SON XƏBƏRLƏR

Tehranda Musəvi tərəfdarları ilə polis arasında baş vermiş toqquşmada 19 nəfər ölüb

2021.10.20, 07:36
Tehranda Musəvi tərəfdarları ilə polis arasında baş vermiş toqquşmada 19 nəfər ölüb

Gunaz.tv
Bakı – APA. İyunun 20-də Tehranda prezidentliyə islahatçı namizəd Mirhüseyn Musəvinin tərəfdarları ilə polis arasında baş vermiş toqquşma zamanı 19 nəfər ölüb. APA-nın xəbərinə görə, bu barədə CNN iranlı həkimlərə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, digər mənbələr toqquşma zamanı ölən və yaralananlarla bağlı başqa rəqəmlər açıqlayıb. Onların bilgisinə görə, 150-dən çox aksiya iştirakçısı polislə toqquşmanın qurbanı olub. Lakin bu rəqəmlər hələlik rəsmi təsdiqini tapmayıb. Qeyd edək ki, seçkilərdə hazırkı prezident Mahmud Əhmədinejada məğlub olan M. Musəvinin tərəfdarları iyunun 20-də irimiqyaslı etiraz aksiyalarına başlayıblar. Onlar prezident seçkiləri zamanı saxtakarlığa yol verildiyini əsas gətirərək, nəticələrin ləğvini tələb edirlər. Aksiyalarda minlərlə insan iştirak edir. Polis aksiyanın qarşısını almaq üçün su şırnaqlarından, gözyaşardıcı qazlardan istifadə edir, həmçinin havaya atəş açır. Əlavə edək ki, İranda baş verənlər barədə dəqiq məlumat almaq praktiki olaraq mümkün deyil. Çünki qərb teleşirkətlərinin və xəbər agentliklərinin əməkdaşları hadisə yerinə buraxılmırlar. Müxalifət tərəfdarlarının internetə yerləşdirdikləri videogörüntülərdə isə onlarla insanın polisin odlu silahdan açdığı atəş nəticəsində yaralandığını görmək mümkündür. Fransa, Almaniya və ABŞ-da İran müxalifətinə dəstək aksiyaları keçirilir. ABŞ prezidenti Barak Obama isə İran rəhbərliyini nümayişçilərin dağıdılması zamanı güc tətbiq etməməyə, öz xalqına qarşı zorakılıqdan çəkinməyə çağırıb. Xatırladaq ki, müxalifətin etiraz aksiyaları iyunun 12-də keçirilmiş prezident seçkilərinin nəticələri elan olunduqdan sonra başlayıb. İslahatçı namizəd Mirhüseyn Musəvi seçkilərdə qalib gəldiyini, lakin nəticələrin saxtalaşdırılaraq, hazırkı prezident Mahmud Əhmədinejadın qalib elan olunduğunu bildirərək, tərəfdarlarını səslərinin oğurlanması ilə razlışmamağa çağırıb. Keçirilmiş etiraz aksiyaları zamanı polis bir neçə dəfə silah tətbiq edib, nəticədə onlarla insan həlak olub. İranın ali dini rəhbəri Əli Xamneyi başda olmaqla, ölkə rəhbərliyi M. Musəvini aksiyaları dayandırmağa çağırsa da, müxalifət lideri bu çağırışları qəbul etməyərək, sonadək mübarizə aparacağını, lazım gəlsə, bu yolda öləcəyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar