SON XƏBƏRLƏR

ERMƏNİSTAN-TÜRKİYƏ DANIŞIQLARI YENİDƏN BAŞLAYIR

2021.10.20, 07:36
ERMƏNİSTAN-TÜRKİYƏ DANIŞIQLARI YENİDƏN BAŞLAYIR

Gunaz.tv
İrəvanla danış;qlara başçılıq edən türk diplomatı Bakıdadır Türkiyə və Ermənistan arasında bu ilin aprelində “yol xəritəsi” anlaşmasının əldə edilməsindən sonra dayanan danışıqlar prosesi yenidən başlayır. Türkiyənin “Sabah” qəzetinin xəbərinə görə xarici işlər naziri Əhməd Davudoğlu iyunun 27-də və 28-də Yunanıstanın Korfu adasında Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanla görüşəcək. Görüş ATƏT xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutacaq. Xatırladaq ki, Yunanıstan hazırda ATƏT-ə sədrlik edir. Qəzetin xəbərinə görə Davudoğlu ermənistanlı həmkarına çatdıracaq ki, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə olunmadan “yol xəritəsi”ndə yer alan münasibətləri normallaşdırma planını həyata keçirmək mümkün olmayacaq. Bildirilir ki, Davudoğlu bu günlərdə İstanbulda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşərək Ermənistanla münasibətlər məsələsini Dağlıq Qarabağ münaqişəsi kontekstində müzakirə edib. Bu da Türkiyənin Ermənistanla danışıqları artıq Azərbaycanla uzlaşdırılmış şəkildə aparmaq niyyətindən xəbər verir. Davudoğlu ilə Nalbəndyan arasında görüş eyni zamanda Ermənistan və Azərbaycan prezidentləri arasında gələn ayın əvvəllərində keçiriləcək danışıqlar ərəfəsinə təsadüf edəcək. Məlumata görə Korfu adasında Davudoğlu yenidən Məmmədyarovla görüşəcək. Lakin üç nazirin birgə görüşü gündəmdə deyil. Qəzetin yazdığına görə Türkiyə xarici işlər naziri azərbaycanlı həmkarı ilə görüşü zamanı Qarabağ danışıqlarının nə yerdə olduğu haqda ondan məlumat alıb. Bu görüş sonrasında Ankarada yaranan təəsürat budur ki, münaqişənin nizamlanmasına dair danışıqlarda heç bir ciddi irəliləyiş yoxdur. Bu səbəbdən Davudoğlu Nalbəndyana mesaj verəcək ki, Qarabağ danışıqlarında ciddi irəlişyiş əldə olunmadığı bir vaxtda “yol xəritəsi” anlaşmasında yer alan planı həyata keçirmək çətin olacaq. Bildirilir ki, Davudoğlunun Korfu adasında Rusiya xarici işlər naziri Sergey Lavrov, Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza ilə də ikitərəfli görüşləri planlaşdırılıb. Türkiyə ilə Ermənistan arasında əldə edilən “yol xəritəsi” anlaşmasında iki ölkə arasında sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması da yer alır. Azərbaycan və Türkiyə ictimaiyyətlərinin kəskin etirazlarından sonra Türkiyə hökuməti bu planı həyata keçirməkdən çəkinib. Lakin Ermənistan ABŞ və Avropa Ittifaqı vasitəsilə Ankaraya təsir göstərməyə çalışır. Bu günlərdə erməni mənbələri xəbər yayıblar ki, tərəflər sərhədlərin açılmasına hazır olmasalar da “soyqırım” məsələsinə dair ortaq komissiyanın qurulmasını müzakirə edirlər. Bu müzakirələri Türkiyə xarici işlər nazirinin idarə rəisi Ünal Çeviköz aparır. Erməni mənbələri Türkiyənin bu müzakirələrin gedişində “soyqırım” məsələsinin araşdırılmasının BMT komissiyasına həvalə edilməsi təklifi ilə razılaşa biləcəyinin görüldüyünü də xəbər verib. Lakin “Sabah” qəzeti XİN-dəki mənbələrə istinadən bu məlumatın doğru olmadığını yazır. Bununla belə Ankara “soyqırım” məsələsini araşdırmaq üçün qurulacaq ortaq komissiyaya üçüncü ölkələrin təmsilçilərinin daxil edilməsinə qarşı deyil. Bu çərçivədə Ankara BMT təmsilçisinin də komissiyada yer almasını mümkün sayır. “Bu gün” qəzeti isə Türkiyə XİN-in idarə rəisi, Ermənistanla Cenevrədə aparılan danışıqlar prosesində Ankaranı təmsil etmiş Ünal Çeviközün Bakıda olduğunu xatırladır. Bildirilir ki, Çeviköz Bakıya Ermənistanla münasibətlərin normallaşması prosesinin gələcəyini müzakirə etmək üçün göndərilib. Maraqlıdır ki, Çeviközün Bakıda olması haqda xəbərlər rəsmi qaynaqlar tərəfindən açıqlanmır. Bildirilir ki, bir neçə gün əvvəl Çeviköz İrəvanda da olub. Bu fakt Ankaranın ictimaiyyətləri qıcıqlandırmamaq üçün təmasları yenidən yarıgizli həyata keçirdiyini göstərir. Belə görünür ki, Ankara İrəvanla münasibətləri normallaşdırmaq və sərhədləri açmaq planlarından imtina etməyib. Sadəcə indi bu planlarını Qarabağ məsələsi ilə uzlaşdırmağa çalışır. Ancaq o da qeyd olunmalıdır ki, ABŞ son vaxtlar Ermənistanla sərhədlərin açılması məsələsində Türkiyəyə güclü təzyiq edir. Birləşmiş Ştatların Ankaradakı səfiri Ceyms Ceffri bu günlərdə deyib ki, sərhədlərin açılması məsələsi payıza qədər həll olunmalıdır. Eyni zamanda Vaşinqton Türkiyənin Ermənistanla münasibətlər məsələsini Qarabağ münaqişəsindən ayırmasına nail olmağa da çalışır. Bu məsələdə fəallıq edənlərdən biri kimi amerikalı həmsədr Metyu Brayza da inandırmağa çalışır ki, Qarabağ məsələsində artıq ciddi irəliləyiş əldə olunub və gələn ay prezidentlər anlaşma əldə edə bilərlər. Rəsmi Bakı isə dəfələrlə danışıqlarda heç bir ciddi irəliləyiş olmadığını bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar