SON XƏBƏRLƏR

QARABAĞ MÜNAQİŞƏSİNƏ MÜASİR DÜNYA SİYASƏTİ KONTEKSTİNDƏ BAXIŞ

2021.10.20, 07:36
QARABAĞ MÜNAQİŞƏSİNƏ MÜASİR DÜNYA SİYASƏTİ KONTEKSTİNDƏ BAXIŞ

Gunaz.tv
N.Novruzov qaya.azeriblog.com “Qarabağın taleyi necə olacaq?”-bunu hələ heç kim dəqiq bilmir. Münaqişənin gündəmə gətirilməsindən 21 il ötür, lakin tərəflərdən heç biri aydın bir mövqe nümayiş etdirə bilmir(?!) Səbəb isə yanaşma aspektindən asılı olaraq sadə və mürəkkəbdir. Münaqişənin sadə duşuncə tərzi ondan ibarətdir ki, suni “Dağlıq Qarabağ” adı altında olan ərazilər də daxil olmaqla Qarabağın Azərbaycana məxsusluğu münaqişənin həll edilməsinə qarışan dövlətlərin hamısına məlumdur. Münaqişə üzərində mürəkkəb düşüncə tərzi isə onu ehtiva edir ki, işğala məruz qalan Azırbaycandan və onu reallıq baxımından dəstəkləyən qardaş Türkiyədən başqa digər dövlətlər tarixi həqiqətləri saxtalaşdıraraq və özlərinin çirkin siyasətlərini yeritmək üçün əsası olmayan suni, qeyri-elmi tarixi həll prosedurasını irəli sürüb ədalətsizliyə ədalətlilik donu geyindirərək haqqı boğmağa çalışırlar. Nəticə isə göz qabağındadır: 1994-cü ildən başlayaraq (guya) aparılan “sülh yolu ilə həll” danışıqlarının heç bir nəticəsi yoxdur və bu yaxın zamanlar üçün də nə isə bir sonluq gözlənilmir. Nəticəsi görünməyən danışıqların mühüm xarakteristikası isə ondan ibarətdir ki, münaqişə artıq Qafqaz uğrunda hökmran güclərin apardığı siyasi mübarizənin kulminasiya nöqtəsinə yüksəlib. Mübarizənin məqsədlərinə aşağıdakı məsələlər daxildir: -Regionun təbii sərvətlərinə nəzarəti tam ələ keçirməklə dünyadakı nüfuzunu artırmaq. -Rusiya üçün Qafqazda hökmranlığını bərpa etməklə malik olduğu imperiyanın ömrünü uzatmaq və dünya siyasətinə təsir gücünü saxlamaq, Qərb üçün Qafqazı nüfuz dairəsinə salmaqla Rusiyanı nisbətən zəiflətmək və Asiyada hökmranlığını artırmaq. Region üzərində siyasi çarpışmalar get-gedə güclənir. Hər iki tərəf üçün qarşıya qoyulan məqsəd dövlət strategiyasının xarici siyasət istiqamətində prioritet məsələsinə çevrilib. Moskva əlində olan bütün iqtisadi, siyasi, mənəvi və “zor” üsullarından istifadə edərək münaqişənin dominantı statusunu saxlamağa çalışır. Kreml siyasətçilərinə tam aydındır ki, Rusiya Qafqazı itirməklə federasiya subyektlərinin müstəqillik tələblərindən yaxasını kənara çəkə bilməyəcəkdir. Ancaq rus siyasətçiləri özlərinin ənənəvi “mujik” anlayışlarından hələ də qurtulmayıblar. Sivil və bərabərhüquqluluq əsasında siyasət yeritmək əvəzinə siyasi “məcburetmə”nin tətbiqi qonşu dövlətlərin bu ölkədən virtual uzaqlaşmasının əsas mənbəyidir. Qərb siyasətçilərinin mövqeyində isə ümumi olan bir məsələ var:hər necə olur-olsun Qarabağ münaqişəsinin həlli erməniləri təmin etsin. Ermənilərin arzusu isə qətidir:Qarabağ onların olmalıdır. Lakin Qərbin taktikasında ciddi qüsurlar olduğundan “qaş düzəltdiyi yerdə vurub gözünü tökür” məsəlinin nəticəsindən uzağa gedə bilmir. Çünki, “Qərb” anlayışının özü iki komponentdən-Amerika Birləşmiş Ştatları və Avropa Birliyindən ibarətdir. Bu iki gücün məqsədcə strateji ümumiliyinin daxili nüansları kifayət qədərdir. Bu isə ilk növbədə özünü Amerika-Rusiya və Avropa –Rusiya münasibətlərinin xarakterində göstərir. ABŞ münasibətləri daha çox siyasi ambisiyalar mövqeyindən qurursa, Avropa üstünlüyü iqtisadi maraqlara verir və həm Amerikanın, həm də Rusiyanın mövqeyində özünə dayaq nöqtələri axtarır.Elə bu cəhət Avropanın siyasətində ikili standartlara “yaşıl işıq” yandırır. Qarabağ münaqışəsinin həllinə qatılan siyasi qütblərin belə mövqeləri fonunda Türk dünyasının mühüm atributuna çevrilmiş bu düyünə dünyadakı mövcud iqtisadi durumun kəskinləşməsi də ciddi təsir edir. Dünya iqtisadiyyatında yanacağa, konkret olaraq neft və qaza olan tələbatın artması siyasi nüfuz uğrunda mübarizəni daha da kəskinləşdirib. Zəngin yanacaq ehtiyatlarının iri ixracatçısı olan Rusiyanın bu əsasda ambisiyaları xeyli artıb və bu amil onun xarici siyasətinin üzvi hissəsinə çevrilib. Lakin Qafqazdan keçən alternativ yanacaq marşrutu Kremlin yolunun üstündə ən ciddi maniədir. Qarabağ münaqişəsinin həllində düyünün əsas halqası da bu nöqtədə yerləşir. Çünki: 1. Alternativ marşrutun başlıca ərazisi Azərbaycan sahəsidir. 2. Azərbaycan bu amili işğal altında olan torpaqlarının azad edilməsi ilə bağlayır. 3. Münaqişənin dominantı olan Rusiya Azərbaycanın tələbini yerinə yetirə bilmir, çünki belə olan təqdirdə Ermənistanın Rusiya forpostluğunu Qərb forpostluğuna dəyişməsi üçün real zəmin yaranır ki, bu da onun strateji maraqları ilə kəskin ziddiyyət təşkil edir. 4. Qərb alternativ xəttə üstünlük verməklə 3 məqsədə nail olmaq istəyir:1) Yanacağa olan tələbatını ödəmək; 2)Rusiyanın asılılığından qurtulmaq; 3)Azərbaycanı Rusiyanın bütünlüklə işğalından qorumaqla əslində Qafqazda öz yerini möhkəmləndirmək; Dünya iqtisadi və siyasi güclərinin Qarabağ münaqişəsi ətrafında qurduqları konsepsiyanın ümumi mənzərəsi bu cür görünür. Məsələ burasındadır ki, münaqişənin real (zərərçəkən) tərəfi olan və real (işğalçı) tərəfi rolunda çıxış edən Ermənistan danışıqlar prosesində ikinci dərəcəli mövqedə qalıblar. Əslində BMT və əksər dövlətlər, o cümlədən Avropa Birliyi tərəfindən işğalçı qismində tanınan Ermənistana hadisələrin bu cür cərəyan etməsi sərf edir. Ermənilər dövlətçilikdən və müstəqillikdən çox uzaq, əlaltı bir qurum olduqlarını yaxşı anlayırlar. Bu hüquqsuzluğun təsəllisini isə, görünür ki, hər cür çirkin metoddan istifadə edib Qarabağı erməni torpağı kimi təsbit etməkdə görürlər. İşğala məruz qalan və danışıqlar dövründə daim iri dövlətlərin məngənəsində sıxılan Azərbaycanın vəziyyəti daha gərgindir. Sülh danışıqları adı altında indiyə qədər yalançı vədlərlə ovundurulan Azərbaycanın səbri daha tükənmək üzrədir. Bu göstərici Azərbaycan iqtidarı tərəfindən Minsk qrupunun və onun həmsədrlərinin ünvanına səslənən narazılıqlarda öz əksini tapıb. Narazılığı yaradan motivlər kifayət qədər güclüdür və tarixi sənədlərdə təsbit olunduğundan heç cür təkzib edilə bilməz. Bunlar hansılardır: -Ermənistanın Azərbaycan torpağını ilhaq etməsinin əksər dövlətlər tərəfindən təsdiq olunmasına baxmayaraq, işğalçı dövlətə heç bir sanksiyanın tətbiq edilməməsi; -Hər hansı münaqışə ocağının ləğvi üçüm heç bir hüquqi bazaya və statusa malik olmayan Avropa Şurasının məsələnin hüquqi statusa malik Birləşmiş Millətlər Təşkilatı çərçivəsində həllinə mane olması; -“Minsk qrupu” adlanan yararsız qrupun ABŞ, Fransa və Rusiyadan olan həmsədrlərinin elmə indiyədək məlum olan mühakimə tərzlərindən nə məntiq nəzəriyyəsinə, nə nisbilik, nə də qeyri-səlis məntiq və hətta ikiqat qeyri-səlis məntiq nəzəriyyəsinə sığan “ərazi bütövlüyünün qorunması və millətlərin öz müqəddəratını təyinetmə hüququ” kimi cəfəng formul üzərində israr etməsi və s.; Məhz, məsələyə ədalətsiz yanaşmadan doğan bu motivlər həm də Azərbaycana edilən təzyiqləri sübut edir. İndiyə qədər bütün geriləmələr nəzərə alınmaqla bu təzyiqlərə davam gətirməsi Azərbaycan iqtidarının tərəflər arasında balanslı xarici siyasət yeritməsi nəticəsində mümkün olmuşdur. Lakin həmsədrlərin sevə-sevə əzbərlədikləri “sülh danışıqları”nın limiti artıq tükənib. Çünki, kartlar açılıb, niyyət və məqsədlər açıq-aydın Azərbaycanın ziddinədir. Üstəlik, ədalət naminə Azərbaycanın yanında olan Türkiyə Respublikasının ondan uzaqlaşdırılması üçün real addımlar atılır, Ermənistanla sərhədləri açmaq üçün Türkiyəyə təzyiqlər olunur, şərtlər irəli sürülür. Hətta Avropa Birliyi adından Fransa Qarabağ və sərhəd açılması məsələlərinin bir-birindən ayrılması iddiasında bulunur. Yenə də həmin ölkədən həmsədr vəzifəsini yerinə yetirən Bernar Fasyenin bu münaqişəni 60 ildən çox uzanmış Yaxın Şərq problemi ilə müqayisə etməsi və “bu münaqişənin Fələstin-İsrail münaqişəsindən daha tez həll olunmasını arzuladığını” bildirməsi göstərir ki, regionda strateji maraq güdən dövlətlər də sülh danışıqlarının absurdluğunun tam aşkarlanması səbəbindən hadisələrin onların nəzarətindən çıxa biləcəyi sarıdan ciddi narahatlıq keçirirlər. Münaqişənin tarixində elə bir məqam yaranıb ki, artıq onun həllinin labüdlüyü ortaya çıxıb. Ancaq bunun üçün ilk növbədə münaqişə tərəfləri yox, onun həllinə qoşulanlardan hansı tərəfsə həm ambisiyalarından, həm də strateji hesab etdiyi mövqedən geri çəkilməlidir. Yəni, ya Qərb, ya da Rusiya öz strategiyasında və mövqeyində düzəlişlər etməyə məcburdur. Tarix çoxdan sübut edib ki, belə məqamlarda mövqelər özxoşuna əldən verilmir. Yaranmış situasiyada nəzərəçarpan cəhət odur ki, bir sıra ölkələr (məsələn, Almaniya, İKT ölkələri və s.) Azərbaycanın haqlı olmasını müxtəlif səviyyələrdə rəsmi şəkildə etiraf edirlər. Bu səbəbdən hazırkı yaranmış şərait Azərbaycanın da yeni taktiki varianta keçməsi üçün müvafiq siyasi stimul yaradır. Yeni variant dedikdə siyasi zor və münaqişənin yeganə aksiom həll şərti kimi müharibə nəzərdə tutulur. Əslində “siyasi zor” müharibənin debütü anlayışına gəlir. Yəni, Azərbaycan öz haqqını qorumaq baxımından qətiyyətliliyini təzyiq müstəvisinə qədər yüksəltməli və açıq surətdə iqtisadi (neft və qaz müqavilələri) və siyasi ( beynəlxalq mövqe) təhdidlərdən yararlanmalıdır. Əks halda özü belə təhdidlərə məruz qalacaqdır. Neçə illərdir ictimaiyyət tərəfindən gözlənilən “Qarabağ Konsepsiyası” da yaranmış hazırkı vəziyyətdə son dərəcə aktual sənəd ola bilər. Yəni, Azərbaycan bir dövlət kimi bu məsələ üzrə məqsəd və şərtlərini açıq və yekun olaraq bildirməklə öz nüfuzunu artırar, həm də münaqişə üzərində tarixi və mənəvi dominantlığa yeganə haqqı olan ölkə olduğunu əlaqədar tərəflərin nəzərinə qəti şəkildə çatdırmış olar. Çünki, nəticə verəcək addımların atılması vaxtı gəlib çatıb, sonra birdəfəlik gec olar. P.S. Qəribədir ki, tərəflərin bu ayın əvvəlində Sank-Peterburq görüşündən sonra erməni nazir Nalbəndyan tərəqqidən danışır, Azərbaycan yetkililər isə yerində saymaqdan. Bu arada isə xəbər yayılır ki, gələn ay ABŞ, Rusiya, Fransa prezidentlerinin Ermənistan və Azərbaycan prezidentlərinin iştirakı ilə görüşü gözlənilir. Onda təbii sual doğur: Amerika və Rusiya kimi ambisiyalı prezidentlər ortada razılıq olmasa, boş yerə bir araya gələrmi? Yaxud Ermənistan tərəfinin danışıqlarda “tərəqqi” sevinci nə deməkdir? Bəs, Azərbaycan tərəfinin son vaxtlar göstərdiyi qətiyyətlilik atributu? Nə isə... ağlabatan söhbət deyil... baksam

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar