SON XƏBƏRLƏR

Azərbaycana münasibətdə ikili standart var

2021.10.20, 07:36
Azərbaycana münasibətdə ikili standart var

Gunaz.tv
"Hətta siyasi dustaqlarla bağlı məsələdə də Ermənistanla Azərbaycan arasında ayrı-seçkilik edilir" Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu təsisatı Azərbaycana münasibətlərdə ikili standartlara görə tənqid edib. AŞPA-nın bu həftə keçirilmiş plenar iclasında Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı məsələ müzakirə edilirdi. Müzakirələrdən əvvəl Amnesty İnternational Təşkilatı katibliyinin nümayənbdəsi Klodiyo Kordon və Human Rights Watch təşkilatının nümayəndəsi Holi Kartner çıxışlarında Azərbaycanı kəskin tənqid atəşinə tutublar. Azərbaycan nümayəndə heyətinin başçısı ölkəsinə olan münasibəti pisləyib və bildirib ki, insan haqlarının vəziyyəti Azərbaycandakından da pis olan ölkələr var. Cənab Seyidov deyib ki, hətta siyasi dustaqlarla bağlı məsələdə də Ermənistanla Azərbaycan arasında ayrı-seçkilik edilir. BBC-nin Azərbaycan Xidmətinə müsahibəsində cənab Seyidov bunları deyib: S.S.:Çox təəssüflər olsun ki, Avropa Şurasında müxtəlif ölkələrdə monitorinq zamanı təxminən eyni problemlərə müxtəlif qiymətlər verilir. Azərbaycan bu məsələ ilə bağlı nə qədər təkid etsə də, Avropa Şurası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin etdi. Biz deyirdik ki, Azərbaycan başqa ölkələrlə yanaşı demokratiya istiqamətində hərəkət edərək problemlərlə rastlaşır, buraya o cümlədən, insan haqları ilə bağlı problemlər aiddir. Heç kim bu məsələni inkar etmir. Əksinə, bu istiqamətdə xeyli işlər görülür və bundan sonra da görüləcək. Məsələn, bu yaxınlarda Ermənistanın məruzəsi müzakirə olundu. Baxmayaraq ki, Ermənistanda siyasi məhbusların mövcudluğu reallıqdır, məruzədə bu ifadəyə rast gəlinmir. Bununla bağlı biz müraciət edəndə, dedilər ki, onlar Ermənistanla bağlı başqa siyasət aparırlar. BBC: Səməd müəllim, digər tərəfdən Azərbaycanda insan haqları ilə bağlı vəziyyət tənqid olunarkən, bir qayda olaraq Azərbaycan tərəfi ya Qarabağ, ya da ki, Ermənistanla bağlı məsələni qaldırır. Bu, bir taktiki gedişdirmi? S.S.:Birincisi, ən böyük insan haqlarının pozulması halları Qarabağda baş verir. Amma biz yalnız Dağlıq Qarabağın adını çəkmirik. Mən heç bir ölkəni Azərbaycanla müqayisə etmək istəmirəm. Ancaq hər şey göz qabağındadır. Baxmayaraq ki, qonşu ölkələrdə vəziyyət həddindən artıq ağırdır, heç kim bu haqda danışmaq istəmir və 47 ölkənin arasından bir Azərbaycanı seçmək düzgün deyil. İkincisi isə təəssüflər olsun ki, Avropa Şurasında şuranın özü məruzəçilərin və məruzələri hazırlayan insanların girovuna çevrilib. Bilirsiniz ki, Avropa Şurasında bütün vəzifələr seçkilidir. Amma nədənsə, məruzəçilər ömürlük seçilir. BBC: Yəqin ki, söhbət Andres Herkeldən gedir, elə deyilmi?Belə təsəvvür yaranmırmı ki, Azərbaycan hakimiyyəti tənqid edən şəxsləri dostları ilə dəyişməyə cəhd göstərir. S. S.: Əsla yox. Ona görə ki, biz heç zaman tənqiddən qorxmamışıq. Əksinə, tənqid xeyrimizə olan məsələdir və bu inkişafa aparan yoldur. Amma söhbət qeyri-obyektiv yox, konstruktiv və başa düşülən tənqiddən gedir. Mən şadam ki, nəhayət ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri yox, başqa deputatlar da qalxıb " niyə siz bunu yalnız Azərbaycana şamil edirsiniz" deyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar