SON XƏBƏRLƏR

İran adlanan yerdə prezident yox, sistem dəyişməlidir

2021.10.20, 07:36
İran adlanan yerdə prezident yox, sistem dəyişməlidir

Gunaz.tv
"Xamneyi də türkdür, ondan millətimizə nə xeyir gəlib ki, prezident Musəvi olduqdan sonra nəsə yenilik baş versin?" Dünən "Trend" Mətbuat Mərkəzində Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia İranda iyunun 12-də keçirilmiş prezident seçkisi və onun nəticəsi, qonşu ölkədə cərəyan edən son hadisələrlə bağlı mətbuat konfransı keçirdi. Tədbiri DAK həmsədri Sabir Rüstəmxanlı açaraq bildirdi ki, son günlər İranda gedən proseslər dünyanın diqqət mərkəzindədir: "Güney Azərbaycandakı hərəkatçılar vasitəsilə İrandakı durumla tanış olmuşuq. İran bu gün 1979-cu ildən sonra ciddi bir dövr yaşayır. Qonşu ölkədə gedən proseslər isə bizi narahat etməyə bilməz. Çünki İranın yarısı türkdür və orada baş verən hadisələrin də regiona təsiri var. Hazırda İranda seçkini yenidən keçirməklə bağlı çağırışlar var. Mirhüseyn Musəvinin türk əsilli olduğu bildirilir. Turqut Ancaq bir fakt da qeyd olunmalıdır ki, Güney Azərbaycan Milli Hərəkatı hakimiyyət uğrunda mübarizəyə qoşulmur. Çünki soydaşlarımız fars şovinist rejiminin niyyətini yaxşı başa düşür". O, İranda seçkidən sonra xarici KİV-lərin fəaliyyətinə ciddi maneələr törədildiyini deyib: "İndi məlumatları yalnız rəsmi mətbuat vasitəsilə almaq mümkündür. Seçkidən əvvəl süni demokratik ab-hava yaradılsa da, seçki sonrası ilk etiraz səslənən kimi rejimin mahiyyəti özünü göstərdi. İranda Mahmud Əhmədinejadın prezident olmasını istəmirlər. Güman olunurdu ki, seçkiləri Mirhüseyn Musəvi udacaq. Belə olan halda nəticə elan olunanda ciddi narazılıq yaradıb". DAK-ın digər həmsədri Firidun Pərviznia isə dedi ki, 30 ildir İranda eyni siyasət yürüdülür: "Guya ölkədəki qüvvləri islahatçı və mühafizəkar olmaqla iki qütbə bölüblər. Ancaq hər ikisinin də mahiyyəti eynidir, yəni sonucda 1979-cu ildə Ruhulla Xomeyninin əsasını qoyduğu sistemə xidmət edirlər. Ona görə də İranda hətta hakimiyyətə türk əsilli şəxs gəlsə belə, bu, türklər üçün heç nə vəd etmir. Bu baxımdan Əhmədinejadın, yaxud Musəvinin hakimiyyətə gəlməsinin Güney Azərbaycandakı soydaşlarımız üçün fərqi olmayacaq. Axı Xamneyi də türk əsillidir. Ondan millətimizə indiyədək nə xeyir gəlib ki, prezident Musəvi olduqdan sonra nəsə bir yenilik olsun? Bizim millət azadlıq istəyir. Diktatura rejimi isə heç vaxt islahata getməz. Ancaq Azərbaycan türkləri yalnız sivil yolla mübarizə aparır. Bu gün Təbrizə, Ərdəbilə, Tehrana ordu yeridilib. Bəluçistanda, Xuzistanda rejimə qarşı savaş gedir. Bu rejim nəhayət böyük zərbə alacaq. Ancaq bir az zaman lazımdır". Onun sözlərinə görə, İranda hakimiyyətə kimin və hansı millət gəlməsinin fərqi yoxdur, bu ölkədə sistem dəyişməlidir: "Ona görə də soydaşlarımız İrandakı proseslərə qoşulmamaqla düzgün mövqe tutdu. Biz də DAK olaraq Güney Azərbaycan türklərinin mənafeyinə xidmət edən siyasəti dəstəkləyirik". DAK həmsədrlərinin Güney Azərbaycan məsələsi üzrə müşaviri Cavidan Elbars vurğuladı ki, Mirhüseyn Musəvi 30 ilə yaxındır cinayətkar rejimə xidmət edən bir adamdır. İndiyədək də Təbriz bütün mübarizələrin başında dayanıb, ancaq heç bir nailiyyət əldə olunmayıb. Ona görə də indi soydaşlarımız gözləmə mövqeyində dayanıb. Onun sözlərinə görə, hazırda Təbrizə basqı güclüdür, şəhərə əlavə qüvvələr gətirilib, toqquşmalarda xeyli ölən və yaralananlar var, mətbuata qadağa qoyulub, daxildən məlumat bayıra çətinliklə sızır, xəsarət alan soydaşlarımız belə sonrakı taleyini nəzərə alaraq xəstəxanalara müraciət etmirlər. DAK Məşvərət Şurasının sədr müavini Əli Hacı Ağaevli bildirdi ki, İran bu seçki oyununu çoxdan hazırlayıb. Ona görə də qeyri-fars millətləri bundan yararlanmalıdır: "Yəni Azərbaycan türkləri, bəluclar, ərəblər indiki situasiyadan istifadə edərək ayağa qalxmalı, öz azadlıqlarını əldə etməlidilər". DAK Nəzarət-Təftiş Komissiyasının sədr müavini Babək Tağızadə isə təşkilatın yaxın gələcəkdəki görəcəyi işlərə toxundu: "Yaxın zamanda DAK-ın rəsmi internet səhifəsi olan www.D-A-K.org -un ərəb qrafikalı əski Azərbaycan əlifbası və fars bölməsi fəaliyyətə başlayacaq. Bunda məqsəd Güney Azərbaycan türklərini hərtərəfli məlumatlandırmaq və onların haqq səsini dünya ictimaiyyətinə çatdırmaqdır. Bundan əlavə, DAK Gənclər Təşkilatının da rəsmi internet səhifəsi açılacaq". DAK İdarə Heyətinin üzvü Səftər Rəhimli dedi ki, 200 ildir millətimizə qarşı tarixi ədalətsizlik var və 40 milyona yaxın Azərbaycan türkü bütün milli-mədəni hüquqlarından məhrumdur: "Hesab edirəm ki, İranda də bütün millətlərə azadlıq verilməlidir. Yalnız bununla bölgədə sabitliyə nail olmaq olar. Necə ki, keçmiş Yuqoslaviya parçalandı və onun tərkibindəki bütün millətlər azadlıq əldə etdi. Nəticədə bölgədə sabitlik yarandı, həmin millətlər, dövlətlər indi bir-birilə sülh şəraitində yaşayır. Eynilə İranda də fars öz tarixi ərazisində müstəqil dövlətini qura bilər. Azərbaycan türkləri, bəluçlar, ərəblər azadlıqlarını əldə edə bilərlər. Bölgənin sabitliyi üçün bu mütləq baş verməlidir". Tədbirin sonunda DAK-ın İrandakı vəziyyətlə bağlı bəyanatı oxundu. Sənəddə bildirilir ki, DAK İranda prezident seçkisi ərəfəsində verdiyi bəyanatda indiki şəraitdə bu ölkənin normal demokratik seçki keçirməyə qadir olmadığını, zahiri alternativlik, mətbuat debatları və azad seçki görüntüsü altında mövcud fars şovinizminə xidmət edən bir oyunun oynanıldığını bildirmişdi: "Seçki İranda hakimiyyət uğrunda mübarizənin bütün gizli və açıq cəhətlərini, antixalq və antiislam mahiyyətini bir daha üzə çıxardı. İrandakı proseslərin bölgənin gələcək taleyi üçün əhəmiyyətli olduğunu nəzərə alan hər kəs burada baş verənləri narahatlıqla izləyir. Mitinqlərdə ölənlərin, yaralananların olması, bir çox hüquq müdafiəçisinin və seçki fəalının həbs edilməsi, kütləvi informasiya vasitələrinin prosesləri işıqlandırmasına yol verilməməsi seçkiöncəsi namizədlərin milli hüquqlar haqqında verdikləri vədləri puça çıxarmış və rejimin əsl mahiyyəti görünmüşdür. İranı bürüyən kütləvi mitinqlər təkcə seçkinin nəticələrilə bağlı deyil, bu, mövcud idarəetmədən, o cümlədən İrandakı millətlərə müxtəlif standartlarla yanaşmadan, assimilyasiya siyasətindən, mənəvi işğalçılıqdan boğaza yığılmış xalqın səbr kasasının daşmasıdır. Xalq bu şəkildə yaşamaq istəmir. Seçki bu həqiqəti bir daha üzə çıxartdı. Kütləvi narazılıqlar İrandakı millətlərin əsarət və cəhalətlə barışmayacağını göstərməklə, 1979-cu il inqilabından sonra ən böyük etiraz dalğasıdır, dünya ölkələrini qeyri-legitim hakimiyyəti qəbul etməməyə çağırışdır və ölkədə demokratiya uğrunda mübarizənin tərkib hissəsidir. DAK bu mübarizənin sivil şəkildə, demokratik prinsiplər əsasında getməsini istəyir, bu yolda soydaşlarımıza və İrandakı bütün millətlərə uğurlar arzulayır, ölkənin mövcud hakimiyyətini dinc əhaliyə qarşı repressiyalardan əl çəkməyə çağırır".xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar