SON XƏBƏRLƏR

İRAN XALQI ÜSYANA QALXIB

2021.10.20, 07:36
İRAN XALQI ÜSYANA QALXIB

Gunaz.tv
Tələbələr Əhmədinejadın ofisini yandırdı; etirazçılarla polis arasında toqquşmalar oldu; ölənlər var İranda prezidentliyə islahatçıların əsas namizədi Mirhüseyn Musəvinin prezident seçkilərinin nəticələrinə etiraz olaraq başlatdıqları misli görünməmiş etiraz hərəkatı davam edir. Müxalifət tərəfdarlarının etirazlarını dini lider ayətullah Əli Xamneyi də sakitləşdirə bilməyib. Bir gün əvvəl Xamneyi cümə namazındakı çıxışında müxalifəti Əhmədinejadın qələbəsini tanıyıb küçələrdən çəkilməyə çağırsa da, Musəvi çağırışa reaksiya verməyib. Musəvi həmçinin Xamneyinin çağırışına baxmayaraq İslam konstitusiyasına Nəzarət Şurasının seçkilərin nəticələri ilə bağlı çağırılan iclasına qatılmayıb. Elan olunub ki, Musəvi tərəfdarları seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq Tehranda yeni dinc nümayiş keçirəcəklər. Prezidentliyə digər islahatçı namizəd Mehdi Kərrubi də Şuranın iclasına qatılmaqdan imtina edib. Xamneyinin çıxışına cavab olaraq Kərrubi bəyan etmişdi ki, o, Nəzarət Şurasına müraciət edəcək. Günün ikinci yarısında toplaşan Nəzarət Şurası seçkilərin nəticələrinə qismən yenidən baxmaq haqda qərar çıxarıb. Qərara əsasən, səslərin 10 faizi yenidən sayılacaq. Lakin şura müxalifətin istədiyi kimi seçkilərin nəticələrinin ləğv olunması və yeni seçkilərin təyin olunmasını istisna edib. Bundan əvvəl dini lider də bildirmişdi ki, Əhmədinejadın qələbəsi şəksizdir və seçkilərin nəticələrinə yenidən baxıla bilməz. Xamneyinin sözlərinə görə, Əhmədinejadla Musəvi arasında 11 milyon səs fərqi var: «Bu qədər saxtakarlıq mümkün deyil, söhbət 200-500 min, hətta 1 milyon deyil, 11 milyon səsdən gedir». Xamneyi onu da bildirmişdi ki, hakimiyyət müxalifət tərəfdarlarının hərəkətlərinə dözmək niyyətində deyil və sərt addımlar atacaq. İran Daxili İşlər Nazirliyi də Xamneyinin göstərişinə uyğun olaraq dünən bəyan edib ki, Tehranda icazəsiz nümayişlərin keçirilməsinə yol verilməyəcək və buna cəhdin qarşısı sərt formada alınacaq. «Mən qeyd etməliyəm ki, ötən həftə keçirilən bütün etirazlar qanunsuz olub. Bu gündən başlayaraq polis istənilən qanunsuz aksiyanın qarşısını sərt və qətiyyətli şəkildə alacaq», - deyə İran polisinin komandan müavini Əhmədrza Radan bildirib. İndiyədək İranda baş verənlərə çox yumşaq reaksiya verən və proseslərə qarışmaq fikrində olmadığını söyləyən ABŞ prezidenti Barak Obama isə ilk dəfə Musəvi tərəfdarlarına dəstəyini ifadə edib. BBC-yə müsahibəsində Obama deyib ki, bütün dünya İran hakimiyyətinin dinc nümayişçilərlə necə davrandığını izləyir və bu İran hakimiyyətinin mahiyyətini bir daha ortaya qoyur. ABŞ prezidenti İranda «ağlagəlməz hadisələrin baş verdiyini» deyib və hakimiyyəti vətəndaşların etirazlarını eşitməyə çağırıb. Obama Xamneyinin çıxışına işarə edərək İran rəhbərliyinin mövqeyinin ciddi narahatlıq doğurduğunu da deyib. Onun sözlərinə görə, hakimiyyət seçki pozuntularını araşdırmaqdansa, dinc nümayişçiləri hədələyir. Ağ Evin mətbuat katibi Robert Gibbs isə deyib ki, İran müxalifəti görünməmiş mərdlik nümayiş etdirir. «Mən hesab edirəm ki, hamı İranda demək olar ağlagəlməyən hadisələrin baş verdiyini izləyir. Cəmi bir həftə əvvəl insanların bu cür mərdlik nümayiş etdirəcəyi heç kimin təsəvvürünə gəlməzdi», - deyə Gibbs jurnalistlər qarşısında bəyan edib. Müxalifətin yeni nümayişinin təyin olunduğu vaxta az qalmış məlum olub ki, keçmiş spiker Mehdi Kərrubi öz tərəfdarlarını küçələrdən çəkilməyə çağırır və aksiyaya qatılmayacaq. Kərrubinin rəhbərlik etdiyi seçki blokunun qərargahından bildirilib ki, onlar mübarizə taktikasına yenidən baxacaqlar və qarşıdurmada maraqlı deyillər. Bundan az əvvəl isə İran televiziyası polis rəisinin şəxsən Musəvi ilə görüşərək onun Tehranda baş verə biləcək qarşıdurmaya görə şəxsən məsuliyyət daşıyacağını bildirib. Daha sonra Musəvinin də dünənə təyin olunmuş aksiyadan imtina etdiyi açıqlanıb. Məlumata görə, indiyədək nümayişlərin təşkilatçısı olan Mübariz Din Adamları Məclisi nümayişi ləğv edib. Məclis müxalifətin sonrakı addımları haqda məlumat vermir. Xarici KİV-lərin Tehrandan verdikləri xəbərlərə görə, polis və təhlükəsizlik qüvvələri, o cümlədən Əhmədinejadı dəstəkləyən yarıhərbi könüllülər dəstəsi «Bəsic»lər müxalifətin nümayişlərini dağıtmaq üçün səhər saatlarından xüsusi hazırlıqlar görürdü. Evlərin damında mülki paltarlı silahlılar yerləşdirilib, mərkəzi küçələrdə xüsusi təyinatlı polis qüvvələri və zirehli texnika gözə dəyib. Bütün bunlar hakimiyyətin nümayişləri silah gücünə dağıtmaqda qərarlı olduğunu göstərirdi və yəqin müxalifət növbəti dəfə qan töküləcəyini görərək geri çəkilib. Lakin istisna deyildi ki, müxalifət tərəfdarları liderlərin çağırışlarına məhəl qoymayaq küçələrə çıxacaqlar. Bu arada Avstriyada Əhmədinejad haqqında yeni kompromat açıqlanıb. İran prezidenti hələ dörd il əvvəl seçkiləri udarkən məlum olmuşdu ki, onun adı Avstriyada 1989-cu ildə kürd müxalifət liderlərinin öldürülməsində hallanır. Belə ki, o vaxtlar İran xüsusi xidmət orqanlarında xidmət edən Əhmədinejad Vyanada müxalifətçiləri aradan götürmək əməliyyatında şəxsən iştirak edib. Dünən isə Avstriya parlamentinin «yaşıllar» partiyasından olan üzvü Piter Pilts deyib ki, Əhmədinejadın həmin cinayətdə iştirakına dair yeni dəlil üzə çıxıb. Onun sözlərinə görə, silah alverçilərinin işi üzrə istintaqda müəyyən edilib ki, dəstənin üzvlərindən biri Əhmədinejada silah satıb. Silah alverçiləri silahları İranın Vyanadakı səfirliyində üç iranlıya təqdim ediblər, onlardan biri, özünü «Mahmud» kimi təqdim edən şəxs isə sonradan İranda prezident olub... Günün sonuna doğru Tehrandan müxalifətin aksiyası ilə bağlı ziddiyyətli xəbərlər gəlirdi. Nümayişin təxirə salındığı haqda yayılan xəbərlərə baxmayaraq axşama doğru müxalifət tərəfdarları Tehran küçələrinə çıxıblar. Bakı vaxtı ilə saat 19 radələrində CNN telekanalının canlı yayımla verdiyi məlumatlara görə, hakimiyyətin qadağasına baxmayaraq İran paytaxtının mərkəzindəki Azadlıq meydanına minlərlə nümayişçi daxil olmağa çalışıb. İnqilab və Azadlıq meydanlarını hər tərəfdən mühasirəyə alan polis qüvvələri bir neçə istiqamətdən yaxınlaşmağa çalışan müxalifət tərəfdarları ilə toqquşmaya girib. Şahidlərin dediyinə görə, nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq olunub, polislər dəyənəklə nümayişçiləri döyüblər. Buna baxmayaraq nümayişçilər küçələrdən çəkilməyib. Müxalifət nümayəndələrindən biri məlumat verib ki, aksiyaya Tehranın ətraf rayonlarından da adamlar qatılır. Şahidlər deyib ki, 3 hissədə toplaşan nümayişçiləri yüzlərlə polis və hərbiçi izləyib. Bir sıra müxalifət qrupları bundan əvvəl hökumətin icazə verməməsini əsas gətirərək bu günə nəzərdə tutulmuş nümayişin təxirə salındığını deyirdilər. Amma müxalifət liderlərindən heç biri bu barədə elə bir bəyanat verməyib. Ən son məlumata görə, güclü toqquşmaların davam etdiyi bir vaxtda imam Xomeyninin Tehrandakı mavzoleyində terror aktı törədilib. «Röyter» agentliyinin məlumatına görə, mavzoleyə daxil olan terrorçu-kamikadze özünü partladıb. Nəticədə o, həlak olub, daha iki nəfər isə yaralanıb. Baş verənlər haqda ətraflı məlumat almaq mümkün olmayıb. Tehranın mərkəzi küçələrində isə müxalifət tərəfdarları ilə polis arasında toqquşmalar səngimirdi. Məlumatlara görə, nümayişçiləri İnqilab və Azadlıq meydanlarına daxil ola bilməyiblər. Lakin tərəfdarlarının qarşısına çıxan Mirhüseyn Musəvi onları Daxili İşlər Nazirliyinin binasına tərəf yönəldib. Nümayişçilərin qarşısını kəsən polis onlara qarşı gözyaşardıcı qaz tətbiq edib. Nazirliyin binasına tərəf yürüş edənlərin on mindən çox olduğu bildirilirdi. Daha sonra etirazçıların Əhmədinehadın ofisini yandırdığı, «Bəsic»lərin nümayişçilərə tərəf atəş açdığı haqda xəbərlər yayılıb. Qəzet çapa gedərkən Tehranın cənubunda hələ atəş səsləri eşidilirdi. Ölən və yaralananlar haqda məlumat var. Musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar