SON XƏBƏRLƏR

Sərhəddə əsgərimizi öldürən cinayətkarlar radikal dini qruplaşmanın üzvləri olublar

2021.10.20, 07:36
Sərhəddə əsgərimizi öldürən cinayətkarlar radikal dini qruplaşmanın üzvləri olublar

Gunaz.tv
Azərbaycan-İran sərhədində baş verən silahlı insidentin bütün təfərrüatları məlum olub. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, insident Azərbaycan-İran sərhədinin Cəlilabad rayonunun Əsədli kəndi ərazisindən keçən hissəsində baş verib. Ərazidə növbə çəkən sərhədçilər iki nəfərin Azərbaycan-İran sərhədini qanunsuz olaraq keçmək istədiyini müəyyənləşdiriblər. Onlara əvvəlcə şifahi xəbərdarlıq edilib, lakin sərhəd pozucuları xəbərdarlığa məhəl qoymayıblar. Hər iki şəxsin əlində əl qumbarası olub, onlar sərhədçiləri hədələyərək İran sərhədi istiqamətində çəkilməyə başlayıblar. Bunu görən sərhədçilər xəbərdarlıq atəşi açmağa məcbur olublar. Atəşdən sonra əvvəlcə sərhəd pozucularından biri, sonra isə digəri əlindəki qumbaranı partladıb. Partlayış nəticəsində hər iki sərhəd pozucusu və Sərhəd Dəstəsinin əsgəri, 1990-cı il təvəllüdlü İsgəndərov Elton Xaləddin oğlu həlak olub, sərhəd qoşunlarının zabiti, mayor Vəzir Əkbər oğlu Qafarov isə ağır yaralanıb. Sərhəd pozucularının şəxsiyyəti artıq müəyyənləşib. Bunlar Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Sadiq Vaqif oğlu Həşimov və 1981-ci il təvəllüdlü, Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Ramin Ramiz oğlu Məmmədovdur. Cəsədlərə baxış keçirilən zaman onların üzərində kompas, dini kitablar və “flash-kart”lar aşkarlanaraq götürülüb. Öldürülən şəxslərin saqqallı olması, saatları sağ qollarına bağlaması kimi əlamətlər sərhəd pozucularının hansısa radikal dini qruplaşmanın üzvü olduğu ehtimalını irəli sürməyə əsas verir. Füzuli rayonundan olan sərhəd pozucusunun evinə yaşadığı evə keçirilən baxış zamanı da çoxlu sayda dini ədəbiyyat aşkarlanıb. Hazırda faktla bağlı Cəlilabad rayon prokurorluğunda cinayət işi başlanıb, hadisənin sərhəddə baş verdiyini nəzərə alaraq cinayət işinin yaxın günlərdə hərbi prokurorluğa veriləcəyi gözlənilir. Qeyd edək ki, sərhəddə silahlı insident zamanı həlak olan Sərhəd Dəstəsinin əsgəri, 1990-cı il təvəllüdlü İsgəndərov Elton Xaləddin oğlu dünən doğulduğu Samux rayonu, Əhmədbəyli kəndində dəfn edilib. Onun dəfnində rayon rəhbərliyi və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak edib. Elton İsgəndərov 2008-ci ilin oktyabrında Samux rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar