu məsələyə siyasi dəstək də verməyə hazırdır». Qabil Hüseynli Saakaşvilinin bu addımına Azərbaycanla Türkiyənin hansı reaksiya verə biləcəyindən da danışıb. Onun fikrincə, rəsmi Bakı Gürcüstan prezidentinin bu hərəkətinə adekvat addım atmalıdır. «Buraya Gürcüstana satılan «mavi yanacağın» qiymətinin Avropa qiymətlərinədək qaldırılması, Bakı-Tiflis-Axalkalaki-Qars dəmir yol xəttinin çəkilişi üçün ayrılan kreditin faizlərinin artırılması və s. məsələlər daxil ola bilər. Gözləyirəm ki, həm Azərbaycan, həm də Türkiyə Saakaşvilinin bu addımına ciddi reaksiya verəcək. Hətta ondan siyasi izahat da tələb oluna bilər», - deyə o fikrini tamamlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar