SON XƏBƏRLƏR

Musəvi İrandan çıxıb gedəcəkmi?

2021.10.20, 07:36
Musəvi İrandan çıxıb gedəcəkmi?

Gunaz.tv
Prezidentliyinə namizədin vəkili Əfşar Süleymani ANS PRESS-in suallarına cavab verir İrandan fərqli xəbərlər gəlir və bu xəbərlərin qarmaqarışıq mənzərəsi cənub qonşumuzda vəziyyətin çox gərgin olması təsəvvürü yaradır. Sadə qərb və ya postsovet məkanı insanı İranda kütləvi qətllərin və həbslərin olduğunu düşünür. Bəs, gerçək vəziyyət necədir? ANS PRESS-in əməkdaşı İranın Bakıdakı keçmiş səfiri, prezidentliyə namizəd Mir Hüseyn Musəvinin vəkili Əfşar Süleymani ilə söhbət zamanı bu kimi məsələlərə aydınlıq gətirməyə çalışıb. - İranın dini lideri Seyid Əli Xamneyi bu gün prezident seçkiləri ilə bağlı Tehran universitetində çıxış elədi və yenə də Əhmədinejadı prezident olaraq tanıdı. Onun çıxışını necə dəyərləndirirsiniz? - Bəli, tanıdı. Amma həm də dedi ki, Konstitusiyanı qoruma şurası qoy baxıb-görsün ki, saxtakarlıq varmı, vəziyyət necədir? Yəni, bu məsələ hələ yerində qalır. - Yəni müəyyən qədər dəyişiklik ola biləcəyinə ümid edirsiniz? - Hər halda, şura baxmalıdır. Bəzi sandıqları da açıb namizədlərin nümayəndələrinin gözünün önündə saymaq da olar, başqa məsələlərə də baxıla bilər. Yəni rəhbər (Xamneyi - red.) dedi ki, məsələləri qanun yolu ilə davam etdirin. - Səslərin yenidən sayılması barədə də qərar qəbul edilib. Sizin ümidiniz varmı ki, orada bir daha saxtakarlıq olmayacaq və ya cənab Musəvinin qələbəsini təmin edən nəticə əldə ediləcək? - Hər halda, sandıqlara baxmalıdırlar. Baxsınlar görək, nə deyəcəklər. Nəticəni gözləyirik. - Belə xəbər də yayılmışdı ki, daxili işlər naziri İranın dini lideri Xamneyiə gizli məktub yazıb və orada Əhmədnejada cəmi 12 faiz səs verildiyi vurğulanıb. Belə bir məktubun olduğuna inanısınızmı? - Rəsmən təsdiqləməyiblər. Əgər daxili işlər nazirinin rəhbərə belə bir məktubu vardısa, onu gərək daxili işlər naziri özü təsdiq edəydi. Amma, bəli, belə bir məktub var. - Sizcə, Əhmədinejad nə qədər səs toplayıb? Həmin siyahıda Kərrubinin də səslərinin xeyli artıq olduğu vurğulanır. - Gərək buna baxsınlar. Konstitusiyanı qoruyan şura baxmalıdır. Gərək namizədlərin nümayəndələri ilə birgə baxsınlar, görsünlər ki, səslər nə qədər olub. Biz bunu gözləməliyik. Ondan sonra görək, İnşallah, nə deyirlər. - Bizə belə məlumatlar da gəlir ki, iranlı əsgərlər xarici saytlara məlumat göndərərək «bizi xalqa atəş açmağa məcbur edirlər» sözlərini yazırlar. Bu, gerçəyə uyğundurmu? - Belə bir şey mən eşitməmişəm. Ümumiyyətlə, son bir həftədə aksiyaları gördünüz. Gördünüz ki, on minlərlə, yüz minlərlə insan öz etirazını bildirdi, hakimiyyət də onu gördü və eşitdi. Əlbəttə, belə bir halda, hər bir ölkədə ola bilər ki, bəziləri bundan sui-istifadə etsin. Biz buna şahid olduq, bəziləri istədi ki, aranı qarşıdırsın, atəş açdılar. Amma bu çox kiçik bir iş oldu. Hər halda, bunun qarşısı alındı və icazə verilmədi ki, davam etsin. - Burda belə bir fikirlər yayılır ki, ölü sayı əsilində çoxdur, 60 -70 nəfərdir. Bu, doğrudur? - Hadisələr olanda belə rəqəmlər səslənir, amma dəqiq deyil. İran rəsmiləri də elan etdilər ki, 7-8 nəfər ölüb. O da bu aksiyanın qurtardığı zaman Azadlıq meydanında baş verib. - Təkrar seçkilər keçirilə bilərmi? - Bunu da şuranın səslərə yenidən baxmasından sonra demək olar. İndi namizədlər şikayətlərini veriblər və göstəriş də verilib ki, bəzi sandıqlar yenidən sayılsın. Sonra da namizədlər nəticələrlə tanış edilsin. Razı olub-olmayacaqları isə sonra bilinəcək. İndidən heç nə demək olmaz. - Bizi maraqlandıran bir cəhət isə Azərbaycanda, yəni Musəvinin vətənində, hətta doğulduğu Güney mahalında, Xamnə kəndində seçicilərin ona Əhmədinejaddan daha az səs verməsidir. Bu, nə dərəcədə inandırıcıdır? - Təbii ki, yenidən baxılmalı sandıqların bir hissəsi də həmin zonalardan olmalıdır. Bizdə olan məlumata görə, Musəvinin səsi o zonada daha çox idi. Amma indi fərq azdır. Bir Urmiyada, yəni Qərbi Azərbaycan vilayətində Musəvi birinci yerdədir. Şərqi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərində səslər arasında fərq az idi. Ancaq bizim seçki öncəsi apardığımız araşdırmaya görə, Musəvinin səsləri daha çox olmalı idi. İndi təbii ki, sandıqlara yenidən baxılmalıdır. - Bizi maraqlandıran başqa bir cəhət isə Qərbin, yəni ABŞ-ın və İsrailin İranda baş verənlərə bir az loyal yanaşmasıdır. Sizcə, cənab Musəvi hakimiyyətə gəlsəydi, nüvə obyektlərini qərblilərin üzünə açacaqdımı? - Hər halda, xarici siyasətlə daxili siyasətdə yanaşmalar fərqlidir. İran İslam Cumhuriyyətinin çərçivəsində bu məsələ ortaya çıxır. Fikir ixtilafı var. Təbii ki, bu siyasətin necə aparılması, əlaqələrin necə olması, necə müzakirə edilməsi, bunlar fərqli siyasətlərdir. Cənab Musəvinin baxışı, hətta cənab Kərrubinin də baxışı belə idi ki, xarici siyasətdə milli mənafeyimizi qorumalıyıq, ölkələrlə əlaqələrimizi qarşılıqlı hörmət və qarşılıqlı əməkdaşlıq əsasında qurmalıyıq. Təbii ki, məntiqlə və öz milli maraqlarımızı qorumaqla beynəlxalq sistemi tanımalıyıq. Bu baxış fərqli baxışdır. - İndi cənab Musəvinin özü necədir? Nə düşünür, nə eləmək istəyir? - Cözləyirik. Gözləyirik ki, bu məsələlərə baxılsın ki, cənab Musəvi öz fikrini deyə bilsin. - Rus mətbuatı yazır ki, Əhmədinejad hakimiyyətdə möhkəmlənən kimi Mir Hüseyn Musəvini tutacaqlar. Bu, doğrudur, yoxsa yox? - Bu, cür proqnozlar vermək düzgün deyil. Agayi Musəvini nə üçün tutsunlar? Musəvi İranda tanınmış şəxsdir, İranda böyük hörməti var. Hətta rəhbər də dedi ki, o, səkkiz il baş nazir olub. Belə bir şeyi yazmaqla görünür, rus mətbuatı öz dövlətinin mənafeyini güdür və biz bunu başa düşürük. Daha doğrusu, Kremlin mənafeyini güdür. Kreml istəyir ki, İranda nəsə baş versin və o da bundan qazansın. Rusiya tarix boyu çalışıb ki, İranda su bulansın, onlar da balıqları tutsunlar. Belə bir şey mümkün deyil. Musəvinin arxasında minlərlə insan, İran əhalisi var. Musəvi qanunsuz nə edib ki, onu tutsunlar? Mən belə bir şeyi qəbul edə bilmərəm. - Cənab Süleymani, ruslar həm də yazır ki, Xamneyi deyib ki, seçkilərdən sonra Musəvi ölkəni tərk edib getsin. Buna necə baxırsız? - Bunlar hamısı yanlış söz-söhbətlərdir. Rəhbər burada belə bir şeyi desəydi, biz bilərdik. Rus mətbuatından niyə eşidək ki? Rəhbər də ki, belə bir şeyi deməz. O, heç bir İran vətəndaşına deməz ki, İranı tərk et, o ki, qalmışdı cənab Musəviyə. - Hazırda Musəvi hardadır? Tehrandadır? - Musəvi Tehrandadır. İranda qanun yerinə yetirilmir və bəzi yerlərlə qanun əleyhinə işlər görülür. Onun namizdəliyini verməsinin səbəblərindən biri də bu idi. Musəvi istəyir ki, İranda hər şey qanun, Konstitusiya çərçivəsində olsun. - Mətbuatda belə bir fikir də var ki, İranda gizli türmələr var. Mətbuata bu məlumatları elektron poçtla göndərirlər, bəziləri də İrandan gəlir. Bunlar nə dərəcədə doğrudur? - Bunlar uydurmadır. Əgər birini tutsalar, əvvəlcə məhkəməsi olar və məhbusun sonra yeri də bəlli olar. İndiyə qədər görmüsünüzmü ki, kimisə həbs edələr, amma saxlandığı yer bəlli olmaya? İzləyirsinizsə, gördünüz ki, qadın jurnalist Roksana Saberi əvvəlcə saxlanıldı, sonra məhkəməsi oldu və məhbəsə salındı. Sonra da azad olundu. Türmədə olanların adları da bəllidir, nə üstə yatıqları da. Ola bilər ki, bizim kiminsə həbs olunmasına etirazımız var, bu, başqa məsələdir. Bir sözlə, İranda dediyiniz türmələr yoxdur. - İrandan çox qarmaqarşıqı xəbərlər gəlir. Hətta deiyirlər ki, seçki günü İranda iki məscid partladılacaqmış. Bu, haradasa ideoloji müharibə kimi görünür. Siz bu barədə nə deyə bilərsiz? - İrandakı seçkilərilə bağlı xalq öz narazlığını bildirir və Konstitusiya Şurası da bu məsələyə baxıb, nəticəni deyəcək. Bu, qanuni yoldur. Amma ola bilər ki, hansısa qüvvələr belə vəziyyətdən istifadə etməyə çalışsın. Başqa ölkələrdə belə şeylər ola bilər. Millətin bir hissəsi mədəni şəkildə etirazını bildririr, hətta bəzən sükutla da etiraz edir. Bir də var ki, kimlərsə aranı qarışdırmaq istəyir. Təbii ki, bütün bunlar araşdırılmalıdır. Namizədlər rəqabəti Konstitusiya çərçivəsində aparırlar. Amma yenə də deyirəm ki, ola bilər hansısa kənar qüvvələrdən qaynaqlananlar belə vəziyyətlərdən istifadə edib İranın içərisində təhlükəsizliyi sarsıtmaq istəyirlər. Onların da adətən kimliyi bilinir və tanınır. Seçki kampaniyası dövründə Zahedan şəhərində məscidin partladılmasını yada salın. Hər halda bu işdə başqa ölkələr də kömək edir. Sivil dünyada problem iş və danışıqlarla həll olunmalıdır. Amma biz partlayış, ölüm və itkinin əleyhinəyik. Konstitusiyada söz azadlığı var və İran xalqı Konstitusiyaya səs verəndə əvvəlcə onu oxuyub, sonra səs verib. Biz Konstitusiyaya əməl olunmasını istəyirik. İran xalqının öz hüquqlarını tələb etməyə haqqı var və hakimiyyət də ədalətlə cavab verməlidir. Bu, bizim millətin haqqıdır. Mən burada ideoloji müharibə görmürəm. Ola bilər ki, bu, başqa ölkələrdə olur, amma burada yerimir. Demək olar ki, İran İslam Respublikasının əhalisinin 90 faizi müsəlmandır, İran xalqıdır. Təbii ki, öz hüquqlarına və mənafelərinə uyğun şəkildə insan haqlarını tələb etməyə haqları var. Hakimiyyət də buna baxmalıdır və yer verməlidir. Onların tələblərinə məntiqlə baxıb, müsbət cavab verməlidir. Bu, bizim millətin haqqıdır. Çingiz RÜSTƏMOV /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar