SON XƏBƏRLƏR

MÜSƏLMAN PREZİDENTƏ ERMƏNİ XAÇI

2021.10.20, 07:36
MÜSƏLMAN PREZİDENTƏ ERMƏNİ XAÇI

Gunaz.tv
İrəvanda səfərdə olan Suriya prezidenti Ermənistan üzərindən neft-qaz tranzitini müzakirə edib Xəbər verildiyi kimi, Suriya prezidenti Bəşər Əsəd ilk dəfə Ermənistanda səfərdə olub. İyunun 17-də İrəvana gələn Əsəd iki günlük səfər zamanı ermənistanlı həmkarı Serj Sərkisyan və digər rəsmilərlə, habelə din xadimləri və biznes nümayəndələri ilə görüşlər keçirib. Suriya prezidentinin gələn ay Bakıya da səfər edəcəyi gözlənilir. Bundan əvvəl Suriyanın xarici işlər naziri Valed Muallem onun səfərini hazırlamaq üçün İrəvanda və Bakıda olmuşdu. Ermənistan KİV-lərinin məlumatlarına görə, İrəvana səfər edən digər dövlət başçılarından fərqli olaraq Bəşər Əsəd “soyqırım” abidəsini ziyarət etməyib. Baxmayaraq ki, Ermənistanın dövlət protokoluna görə, bu abidəni ziyarət etmək xarici rəsmi qonaqlar üçün mütləq şərtdir. Mətbuatın yazdığına görə, “soyqırım” abidəsini ziyarət Suriya tərəfinin israrı ilə proqramdan çıxarılıb. Bəşər Əsədin protokol xidməti erməni tərəfinə çatdırıb ki, əgər bu ziyarət proqramda yer alsa Suriya prezidenti səfərdən imtina etməli olacaq. Suriya ilə münasibətlərin inkişafında maraqlı olan erməni tərəfi isə dövlət protokolunun qaydalarını pozaraq bu şərti qəbul edib. Buna baxmayaraq, İrəvanda Əsədi mümkün qədər isti qarşılayıblar. Bütün ermənilərin katolikosu 2-ci Qaregin onu erməni apostol kilsəsinin ən yüksək mükafatı- Müqəddəs Georgi xaçı ilə təltif edib. Eçmiədzindən yayılan açıqlamaya görə, bu mükafat Suriya prezidentinin ermənilərə, Ermənistana və iki ölkə münasibətlərinin inkişafına dəstəyinə görə verilir. Eçmiədzində Bəşər Əsədlə görüşü zamanı Qaragen deyib ki, erməni xalqı 1915-ci il hadisələri zamanı Suriyanın ermənilərə göstərdiyi tarixi dəstəyi heç zaman yaddan çıxarmayacaq. Suriya prezidenti isə ölkəsindəki ermənilərin Suriyanın inkişafında və dirçəlməsindəki rolu haqda danışıb. İrəvanda Serj Sərkisyanla görüşdən sonra keçirilən mətbuat konfransı zamanı Əsəd Dağlıq Qarabağ münaqişəsi haqda ölkəsinin mövqeyini çatdıraraq deyib ki, Dəməşq bütün regional münaqişələrin dinc yolla, xalqların öz müqəddəratını təyinetmə hüququ tanınmaqla həllinə tərəfdardır. Bu zaman Əsəd dövlətlərin ərazi bütövlüyü prinsipinin vacibliyini vurğulamayıb. Məlum olub ki, danışıqlar zamanı Ermənistan üzərindən neft-qaz tranziti məsələləri də gündəmə gəlib. Əsəd deyib ki, Ermənistan və Suriya kiçik ölkələrdir, lakin neft-qaz tranziti üçün əlverişli coğrafi mövqeyə malikdir. “Əlbəttə, Ermənistanla Suriya arasında quru sərhədləri möcvud deyil. Ancaq biz prezident Sərkisyanla Ermənistan-Türkiyə münasibətlərini müzakirə etdik. Bu münasibətlərin normallaşması Türkiyənin, Ermənistanın, Suriyanın və bütün region ölkələrinin xeyrinə olacaq. Eyni zamanda Ermənistan-İran dəmir yolunun tikintisi imkan yaradacaq ki, Ermənistan Fars körfəzinə çıxsın və ərəb ölkələri ilə əlaqələri genişləndirsin”. Əsəd Ermənistan və Suriya üzərindən neft-qaz tranziti məsələsi ilə bağlı detallara varmayıb, ancaq ehtimal olunur ki, o, İran qazının Ermənistan üzərindən Türkiyəyə, oradan isə Suriyadan keçməklə ərəb ölkələrinə nəqli ideyası haqda danışıb. Belə ideya ancaq Türkiyə-Ermənistan münasibətlərinin normallaşması halında baş tuta bilərdi. Buna görə də Əsəd ölkəsinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı olduğunu və buna kömək etmək istədiyini çatdırıb. Suriya prezidentinin İrəvana səfəri və Dəməşqin Cənubi Qafqaz regionunda fəallıq göstərməsi Ankara-İrəvan yaxınlaşması perspektivləri ilə bağlı regionda yarana biləcək yeni situasiyadan irəli gəlir. Ermənistan üçün müsəlman ölkəsi və İslam Konfransı Təşkilatının üzvü olan Suriya ilə yaxın münasibətlərin əhəmiyyəti böyükdür. Suriyada güclü erməni lobbisi var və o Dağlıq Qarabağda işğal əməliyyatları zamanı erməni ordusuna hərtərəfli kömək göstərib. Ancaq Suriya islam ölkəsi kimi İKT toplantılarında Azərbaycanın ərazi bütövlüyünə dəstək verir. İrəvanda isə Bəşər Əsəd Qarabağ münaqişəsi ilə bağlı neytral görünməyə çalışıb, ancaq dolayısı da olsa ermənilərin mövqeyinə dəstək verib. Əsədin Bakıya səfərindən əvvəl Suriyanın düşməni sayılan İsrailin prezidenti Bakıda səfərdə olacaq. Belə görünür ki, Əsədin səfəri təsadüfən Şimon Peresdən sonraya salınmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar