SON XƏBƏRLƏR

ALİ BAŞ KOMANDAN SİLAHLI QÜVVƏLƏRİN TƏLİMİNİ İZLƏYƏNDƏN SONRA DEYİB: “APARILAN DANIŞIQLAR HEÇ BİR NƏTİCƏ VERMİR”

2021.10.20, 07:36
ALİ BAŞ KOMANDAN SİLAHLI QÜVVƏLƏRİN TƏLİMİNİ İZLƏYƏNDƏN SONRA DEYİB: “APARILAN DANIŞIQLAR HEÇ BİR NƏTİCƏ VERMİR”

Gunaz.tv
İyunun 24-də Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunların birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilib. Silahlı Qüvvələrin yaradılmasının 91-ci ildönümü münasibətilə keçirilən təlimi prezident, ali baş komandan İlham Əliyev də izləyib. Dövlət başçısı əvvəlcə nümayiş etdirilən hərbi texnika nümunələrlə tanış olub. Ali baş komandana məlumat verilib ki, nümayiş olunan hərbi texnika yüksək standartlara cavab verir və güclü döyüş qabiliyyətinə malikdir. 300 millimetrlik reaktiv yaylım atəşi sistemi uzaq məsafədəki hədəfləri məhv etmək, düşmənin iri bölmələrinin silah və döyüş texnikasına tələfat vermək üçün ən etibarlı və müasir döyüş maşınlarındandır. 203 millimetrlik “Pion” özüyeriyən artilleriya qurğusu isə bu növdə ən güclü sistemə malikdir. 152 millimetrlik 2S3 “Akasiya”, 122 millimetrlik 2S1 “Qvozdika” özüyeriyen artilleriya qurğularının düşmənin artilleriyasını, minaatanlarını, texnikasını, cəmləşmə rayonlarında yerləşən canlı qüvvəsini və idarəetmə məntəqələrini məhv etmək, səhra və uzunmüddətli müdafiə qurğularını dağıtmaq qabiliyyəti var. Əsas döyüş tankı olan T 72 M-1 ən yüksək tələblərə cavab verir, qoşunların manevr imkanlarını və atəş gücünü əhəmiyyətli dərəcədə artırmağa imkan yaradır. ZTR 80 A markalı zirehli döyüş maşını motoatıcı bölmələrin daşınması, onlara döyüş meydanında atəş dəstəyinin verilməsi və bilavasitə döyüşün maşından aparılmasını təmin edir. STOR M-3 - SOFA və ABİR M-462 maşınları ərazilərdə antiterror və təxribat-kəşfiyyat qruplarına qarşı xüsusi əməliyyatlarda istifadə olunur. Uzaq məsafəli kəşfiyyat-müşahidə sistemi böyük ərazilərdə gecə və gündüz avtomatik və əl rejimində müşahidənin aparılması və dəqiq coğrafi koordinatların müəyyən etməyə imkan verir. AzərTAc xəbər verir ki, sonra prezident bölmələrin, hissələrin və silah sistemlərinin döyüş tətbiqi üzrə təlimləri izləyib. Daha sonra ali baş komandan hərbi xidmətdə fərqləndiklərinə və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 91 illiyi münasibətilə bir qrup hərbçiyə qiymətli hədiyyələr verib və çıxış edib. İ.Əliyev bir neçə il əvvəl Müdafiə Sənayesi Nazirliyinin yaradılmasından, onun nəzdində 19 müəssisənin fəaliyyət göstərməsindən, 400 növdən artıq müdafiə təyinatlı məmulat istehsal olunduğundan danışıb. Öz funksiyası olan Sərhəd və Daxili qoşunların Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün lazımi tədbirlərin görülməsində ordu ilə bərabər böyük əməyi ola biləcəyindən danışan prezident orduda ruh yüksəkliyinin lazımi səviyyədə olduğunu, peşəkarlığın artdığını bildirib: “Uzun illərdir torpaqlarımız işğal altındadır. Biz çalışırıq və çalışacağıq ki, məsələni danışıqlar yolu ilə həll edək. Ancaq 15 il ərzində - atəşkəs rejimi bağlanandan sonra aparılan danışıqlar heç bir nəticə vermir. Belə olan halda, təbii ki, biz ordumuzun gücünə güvənməliyik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar